Xüsusilə regional təhlükəsizlik və dövlətlərin ərazi məsələlərinə yanaşması baxımından Bakı ilə Tbilisinin mövqeləri mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Gürcüstanla bağlı prinsipial mövqeyi və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri də bu kontekstdə diqqət çəkir.
Bəs Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü məsələsində mövqeyi və iki ölkə arasındakı strateji tərəfdaşlıq regionun siyasi sabitliyi baxımından hansı əhəmiyyət daşıyır?
Mövzu ilə bağlı Milli məclisin komitə sədri, Azərbaycan Gürcüstan Parlamentlərarası işçi qrupun rəhbəri, deputat Arzu Nağıyev məsələyə münasibət bildirib.
Millət vəkili vurğulayıb ki, 2008-ci il avqustun 8-də Rusiya-Gürcüstan müharibəsi nəticəsində Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri məhz Rusiya qoşunları tərəfindən ələ keçirilib:
"Bu bölgələrin statusu ətrafında gərginlik yaranıb və sonradan Rusiya həmin əraziləri ayrı-ayrılıqda dövlət kimi tanıyıb. Bir çox beynəlxalq təşkilatlar və ekspertlər həmin ərazilərdə baş verən prosesləri və hərbi müdaxilələri qətiyyətlə pisləyirlər. Gürcüstanın ərazi bütövlüyü məsələsi dünya birliyinin əksər dövlətləri tərəfindən tanınır və dəstəklənir.
Bu gün Gürcüstanda matəm günü elan olunub və Gürcüstan Baş nazirinin müvafiq sərəncamına uyğun olaraq dövlət bayraqları yarıya qədər endirilib. Azərbaycan olaraq hər zaman Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik.
Siyasi mövqeyə gəlincə, Azərbaycan dövləti Gürcüstanın ərazi bütövlüyünü hər zaman birmənalı şəkildə dəstəklədiyini bəyan edir.
Beynəlxalq təşkilatlarda da həm Gürcüstan Azərbaycanı, həm də Azərbaycan Gürcüstanı dəstəkləyir. Parlamentlərarası münasibətlər yüksək səviyyədədir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
İqtisadi, siyasi və hərbi cəhətdən bir sıra qurumlarda təmsil olunuruq. Rəsmi Bakı bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır.
Bu aspektdən yanaşdıqda, bu gün Gürcüstanın ərazi bütövlüyü də tanınır və beynəlxalq səviyyədə tanındığı kimi, Azərbaycan tərəfindən də dəstəklənir".
/atributinfo.az/
