Sizin reklam burada
Sizin reklam burada
  • "Paşinyan hakimiyyəti konstruktiv siyasət aparmasa, eskalasiya qaçılmazdır" -Nəsib Məhəməliyev

    Milli Məclisin deputatı Nəsib Məhəməliyev "atributinfo.az"ın suallarını cavablandırıb.
    Müsahibəni təqdim edirik:
    -Nəsib müəllim, Prezident son müsahibəsində vacib məsələlərə toxundu. Xüsusilə, Paşinyan iki (Avropa İttifaqı missiyasının fəaliyyətinin dayandırılması və qarşılıqlı iddialardan geri çəkilmə) məsələ ilə bağlı razılığa gələ biləcəklərini bildirsə də, sonradan fərqli açıqlamalar verir. Belə olan halda sülh mümkün görünürmü?
    - Ermənistanla sülh müqaviləsinin imzalanması, yalnız o halda mümkündür ki, Azərbaycanı narahat edən amillər aradan qaldırılsın. Bu barədə, Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə toxundu. Ermənistan konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarını ehtiva edən maddələri çıxarmalı, sərhəddə üçüncü dövlətlərə məxsus hərbçiləri yerləşdirməməli, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə çağırış edilməlidir. Paşinyan sözdən əmələ keçməli, gərginliyin artmasına yönəlik addımlardan çəkilməlidir.
    -Fransanın Ermənistanı revanşizmə körükləməsi həmin eskalasiyaya səbəb ola bilərmi?
    -Şübhəsiz. Məhz, Fransanın destruktiv siyasəti, Brüssel danışıqlarına kobud müdaxiləsi nəticəsində sülh müqaviləsi imzalanmadı. Əksinə, Ermənistanın Fransa, Hindistan və s. bu kimi ölkələr tərəfindən sürətlə silahlandırılması, revanş arzusu ilə alışan millətçi-daşnakları ümidləndirir. Paşinyan hakimiyyəti konstruktiv siyasət aparmasa, eskalasiya qaçılmazdır.
    -Suriyada baş verən prosesləri necə dəyərləndirmək olar? Türkiyə duruma nə dərəcədə hakimdir?
    -Suriyada baş verənlər, Bəşər Əsəd iqtidarının yanlış idarəçiliyinin məntiqi nəticəsidir. Son 14 ilə yaxın müddətdə Suriya dövləti vahid mərkəzdən idarə olunmur, ölkə müxtəlif etnik qruplara, məzhəblərə məxsus silahlı dəstələr tərəfindən parçalanmışdı. Nəticədə, vətəndaş müharibəsi baş verdi və ABŞ, Rusiya, İranın silahlı qüvvələri Suriyaya daxil oldular. Hər üç dövlət, özlərinə məxsus proksi qüvvələri yaratmaqla, ölkənin təbii sərvətlərini, iqtisadi resurslarını istismar etməklə məşğul oldular. Suriyanın 25 milyondan artıq əhalisinin tam yarısı öz yurdlarından didərgin düşdü. Beş milyona yaxın insan qardaş Türkiyəyə sığındı. Türkiyənin, Rusiyanın, İranın və müxaliflərin iştirakı ilə, 2016-cı ildə Astana formatında danışıqlar baş tutdu. Vasitəçi ölkələrin məsuliyyət dairələri müəyyənləşdirilsə də, İran və Rusiya, daha sonra ABŞ sözlərini tutmadı. Proses pozuldu. Son bir ay ərzində müxalif qüvvələr sürətlə və təşkilatlanmış şəkildə paytaxt Dəməşqə qarşı hərəkətə keçdilər. Əsəd Moskvaya qaçdı. Müxaliflərə Türkiyənin aktiv siyasi, mənəvi dəstəyi heç kim üçün sirr deyil və anlaşılandır. Çünki, Əsəd rejimindən ən çox əziyyət çəkən, milyardlarla maliyyə vəsaiti xərcləyən Türkiyədir. Bu baxımdan, yeni Suriya hakimiyyəti, atdığı addımları Türkiyə ilə uzlaşdırır. Duruma tam hakimdir, demək doğru olmazdı. Suriya suveren dövlətdir. Türkiyə ilə məsləhətləşmələr aparılır desək, daha düzgün olar.
    -Qardaş Türkiyənin prosesdə aktiv rol aldığını nəzərə alsaq, baş verənlər Azərbaycan və bölgəyə necə təsir edə bilər?
    -Suriyanın şimalında yaşayan aborigen xalqların əsas hissəsini türkmənlər təşkil edir. Hansı ki, tarixən bizimlə qardaşlıq, dostluq əlaqələri olmuşdur. Türk dünyası ailəsində, Azərbaycan türklərinə mental baxımdan ən yaxını da, məhz, Suriyada, İraqda yaşayan türkmənlərdir. İstər Suriya, istərsə də, İraq türkmənlərinin toplum olaraq təşkilatlanmaları, ölkələrinin ictimai-siyasi həyatında aktiv iştirakları, əmin-amanlığı, Azərbaycan, eləcə də, Türkiyə üçün siyasi, iqtisadi əhəmiyyəti böyükdür. Təhlükəsizlik nöqteyi-nəzərdən, onların güclü olması, bizim gücümüzə güc qatır. Bəşər Əsəd hakimiyyəti, İran rejiminin təsiri altında, bütün beynəlxalq platformalarda ermənipərəst mövqeyi ilə seçilirdi. Yeni hakimiyyətin isə, hər zaman Azərbaycanın yanında olacağı şübhəsizdir. Hesab edirəm ki, yaxın zamanlarda siyasi, iqtisadi, mədəni əlaqələrimiz ən yüksək səviyyədə bərpa olunacaq, azərbaycanlılar azad olunmuş Hələbi, dahi şairimiz İmadəddin Nəsiminin qəbrini ziyarət edə biləcəklər.
    -Müsahibə üçün təşəkkür edirəm!

    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ