Sizin reklam burada
Sizin reklam burada
  • Mehriban Əliyeva XXI əsr Azərbaycan qadınının ən parlaq obrazıdır

    Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik əsrlər ərzində ənənəyə çevrilib və milli dəyərimiz səviyyəsinə yüksəlib. Müasir dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi-sosial inkişafının müxtəlif sahələrində yorulmadan çalışan Azərbaycan qadını bu milli dəyərimizə sadiqliyini bu gün də nümayiş etdirməkdədir.
    Bu baxımdan, öz yaradıcılıq enerjisini xalq və dövlət üçün, bugünkü və gələcək nəsillərın rifahı üçün hərtərəfli fəaliyyət proqramına çevirmək missiyasını öz üzərinə götürmüş Mehriban Əliyeva XXI əsr Azərbaycan qadınının ən parlaq obrazıdır.
    Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycanın müasir tarixində qadın hərəkatının yeni bir səhifəsini başladıb. Mehriban Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir.
    Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəblər”, Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.
    İdmana qayğı, ölkəmizdə sağlam nəslin yetişməsinə dəstək də Mehriban xanım Əliyevanın fəaliyyətində prioritet sahələrdəndir. O, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü seçilib. Müvafiq olaraq, 2005, 2007, 2009 və 2014-cü illərdə gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasında və Azərbaycanın idman ölkəsi kimi dünyada tanıdılmasında mühüm rol oynayıb.
    2013-cü ilin yanvarında dövlət başçısı cənab İlham Əliyevin Birinci Avropa Oyunlarının yüksək səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə imzaladığı Sərəncama müvafiq olaraq Təşkilat Komitəsi yaradılmış və Mehriban Əliyeva həmin Komitənin sədri təyin edilmişdir. Dünyanın aparıcı şəhərlərində I Avropa Oyunlarına dair təqdimatların keçirilməsi Azərbaycanın dünyada tanıdılması üçün tarixi fürsət olub. Birinci Avropa Oyunlarına hazırlıq işlərinin mükəmməl şəkildə tamamlanması və bu mötəbər yarışın Olimpiya oyunları səviyyəsində təşkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin gərgin əməyi sayəsində mümkün olub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Mehriban xanım Əliyevanın ölkəmizin ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunması Azərbaycanın Birinci xanımının fəaliyyətinə verilmiş ən yüksək dəyərdir. Bu mükafatla ölkə başçısı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərin Azərbaycan xalqı və dövləti üçün nə qədər əhəmiyyətli olduğunu göstərib.
    Mehriban Əliyevanın ictimai-siyasi-mədəni sahələrdə çoxsaylı təşəbbüslərin müəllifi kimi önə çıxması Azərbaycan qadınının inkişafı üçün yeni üfüqlər açıb.
    İdmandan təhsilə qədər, mədəniyyətdən səhiyyəyə qədər, xeyriyyəçilikdən multikulturalizm təşəbbüskarlığına qədər əhatəli fəaliyyət potensialına malik olan Mehriban Əliyevanın ölkəmizin bütün ictimai, siyasi, mədəni dairələri tərəfindən güclü Azərbaycan qadını kimi tanınması və sevilməsi ona göstərilən siyasi etimadın zəruriliyini doğurmuşdu. Məhz buna görə keçən ilin fevral ayında ölkə başçısının Fərmanı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti təyin olundu. Bu təyinatın xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanması cəmiyyətimizdə Azərbaycan qadınına verilən yüksək dəyərin ifadəsidir. Bu təyinat Mehriban Əliyevaya öz işinə, uğrunda illərlə əmək sərf etdiyi ideallara xidmət etmək üçün daha geniş imkanlar açmaqla yanaşı həm də Azərbaycan qadınının öz üzərinə daha böyük məsuliyyət götürmək imkanlarını nümayiş etdirir.

    Rəna İsmayılova
    Respublika Psixiatriya Xəstəxası Publik Hüquqi Şəxsin Baş direktorunun müavini, həkim-psixiatr

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ