Sizin reklam burada
Sizin reklam burada
  • Etibarnamələrin təsdiq edilməsi

    Etibarnamələrin təsdiq edilməsiElmar Kərimov
    Bakı səhəri 28 saylı Notariat Ofisinin notariusu

    Cəmiyyətin hüquqi aspektləri bir sıra notarial resuralarla ehtiva edilir. Burada diqqət çəkən əsas nüanslardan biri də etibarnamələr və onların təsdiqidir.
    Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Etibarnamə şəxsin fərdi qərarlar vermək və hərəkət etmək səlahiyyətidir. Etibarnamələrin verildiyi şəxs isə müvəqqəti qanuni nümayəndə hesab olunur. Bu hüquqi sənəd əsasında bir sıra səlahiyyətlərin müəyyən edilmiş müddətə verilməsi nəzərdə tutulur. Qeyd etmək vacibdir ki, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notarial qaydasında təsdiqlənməlidir.
    Etibarnamə həm fiziki şəxs tərəfindən, həm də hüquqi şəxs tərəfindən verilə bilər. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Etibarnamə istənilən müddətə verilə bilər (istisna kimi nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamələr bir ildən artıq müddətə verilə bilməz). Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.
    Etibarnamələr bildiyimiz kimi, nəqliyyat vasitələrindən istifadə etməkdən tutmuş, digər proseslərə - məhkəmə işlərində iştirak, daşınmaz əmlak üzərində sərəncam vermək, qanuni nümayəndəlik və s. əhatə edir. Bu proseslər zamanı etibarnamələrdən yararlanmağın və bu sənədlərin hüquqi tənzimlənməsi - notarial təsdiqinin həyata keçirilməsi zəruridir.
    Etibarnamə üzrə səlahiyyətlərin digər şəxsə verilməsi nəzərdə tutulduğu təqdirdə digər şəxsə verilə bilər. Bu halda etibar edilmişi başqasına etibar etmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olmamalıdır.
    Etibarnamələrin təsdiqi zamanı notarius ilk olaraq notariat ofisinə müraciət etmiş vətəndaşın şəxsiyyətini və fəaliyyət qabiliyyətini müəyyən edir və etibarnamənin məzmunundan asılı olaraq əlavə sənədləri tələb edə bilər.
    Hal-hazırda istənilən şəxs bir çox etibarnamə növlərini notariat ofisinə müraciət etmədən “Mobil Notariat” proqram təminatı vasitəsi ilə təsdiq elətdirə bilər. Bunun üçün “Appstore”dan və ya “Google Play”dan mobil cihazlara “Mobil Notariat” proqram təminatını yükləmək lazımdır. Proqramı yüklədikdən və qeydiyyatdan keçdikdən sonra vətəndaşlar idarə etmək üçün etibarnamələri, vəkillərə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, müxtəlif qurumlarda təmsilçiliklə bağlı etibarnamələri, vərəsəlik işləri ilə bağlı etibarnamələri, həmçinin bir çox ərizə növlərini də elektron qaydada videoyazı vasitəsi ilə həftənin bütün günləri 24 saat ərzində əldə edə bilərlər. Bütün bu yeniliklər vətəndaşlar tərəfindən çox müsbət qarşılanır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ