Sizin reklam burada
Sizin reklam burada

Zəngəzuru tanıyaq və tanıdaq (beşinci məqalə)

Zəngəzuru tanıyaq və tanıdaq (beşinci məqalə)Musa Urud,
millət vəkili

Zəngəzur qədim dövrdə: abidələr, əsatirlər
Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan
Zəngəzur dəhlizi keçəcəkdir.
İlham Əliyev

Qafqazın dünyada ən qədim insan məskənlərindən biri olması elmi fakt kimi çoxdan təsdiq olunmuş tarixi həqiqətdir.
İbtidai insanlar yaşayış yerləri seçərkən qida və su mənbələrinin bolluğunu, həyatın təhlükəsizliyini, xüsusilə, digər icmaların hücumlarından müdafiə imkanlarının genişliyini, yayın istisindən, qışın soyuğundan, yazın və payızın şiddətli yağışlarından qorunmağı mümkün edən təbii şəraiti nəzərə alırdılar.
Belə şərait üçün isə ən əlverişli yer dağlıq və dağətəyi ərazilər sayılır. Təbii istehkamların - kaha və mağaraların, gizlənməyə və daldalanmağa etibarlı səngər rolu oynayan nəhəng qayaların, meyvə və giləmeyvələrlə dolu meşələrin, gur bulaqların və dumduru çayların bol olduğu Zəngəzur ərazisi bu mənada ilk insanların məskunlaşması üçün ən əlverişli regionlardandır. Ona görə də, bütün kiçik Qafqaz sıra dağlarının ətəkləri kimi Zəngəzur silsiləsi də ilk insan məskənlərindən sayılır.
Zəngəzurun ilk insan məskənlərindən olmasını sübut edən tarixi abidələr, arxeoloji tapıntılar kifayət qədərdir. Bunların bəziləri haqqında ətraflı danışmağı lazım bilirik. Çünki, Azərbaycan oxucusunun Zəngəzurun qədim tarixi haqqında bilgiləri ya çox cüzi, ya da yox dərəcəsindədir.
Sisyan rayonunun Şəki kəndinin iki min ilə yaxın və bəlkə də daha çox yaşı vardır. Şəki sözü eramızdan əvvəl VII əsrdə Qafqaza gəlmiş sak (saqat) türk boyunun adı ilə bağlıdır. Ötən əsrin 40-50-ci illərində Şəki kəndində tapılan qayaüstü şəkil abidələri-petroqliflər Zəngəzurun qədim tarixinə bir daha işıq saldı.
Şəki qayaüstü təsvirləri. Sisyan rayonunun Şəki və Saybalı (1946-cı ilədən Sarnakunk) kəndlərinin yaylaq yerləri sayılan (dəniz səviyyəsindən 3000-3300 m. hündürlükdə yerləşən) Dəvəboynu və Təgəzür dağlarında iri sal qayalar üzərində müxtəlif quş, heyvan, ox, kaman şəkilləri cızılmış bu qayaüstü rəsmlər eyni ilə Qobustan və Gəmiqaya abidələrinin oxşarıdır. Bu abidələrin təxminən eradan əvvəl IV-V minilliyə aid olması güman edilir.
Qeyd etmək lazımdır ki, Şəki kəndindəki qayaüstü şəkillər Naxçıvandakı Gəmiqaya təsvirləri ilə, Kerç yaxınlığındakı Küloba kurqanındakı qayaüstü şəkillərlə, Qazaxıstan, Sibir-Altay, Urmiya, Volqa ətrafı və s. yerlərdə tapılmış, türk soyu, türk kökəni, türk totemi ilə bağlı abidələrlə oxşardır.
Türk tayfalarının ən qədim inanclarından biri (onqon) tibet öküzüdür və həmin şəkil Şəki qayaüstü təsvirlərində öz əksini tapmışdır. Eradan əvvəl IV-III minilliklərdə tunc dövründən dəmir dövrünə keçid türkdilli xalqlardan başlayıb və onların ilk dəmir aləti kimi işlətdikləri ox ucluqları olubdur ki, həmin dəmir uclu oxların qayaüstü təsvirləri Şəki abidələrində bu günümüzə gəlib çıxmışdır.
Şəki qayaüstü təsvirlərindən danışarkən qeyd etmək lazımdır ki, həmin dövrə aid petroqliflərə Zəngəzurda çox yerdə rast gəlinir. Urud kəndində Gığı dərə deyilən yerdə 4-5 iri sal qaya üzərində eyni ilə belə öküz və at təsvirləri var idi. Eyni zamanda Qafan və Meğri rayonlarında da tədqiq edilməmiş qədim dövrə aid qaya üstü təsvirlərin olması barədə məlumatlar vardır.
Nüvədi kitabələri. Zəngəzurun qədim insan məskəni olmasını, bu insanların mənşəcə kimliyini bir daha təsdiq edən qiymətli maddi abidələrdən biri də Nüvədi kəndinin Qarqadaşı dağında tapılan daş kitabələridir. Bu kitabələri aşkar edən, onları işığa çıxardan, vətəni tərk etmək məcburiyyətində qalanda həmin daş kitabəni də kürəyində Bakıya gətirən, elmi diskusiyaların mövzusuna çevirən qeyrətli vətən oğlu, cəfakeş ziyalı və qələm sahibi Həmzə Vəli yazır:
"Kitabələrin ən böyüyünün uzunluğu 1 m, eni 70 sm, kiçiyinin uzunluğu 40 sm, eni 32 sm-ə çatır. Kitabələrin yazılarından təyin etmək olur ki, bəzilərindəki yazılar sağdan sola, bəzilərində yuxarıdan aşağıya, bəzilərində yuxarıdan sağa və təkrarən sola yazılmışdır.
Nüvədi «Qarqadaşı abidəsi» Azərbaycan xalqının ən qədim əcdadlarından olan, Cənubi Zaqafqaz və Orta Asiya ərazilərində məskunlaşmış qarqarlara məxsusdur. Kitabənin dili türk - şumer mənşəlidir. Yazılarda Şumer sözü də işlənmişdir. Bu da kitabənin qədimliyinə dəlalət edir".
Qoşundaş abidəsi. Zəngəzurun qədim tarixindən və mədəniyyətindən xəbər verən dəyərli abidələrdən biri də Qoşundaş abidə-məzar kompleksidir. Qoşundaş abidəsi eramızdan öncə ikinci minilliyə aid olub Sisyan rayonunda, köhnə Qarakilsə kəndi ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir. Qoşundaş abidəsi çoxlu sayda yerə bitili və dik dayanmış nəhəng daşlardan ibarətdir. Daşlar dairəvi formada sanki iki min il öncə nəhəng insanların fövqəlinsan qüvvəsi ilə yerə "sancılmışdır".
Daşların hündürlüyü təxminən 150-220 sm, eni 60-80 sm-dir. Bəzi daşların üzərində bir, ya bir neçə dəlik açılmışdır. Çox güman ki, bu dəliklər həddindən artıq ağır olan daşların qoşqu qüvvəsi ilə dartılması üçün nəzərdə tutulmuşdur.
Daş dairənin içərisində alçaq kurqan vardır. Bu ərazidə bir neçə yerdə qazma damların qalıqları indi də qalmaqdadır. Damların divarları iri ağır qayalarla kifayət qədər səliqəli hörülmüş, üstü nəhəng sal daşlarla örtülmüşdür.
Sisyan azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər. Qoşundaş bir döyüşdə həlak olmuş oğuz əsgərlərinin qəbirləridir. Daş dairənin içərisindəki kurqanlar isə qoşun başçılarına məxsusdur. Qoşundaş abidəsinin ətrafında aparılan qazıntı zamanı burada müxtəlif insan sümükləri, məişət və döyüş alətləri tapılmışdır.
Qoşundaş abidələri barəsində daha bir hekayət də vardır:
Deyilənlərə görə çox qədim zamanlarda Zəngəzurda həddindən artıq zalım bir padşah yaşayırmış. Bu zalımın zülmündən cana doyan rəiyyət Tanrıya üz tutub yalvarır ki, «bizi ya quş elə, ya daş elə, təki bu əzabdan qurtar». Tanrıdan səda gəlir ki, quş olmaq istəyənlər gərək birdəfəlik uçub getsinlər və bir daha bu torpağa qayıtmasınlar. İnsanların bir hissəsində vətən məhəbbəti üstün gəlir. Onlar quş olub vətənsiz yaşamaqdansa, daş olub Ana yurdda qalmağı üstün tuturlar və halay vurub Tanrıya dua etdikləri yerdəcə daş surətində əbədiyyətə qovuşurlar».
Öz soy-kökü ilə Sisyan torpağına bağlı olan xalq şairi Məmməd Araz «Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı», - deyərkən yəqin ki, gözlərinin önündən qədim Zəngəzurun Qoşundaş abidələri gəlib keçmişdir.
İşıqlı qağı əfsanəsi. Zəngəzurda naməlum tarixlərdən bəri dillərdə dolaşan bir əfsanə də olduqca məşhurdur. Bu Zəngəzur silsiləsinin Sisyan ərazisindəki ən yüksək zirvəsi, başı buludlardan yuxarı dayanan İşıqlı dağı, Nuh tufanı və Nuhun gəmisi haqqında əfsanədir.
"Yerin üzünü su alanda Nuh peyğəmbər hər canlıdan bir cütünü götürüb özünün düzəltdiyi tufanlara sinə gərmək qüdrətində olan sehrli gəmisinə minir. Dalğalar gəmini batıra bilmir və Nuhun gəmisi günlərin birində bir dağ zirvəsinə toxunur. Qəfil zərbədən sarsılan Nuh peyğəmbər deyir:
- Nə ağır dağdır!
O gündən bu dağın adı Ağrı dağ qalır.
Bir az keçmiş, gəmi başqa bir dağla toqquşur. Nuh bu dəfə belə deyir:
- İnan ki, dağdır. Bu dağı İlanlı dağ adlandırırlar.
Nəhayət, gəmi bir dağın zirvəsində dayanır. Nuh peyğəmbər ilk dəfə burada işıqlı dünyaya çıxaraq, torpağa qədəm basır və deyir:
- Nə işıqlı dağdır!
Türklər bu dağın adını İşıqlı dağ qoyurlar.
İşıqlı dağı buludlardan yuxarı olduğundan onun zirvəsində həmişə günəş parıldayır. Çox güman ki, "İşıqlı" adı da elə buradan götürülübdür .
Bu əfsanənin min illərlə yaşı var və bu əfsanədəki dağ adlarının hamısı təmiz Azərbaycan türkcəsindədir. Bu əfsanə min illərcə burada yaşamış Azərbaycan türkünün dünyaya mifik-fəlsəfi baxışının məhsuludur.
Məlumdur ki, e.ə. VII əsrdə Azərbaycan ərazisində sak şahlığı yaranmışdı. Sakların bir hissəsi tarixi Zəngəzur ərazisində məskunlaşdığından bu bölgə Syuni, Sisakan, Sisacan adlanmışdır.
Sisakan nəinki erməni torpağı olmayıb, əksinə, həmişə erməni çarlığı ilə münaqişə vəziyyətində olan, onunla mübarizə aparan bir Alban vilayəti olmuşdur.
E.ə. 675-550-ci illər - Midiya (Maday) dövləti mövcud olmuş, Göyçə gölü də daxil olmaqla Kür-Araz aralığı bu dövlətin tərkibində olmuşdur.
E.ə. 550-330-cu illərdə isə Əhəmənilər imperiyası Cənubi Qafqazı özünə tabe etmişdir.
Əhəmənilərin hakimiyyətinin son dövrlərində Albaniyadakı xırda tayfa ittifaqları birləşərək Albaniya dövlətini yaratdılar. Bu dövlət Əhəmənilərin hakimiyyətindən qismən asılı idi, ona xərac verirdi və müharibə zamanı Əhəməni ordusunu hərbi dəstələrlə təchiz edirdi.
Yarım müstəqil Alban dövləti gah tərəqqi - gah tənəzzül edərək bizim eranın VIII əsrinə qədər qədər mövcud olmuşdur.
E.ə. III əsr - b.e. 226-cı ilinədək Qafqazın bir çox əraziləri, o cümlədən, indiki Zəngəzurun ərazisi Parfiya padşahlığının tabeliyində olmuşdur.
226-651-ci illərdə fars xanədanının Sasanilər sülaləsi hakimiyyətdə olmuşdur.
656-889-cu illər - Ərəb xilafətinin hökmranlığı dövrüdür. Bu dövrdə Qafqazda İslam dövləti yarandı, İslam dini yayıldı. Qafqaz Albaniyasının bütün vilayətləri kimi, Sünik də xilafətin tabeliyinə keçdi. Albaniya-Arran, Sünik isə Sisəcan (Sisakan) adlandırılmağa başladı.
Sisakan IX-XI əsrlərdə Sacilər (889-942-ci illər), Salarilər (941-981-ci illər), Şəddadilər (971-1088-ci illər) dövlətlərinin tabeliyində olmuşdur.
XIII əsrdə Moğol-tatarlar Qafqaza gəldilər. Qafqazı və Cənubi Azərbaycanı tutdular. Öz hakimiyyətlərini (hülakilər, elxanilər) yaratdılar.
1385-ci ildə Əmir Teymurun ordusunun Qafqazı işğal etməsi ilə bu ərazilərdə uzun illər davam edən türk hökmranlığı dövrü başladı, Qafqaz, İranın çox hissəsi, Şərqi Anadolu bir-birini əvəz edən Cəlairilər (1385- 1410), Qaraqoyunlular (1410-1467), Ağqoyunlular (1468-1501) hakimiyyətinin təsiri altına düşdü.
1501-1590 - Səfəvilər dövləti - Böyük Azərbaycan yarandı.
1590-1748 - Qafqazın, Anadolunun və İranın bir çox əraziləri kimi, Zəngəzur mahalı da Osmanlı və Cənubi Azərbaycan (Səfəvilər, Nadir şah) türklərinin hakimiyyəti altında oldular.
1748-ci ildə Qarabağ xanlığı yarandı. Pənahəli xan Qarabağ xanı elan olundu. Sisyan, Qafan, Tatev, Meğri, Güney, Çəlbair, Hacısamlı, Kolair mahalları Qarabağ xanlığına daxil oldular.
1806, 1813 və 1828-ci illərdə Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri ilə Qarabağ, Naxçıvan və İrəvan xanlıqları Rusiyaya ilhaq edildi.
1868-ci il - Yelizavetpol quberniyası təsis edildi və bu quberniyanın ən böyük ərazi-inzibati vahidi olan Zəngəzur qəzası yaradıldı.
1920-ci il 1 dekabr - Qərbi Zəngəzur Sovet Ermənistanına bağışlandı.
Yuxarıda göstərilən qısa tarixi ekskurs da bir daha sübut edir ki, "Sünik qədim erməni torpağıdır" - fikri, "böyük Ermənistan", "dənizdən dənizə Ermənistan" müddəası qədər əsassız və cəfəng bir şeydir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ