YAP Göygöl rayon təşkilatı üzrə Təhsil şöbəsi ərazi partiya təşkilatının fəal üzvü
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən və 2023-cü ilin setyabr ayında suverenliyimizin tam bərpasından sonra Azərbaycanın xarici siyasət sahəsində öz uğurlarını daha da inkişaf etdirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş siyasət, qazanılan tarixi Zəfər ölkəmizin bütün dünyada nüfuzunu artırıb. Bununla əlaqədar Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı xeyli artıb. Xarici siyasətin əsas istiqamətlərindən biri kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Prezident cənab İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının Azərbaycana qarşılıqlı səfərləri davamlı xarakter alıb. Növbəti belə səfər noyabrın 6-da baş tutub. Ölkəmizin başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XI Zirvə Görüşündə iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkekə gəlib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyi etdiyi Sammitdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri, TDT Müşahidəçilərinin Hökumət Başçıları da iştirak ediblər.
Bu gün türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul olunur. Qardaş ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi-siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar türk dövlətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər. Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının, o cümlədən TÜRKPA-nın rolu böyükdür.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı işğaldan azad edilən ərazilərimizdə görülən işlərə də toxundu. O, bildirdi ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir: “Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər”.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında yaxından iştirak edən Türk dünyasının dövlətləri həm 44 günlük Vətən müharibəsində, həm də ondan əvvəlki və sonrakı dövrlərdə, bütün beynəlxalq səviyyəli tribunalarda ölkəmizə dəstək nümayiş etdiriblər. Hətta Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Təşkilatında təmsil olunan qardaş ölkələr İrəvana deyil, məhz Azərbaycana dəstək nümayiş etdirdilər. Bu, Azərbaycan siyasi rəhbərliyinin yürütdüyü düzgün diplomatiyanın, səmimi dostluq, qardaşlıq münasibətlərinin nəticəsində mümkün olub. Azad edilmiş torpaqlarda Özbəkistanın və Qazaxıstanın təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb binası və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bir məktəb binasının təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb binası inşa ediləcək. İşğaldan azad edilmiş torpaqlarda icra olunan layihələrin podratçılarının əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Bu da Türk dünyasının birliyinin göstəricisidir”.
Düşmənin darmadağın etdiyi Qarabağımızda şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın uç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Bu isə, eyni zamanda, ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Biz Qarabağımıza qayıtdıq. Biz Qarabağımızı qururuq və inkişaf etdirirk.
