Sizin reklam burada
Sizin reklam burada

Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi dövlət başçısının sağlamlığını Vətənə fəda edənlərə münasibətini əks etdirir - Cəlil Xəlilov

Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi dövlət başçısının sağlamlığını Vətənə fəda edənlərə münasibətini əks etdirir - Cəlil Xəlilov İndiyədək Azərbaycan Prezidenti İlham Əliyev müharibə iştirakçıları, müharibə əlilləri, şəhid ailələri ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi dövlət başçısının sağlamlığını Vətənə fəda edənlərə yüksək münasibətini əks etdirir. Buna görə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları olaraq Azərbaycan Respublikasının Prezidentinə təşəkkürümüzü bildiririk. Biz bu qərarı yüksək dəyərləndiririk.
Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
O deyib ki, avqustun 2-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası” təsdiq edilib.
Eyni zamanda, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu addım yalnız 44 günlük Vətən müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısını göstərir. Bu göstərir ki, heç kəs yaddan çıxmır.
Sədr müavini xatırladıb ki, Prezident İlham Əliyev hələ 2021-ci il dekabrın 23-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Məlum Fərman və hazırkı sosial dəstək proqramına start verilməsi şəhid ailələri, qazilərlə yanaşı, əlillərin də hər zaman dövlətin diqqət mərkəzində olduğunu göstərir: “Dövlət başçısının Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilməsinə dair növbəti sosial dəstək proqramı hər şeydən əvvəl göstərir ki, bu insanlar dövlətimiz, onun Prezidenti üçün son dərəcə əziz və hörmətəlayiq şəxslərdir. Çünki həmin şəxslər Vətənin müdafiəsində əsl fədakarlıq sərgiləyib, sağlamlıqlarını Vətənə, onun təhlükəsizliyinə qurban veriblər. Buna görə də dövlətimiz bu insanların xidmətini daim qiymətləndirir, onların sosial rifahının gücləndirilməsi, məişət şəraitinin yaxşılaşdırılması, maddi təminatının artırılması üçün bütün mümkün imkanlardan istifadə edir. Bu baxımdan hazırkı dəstək proqramı bu istiqamətdə atılan növbəti addımlardan biridir”.
Cəlil Xəlilov qeyd edib ki, bu dəstək proqramı dövlətimizin, onun başçısının sosialyönümlü siyasətini, öz vətəndaşına verdiyi dəyərin göstəricisidir: “Azərbaycanda Prezidentin rəhbərliyi və bilavasitə göstərişi ilə şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahının yaxşılaşması, onların təminatının gücləndirilməsi istiqamətində mütəmadi dövlət siyasətinin həyata keçirildiyi məlumdur. Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün bütün dünyada şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara ən çox diqqət və qayğı göstərən dövlətlərdən biridir. Bununla yanaşı, dövlətimiz məlum kateqoriyaya məxsus vətəndaşlarımızla bağlı böyük sosial layihələr həyata keçirir ki, bu layihələrin də miqyası olduqca genişdir.
“Biz veteranlar olaraq dövlət başçısına müharibə əlillərinə, şəhid ailələrə, qazilərə olan qayğıkeş münasibətə görə təşəkkürümüzü bildiririk. Bir daha bəyan edirik ki, cəmiyyətimizin bütün təbəqələri kimi veteranlarımız da Prezidentimizin siyasətini daim dəstəkləyir və bundan sonra da eyni qətiyyətlə dəstəkləməkdə davam edəcək”, - deyə polkovnik vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ