Bununla bağlı Sonxeber.az-a danışan deputat Razi Nurullayev bildirib ki, Levon Ter-Petrosyanın belə bir ifadə işlətməsi açıq şəkildə etnik təmizləməni müdafiə edir və insanlıq əleyhinə cinayəti etiraf etməyə bərabərdir:
"Bu, beynəlxalq hüquqa, insan haqlarına və bütün sivil cəmiyyət dəyərlərinə ziddir. 200,000-dən çox azərbaycanlının öz doğma torpaqlarından zorla qovulması, onların tarixi irsinin silinməsi və bu barbarlığın "Ermənistanı təmizləmək" kimi təqdim olunması tamamilə qəbuledilməzdir. Bu, nəinki keçmişdə törədilmiş cinayətlərin legitimləşdirilməsinə cəhd edir, həm də erməni cəmiyyətini düşmənçilik və nifrət ideologiyasına alışdırmaqdır".
Deputat vurğulayıb ki, bu kimi açıqlamalar sübut edir ki, Ermənistan heç zaman sülh və birgə yaşayış üçün yox, momodövlət qurmaq və azərbaycanlıları etnik təmizləməyə məruz qoymaq üçün çalışıb:
"Hər kəs anlamalıdır ki, bir xalqın öz doğma torpağından qovulması və etnik təmizləməyə məruz qalması nə tarixin, nə də gələcəyin qəbul edəcəyi bir həqiqətdir. Azərbaycan xalqı bu cür cinayətlərin heç vaxt unudulmayacağını və haqlı mövqeyini müdafiə edəcəyini bir daha sübut edib və edəcək.
Sülh yalnız tarixi ədalətin bərqərar olunması, Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtması və onlara qarşı törədilən cinayətlərin tanınması ilə mümkündür. Ermənistan rəhbərliyi və cəmiyyəti anlamalıdır ki, nifrət ideologiyası ilə gələcək qurmaq mümkün deyil".
