Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında

    Oktyabrın 2-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
    Komitə sədri Səməd Seyidov, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatları cari il sentyabrın 1-də, müstəqillik dövründə ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
    İclasın gündəliyinə 8 məsələ daxil edildiyini diqqətə çatdıran Səməd Seyidov, gündəliyin birinci məsələsi - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi haqqında ətraflı məlumat verdi. Bildirilib ki, sənədin hazırlanması zamanı dünyada gedən geosiyasi proseslər, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin mart ayında Milli Məclisdə keçirilən andiçmə mərasimində və VII çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi tövsiyələr əsas götürülüb, hədəf və məqsədlər, həmçinin ölkəmizin xarici siyasət prioritetləri diqqətə alınıb, milli maraqlara uyğun strategiyalar formalaşdırılıb və bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulub.
    Azərbaycan maraqlarının müdafiəsi və dünya miqyasında ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi kimi aktual məsələlərə toxunan Səməd Seyidov, son dövrlərdə ölkəmizin üzləşdiyi xarici təhdidlərə diqqət çəkərək, belə təhdidlərlə mübarizədə komitənin Milli Məclisin yeni yaradılmış Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası ilə birgə gələcək fəaliyyətinin əsas istiqamətlərini açıqlayıb.
    Sonra iclasda gündəlikdəki qanun layihələri müzakirə olunub.
    Qanun layihələrinin Milli Məclisə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında daxil olduğunu bildirən komitə sədri, gündəliyin ikinci və üçüncü məsələləri - “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihələri haqqında danışıb. O, qanun layihələrinin iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair bir sıra əhəmiyyətli məsələləri əhatə edən Sazişlərə əlavə və dəyişikliklərin edilməsinə dair Protokolun təsdiqini nəzərdə tutduğunu diqqətə çatdırıb, təqdim olunan sənədlərin əhəmiyyətini vurğulayıb.
    Gündəliyin dördüncü məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi haqqında danışan komitə sədri, Moldova ilə ikitərəfli münasibətlərin dərinləşdirilməsində mühüm faktorlara toxunub, müzakirəyə çıxarılan sənədin bir sıra hüquqi və siyasi əhəmiyyətini vurğulayaraq, sənədin iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə və qarşılıqlı etimadın artırılmasına töhfə verəcəyini qeyd edib.
    İclasda gündəliyin beşinci məsələsi olan “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verilib, ölkəmizin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bu günədək birgə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti vurğulanıb.
    Daha sonra komitə sədri gündəlikdə duran növbəti məsələlər - “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri barədə məlumat verib.
    Müzakirələrdə komitənin üzvləri Rizvan Nəbiyev, Fariz İsmayılzadə, Elman Nəsirov, Gülşən Paşayeva, Tural Gəncəliyev, Zaur Şükürov, Qaya Məmmədov və Pərvanə Vəliyeva çıxış edərək, komitənin payız sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndiriblər. Gündəlikdə duran məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndirən deputatlar, təqdim edilən qanun layihələrinin vacibliyini qeyd ediblər.
    İclasın sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, üzvləri Sevinc Fətəliyeva, Azər Kərimli, Asim Mollazadə, Cavanşir Feyziyev, Rasim Musabəyov, Nigar Məmmədova, Sevil Mikayılova, Elçin Mirzəbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ