Bütün bunları yazmaqda məqsədim ondan ibarətdir ki, yuxarıda qeyd etdiyim məlumatlarla xalqımızın müəyyən hissəsinin tanış olmasına baxmayaraq, dünya elminə əhəmiyyətli töhfələr vermiş belə bir insanın elmi fəaliyyətləri, müəllifi olduğu nəzəriyyələrin tətbiqi barədə bir dənə də olsa mütəxəssislər tərəfindən ətraflı izahat verilməmişdir. Hətta digər nəzəriyyələrdən fərqli olaraq, geniş şəkildə reklam olunan, Lütfi Zadə adı ilə paralel işlədilən Qeyri-səlis məntiq nəzəriyyəsinin belə, heç bir alim, elm adamı tərəfindən normal açılmasına belə rast gəlməmişəm. Düşünürəm ki, Lütfi Zadə beyninin məhsulu olan hər bir nəzəriyyənin mahiyyəti ilə yaxından tanış olmaq istəyənlərin sayı kifayət qədərdir.
Ölkənin ali məktəblərindən birində və yaxud bir neçəsində Lütfi Zadə adına elmi laboratoriyaların təşkil olunması, onun nəzəriyyələrinin praktiki tətbiq olunan ölkələrlə, şirkətlərlə əlaqələr formalaşdırılması məqsədə müvafiq olardı. Beləliklə, yaxın gələcəkdə bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən sayılan süni intellektin yaradılması, idarə olunması istiqamətində Milli Lütfi Zadə Məktəbini yaratmış olardıq. Ölkəmizdə bu sahə üzrə məşğul olmaq arzusunda olan perspektivli gəncləri bir yerə toplayaraq, Lütfi Zadə nəzəriyyələrini praktik təcrübəyə tətbiq etməklə, sənayenin ayrı-ayrı sahələrini inkişaf etdirmək olar.
Dolayısı ilə bu mövzuya yaxın tələbəlik illərindən bir xatirəni Sizlərlə bölüşmək istərdim. O illərdə nə internet, nə də ki, kompyüter olmadığından istənilən sahə üzrə informasiya almaq üçün ali məktəblərin nəzdində fəaliyyət göstərən Patent şöbələrində aylarla vaxt keçirməli, hansı ixtiranın, ideyanın nə vaxt və hansı ölkənin sənayesində tətbiq olunması barədə məlumat toplamaq lazım olurdu. Əks halda ola bilərdi ki, sənin ixtira etdiyin hansısa ideya bir neçə il əvvəl digər bir şəxs tərəfindən sınanmış və müəlliflik hüququ alinmışdır. Təxminən altı aya yaxın bir müddətdə sutkanın bir neçə saatını Patent şöbəsində keçirməli olurdum. Altı ay ərzində məni ən çox təəccübləndirən o məsələ oldu ki, dünyanın əksər ölkərində müəlliflik hüququ qazanmış ixtiralar, səmərələşdirici təkliflər Yaponiya, Sinqapur, Cənubi Koreya kimi ölkələr tərəfindən satın alinmış və sənayedə tətbiq olunmuşdur. Eynilə, məşhur həmyerlimiz Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsi də Yapon şirkətləri tərəfindən istifadə olunur.
Dünyanın harasında yaşamaqlarından asılı olmayaraq, azərbaycanlı adına müsbət imic gətirən hər bir insanın əziz xatirəsi xalq tərəfindən yaşadılmalı, ideyalarından ümumi inkişaf üçün bəhrələnməlidir.
Allah rəhmət eləsin!
Nəsib Məhəməliyev,
deputat
