Bakı şəhəri 26 saylı Notariat Ofisinin notariusu
Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi.
Ədliyyə sisteminə xüsusi önəm verən Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Heydər Əliyev fenomeni təkcə Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdən biridir. Bu nadir şəxsiyyətin siyasi kursunu möhtərəm Prezidentimiz İlham Əliyev ugurla davam etdirir.
Son illər məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üzrə bir sıra tədbirlər həyata keçirilib, icra sənədlərinin düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət gücləndirilib. Ölkə Prezidentinin tapşırıq və tövsiyələri, fərman və sərəncamlarından irəli gələn vəzifələrə Azərbaycan ədliyyəsi öz uğurlu fəaliyyəti ilə təkan verir.
Müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı.
Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində nazirliyin fəaliyyət istiqamətləri genişləndirilmiş, o cümlədən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün möhtərəm Prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, 446 nömrəli Fərmanı ilə Regional ədliyyə şöbələri yaradılmışdır. Azərbaycan ədliyyəsinə daim yüksək diqqət və qayğı göstərən dövlət başçısı tərəfindən 18.11.2016-cı il tarixli, 1119 nömrəli Fərmanla “Ədliyyə orqanlarının inkişafı haqqında” sözügedən Fərmana edilmiş dəyişikliklər ilə regional ədliyyə şöbələrinə idarə statusu verilmlşdir. Eyni zamanda son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Qəbul edilmiş qərarlar, məhkəmə hüquq sistemində yeniliklər, o cümlədən, dünyada mövcud olan ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi aparılan islahatların bariz nümunəsidir. Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların mühüm tərkib hissəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ilə bu sahədə yeni bir mərhələnin əsası qoyulub. Qeyd olunan fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəyyənləşdirməklə bu sahədə ən aktual məsələlərin və problemlərin həllini nəzərdə tutan adıçəkilən sənəd mühüm əhəmiyyətə malik proqram xarakterli “yol xəritəsi”dir.
Xüsusən gənc nəsildə ədliyyə işinə münasibətin formalaşdırılması olduqca vacibdir. Çünki bu gənclər dövlətimizə şərəflə xidmət etmək məsuliyyətinin nə olduğunu ilk andan başa düşməli və bunu çalışdıqları sahələrdə tətbiq etməlidirlər. Məhz ədliyyə sistemində gənclərin daha mükəmməl olmaları üçün maarifləndirmə işi əsas arqumentdir. Bu gənclər ölkəmizdə dövlət orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması, dövlət qulluğunun nüfuzunun artırılması, şəffaflığın təmin olunması üzrə aparılan mütərəqqi islahatlarda aparıcı qüvvə hesab olunurlar.
Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması da Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ədliyyə Nazirliyi məhkəmə sistemində çalışanların, həmçinin notariat fəaliyyəti ilə məşğul olanların peşəkarlıq səviyyəsinin artması üçün uğurlu addımlar atır. Bu əməli işdə əsas etibarilə davranış qaydaları, hakimlərin hakim adını və nüfuzunu qoruması, səbir və dözümü, hadisələrə düzgün müdaxiləsi, prosesləri qanunla düzgün müəyyən etməsi, notariusların öz fəaliyyətlərini qanunla yanaşı, inam, etibar üzərində qurması mühüm hədəflər kimi müəyyən olunub.
Əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması və bu prosesin müasir tələblər səviyyəsində təşkili Ədliyyə sisteminin ən vacib istiqamətlərindən biridir. O cümlədən notariat, vətəndaşlıq vəziyyəti aktlarının və hüquqi şəxslərin dövlət qeydiyyatı sahələrində tənzimləyici qanunvericilik bazasının daha şəffaf olması təkmil işlərdir. Azərbaycan ədliyyəsi bu istiqamətdə öz fəaliyyətini çox uğurlu qurub.
