Sizin reklam burada
Sizin reklam burada
  • Üçrəngli bayrağımız mavi göylərdə qürurla dalğalanır

    Sevinc Mustafayeva,
    YAP Göygöl rayon təşkilatı üzrə 1 saylı ərazi partiya təşkilatının fəal üzvü

    Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da hər zaman bu istəklə yaşamışdır . Tarixin müxtəlif zamanlarında fərqli adlar altında müstəqil Azərbaycan dövləti mövcud olmuşdur. Hər zaman öz milli və dövlət müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqı XX əsrin əvvələrində ilk dəfə öz müstəqilliyini elan etdi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə dövlət atributları qəbul edildi.
    Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
    Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
    Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
    Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bayrağımıza hörmət və məhəbbət rəmzi olaraq dövlət başçımız xarici ölkələrə səfərə gedərkən milli bayrağımız möhtərəm prezidentimizi qəbul edən dövlət tərəfindən qaldırılır.
    Üçrəngli bayrağımıza dərin məhəbbət rəmzi olaraq hər il noyabrın 9-u təqvimizdə Bayraq Günü kimi qeyd edilir. Paytaxtımızın yüksək yerində inşa olunmuş Bayraq meydanında dünyanın ən hündür bayraq dirəyi qurulmuşdur. Səkkizbucaqlı, ulduzlu hilalımız ən mötəbər beynəlxalq qurumların qarşısında bütün dövlətlərin bayrağı ilə bir sıradadır. Millətimiz 106 il öncə başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi üçün çox ağır sınaqlarla üzləşdi - vətənin ərazi bütövlüyünü qorumaq üçün sinəsini düşmənlərə sipər etdi, qanı töküldü , igid oğullarımız şəhid oldu, qazi oldu, ancaq əyilmədi, qalib gəldi. Mübarizlər, Poladlar, Xudayarlar – ömrünü bu mübarizəyə həsr edən bütün şəhid qəhrəmanlar millətin millət olması üçün yaşamaq hüququndan keçdi.
    Beləliklə,qürur və varlığımızın təcəssümü olan üçrəngli Bayrağımız Müzəffər ordumuzun cəsurluğu, Ali Baş Komandanımızın dəmir yumruğu sayəsində işğaldan azad edilən qədim yurd yerlərimizdə və vətən göylərində əzəmətlə dalğalanır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ