Sentyabrın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsi və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclası keçirilib. İclasda "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunub.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihəni təqdim edərkən deyib ki, Azərbaycanda əmək pensiyaları sistemi sığorta prinsipləri, yəni şəxsin topladığı pensiya kapitalı əsasında pensiya məbləğinin formalaşması mexanizmi əsasında fəaliyyət göstərir.
Bununla belə, əmək pensiyaları sistemində sosial sığorta prinsiplərinə əsaslanmayan, pensiyaya çıxarkən əmək haqlarına bağlı olan ödəmələr qalmaqdadır ki, bu da dövlət sektorunda əmək haqqı islahatlarının həyata keçirilməsinə maneələr yaradır və qeyri-bərabər pensiya məbləğlərinin formalaşmasına səbəb olur.
Bu xüsusda sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində addımlar atılır. Müzakirəyə çıxarılan qanun layihəsi də bu istiqamətdə atılan növbəti addımdır. Layihədə dövlət sektorunda həyata keçirilən əmək haqqı islahatları ilə bərabər dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur.
Layihədə təklif olunan digər dəyişikliklər Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə pensiya təminatı mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Komitə sədri bildirib ki, təklif olunan yanaşmaya əsasən həmin hərbi qulluqçuların pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, onların fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalı və sabit aylıq pensiya əlavəsi əsasında pensiya məbləği formalaşacaq. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.
Komitə sədri layihədəki təklif olunan digər dəyişikliklərin də həssas qrupların sosial təminatı sisteminin gücləndirilməsi, dayanıqlılığının artırılması baxımından əhəmiyyətini vurğulayıb. Yeni islahat tədbirlərində həmçinin pensiyaların indeksasiya mexanizminin daha təkmil, ədalətli və optimal şəkildə qurulması nəzərdə tutulub. Təklif olunan indeksləşdirmə mexanizmində əmək pensiyalarının məbləğinin vahid rəqəmlə deyil, diferensial formada indekləşdirilməsi təklif olunur.
Orta aylıq əməkhaqqına qədər olan pensiyalar əvvəlki kimi, yəni indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdiriləcək, pensiyalarının yalnız bundan yüksək olan hissəsinə 0,2 və 0,5 əmsalları tətbiq olunacaq.
Qeyd olunan dəyişikliklər pensiya təminatı sistemində sosial ədalətin daha da gücləndirilməsinə, minimum pensiya məbləğlərinin artırılması imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihədə Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqqı və pensiya təminatı mexanizmlərinin təkmilləşdirilməsinə dair təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb.
Komitə sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atmış Azərbaycan Ordusunun sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Müzakirəyə çıxarılan sənəddə əsas məqsədlərdən biri hərbi qulluqçuların əməkhaqqı sisteminin beynəlxalq standartlara və qabaqcıl ordu quruculuğu təcrübəsinə uyğunlaşdırılmasıdır. O vurğulayıb ki, təklif olunan dəyişikliklər hərbi qulluqçuların sosial təminatının gücləndirilməsinə və xidmətin uzunmüddətli perspektivdə stimullaşdırılmasına yönəlib. Məqsəd hərbçilərin pensiya təminatı mexanizminin daha da təkmilləşdirilməsi və gələcəkdə sığorta kapitallarını daha çox artırmalarına, daha yüksək məbləğlərdə pensiya almalarına şərait yaradılmasıdır.
Diqqətə çatdırıb ki, yeni mexanizm nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artacaq, bu məqsədlə illik əlavə olaraq 550 milyon manatadək vəsaitin ayrılması nəzərdə tutulur. Xidmətin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla əməkhaqqı sisteminin vahid strukturunun formalaşdırılması nəzərdə tutulur. Baza maaşı vəzifə maaşı ilə əvəzlənəcək, rütbə maaşının xüsusi çəkisi 70 faizə çatdırılacaq.
O, həmçinin yeni sistemin pensiya təyinatının sadələşdirilməsinə, prosesin elektron qaydada və qısa müddətdə həyata keçirilməsinə imkan verəcəyini bildirib. İslahat nəticəsində pensiyaların müəyyənləşdirilməsində yaranmış fərqlər aradan qaldırılacaq və hərbi qulluqçuların sosial təminatında vahid yanaşma təmin ediləcək.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Azərbaycanda əhalinin rifahının artırılması istiqamətində görülən işlərdən söz açıb. Diqqətə çatdırılıb ki, son illərdə 5 sosial islahat paketi reallaşdırılıb və bu paketlərin maliyyə təminatı üçün dövlət büdcəsindən illik əlavə olaraq 8 milyard manat vəsait ayrılır. Bu islahatlar minimum və orta aylıq pensiyada 3 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artımla nəticələnib.
Nazir müavini deyib ki, təqdim olunan qanun layihəsi də bu uğurlu siyasətin davamı olaraq əhalinin sosial təminatı sisteminin inkişaf etdirilməsinə, pensiya sistemində ədalətliliyin və dayanıqlılığın daha da möhkəmləndirlməsinə yönəlib. O, dəyişikliklərin bəzi məqamları barədə fikirlərini bildirib.
Müzakirədə Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, deputatlar Hikmət Məmmədov, Vüqar Bayramov, Jalə Əliyeva, Samir Vəliyev, Soltan Məmmədov, Gülşən Paşayeva və Elman Məmmədov çıxış edərək layihədəki dəyişikliklərlə bağlı fikirlərini və suallarını səsləndiriblər.
Milli Məclisin komitə sədrləri Musa Quliyev və Arzu Nağıyev, Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi Elçin Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıblar.
Sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Bədəl Bədəlov, Əziz Ələkbərov, Göydəniz Qəhrəmanov, Səttar Möhbalıyev, Ziyad Səmədzadə, Kamal Cəfərov, Azər Kərimli, Qaya Məmmədov, Aydın Mirzəzadə, Ramid Namazov, Səbinə Salmanova və Mahir Süleymanlı, Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
