Sizin reklam burada
Sizin reklam burada
  • Əziz Ələkbərli Saatlının qaz problemi ilə bağlı hökumət üzvlərinə səsləndi

    "...Mən çıxışımda deputatı olduğum Saatlı rayonu sakinlərinin bir xahişini də hörmətli Baş nazirin diqqətinə çatdırmaq istəyirəm. Saatlı rayonu aran bölgəsində yerləşir və bir sıra təbii-coğrafi çətinliklərlə üz-üzədir. Məsələn, əhali suvarma suyu sarıdan əziyyət çəkir – amma bu, ötüşər, kəndlərin bir hissəsi hələ də içməli suyu arxdan, kanaldan götürür – bunu da müvəqqəti ötüşdürmək olar, Saatlı rayonunda istehsal müəssisələri yox dərəcəsindədir və iş yerləri məhduddur – hələlik bu da ötüşər. Amma Saatlı rayonu kəndlərinin hər dörddən birinin qazı yoxdur – bunu heç cür ötüşdürmək olmur."
    Bunu fikirləri Milli Məclisdə 2025-ci ilin Dövlət büdcəsinin müzakirəsi ilə bağlı çıxış edərkən Saatlı rayonunu təmsil edən millət vəkili Əziz Ələkbərli səsləndirib. O, əlavə edib ki, hər il büdcə müzakirəsində bu məsələni qaldırıram, lakin heç bir hərəkət yoxdur:
    "SOCAR-ın prezidentinin məsələ ilə bağlı bu günlərdə imzaladığı cavab məktubundan aydın oldu ki, 2025-2030-cu illərdə Saatlı rayonunun qazsız 11 kəndindən ancaq 1 kəndinə qaz çəkilə bilər, digər 10 kəndə isə 2030-cu ilə qədər qaz çəkilməyəcək. Səbəb də odur ki, Saatlının qazsız kəndləri də daxil olmaqla 1 yanvar 2025-ci il tarixinə ölkə ərazisində qazla təmin olunmayan 899 kəndə qaz çəkilişi iqtisadi cəhətdən səmərəsizdir.
    Əvvəla, başqa rayonları deyə bilmərəm, amma Saatlı rayonundakı qazsız kəndlərin hamısı bir-birinin yanındadır, tam düzənlik ərazidir, qaz magistral xətləri bəzi qazsız kəndlərin lap qırağından keçir. Belə olan surətdə bu kəndlərə qaz çəkilişi hansı əsasa görə “iqtisadi cəhətdən səmərəsiz” sayılır?
    İkincisi, cənab Prezidentin xüsusi qayğı və diqqəti ilə dövlət büdcəsinin önəmli bir hissəsinin sosial sahəyə yönəldildiyi bir ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması haçandan iqtisadi səmərə ilə ölçülür?
    Xahiş edirəm bu məsələ diqqət mərkəzində saxlansın və mən də gələn il büdcə müzakirəsində bu məsələni 4-cü dəfə qaldırmaq məcburiyyətində qalmayım."- Əziz Ələkbərli bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ