Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin bu günlərdə Pakistana dövlət səfəri əlaqələrimizin dünəninə, bu gününə və gələcəyinə işıq saldı: “Cənab İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşləri oldu və hazırda münasibətlərimizin yeni sahələr üzrə inkişafı üçün geniş imkanların mövcudluğu qeyd edildi. İmzalanan 15 sənəd bunun təsdiqidir. Hər bir sənəd əlaqələrin inkişafında yeni bir istiqamətdir. Azərbaycan-Pakistan münasibətləri möhkəm təmələ əsaslanır. Pakistanın Baş nazirinin mətbuata bəyanatında qeyd etdiyi kimi, münasibətlərimiz onilliklər ərzində davam edir və hər iki ölkə arasında bu əlaqələr səmimi xarakter daşıyır. Biz fərqli dillərdə danışırıq. Bir-birimizdən uzaqda yaşayırıq. Lakin qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq birlikdə danışırıq, bir yerdə düşünürük, ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq.”
Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edir ki, ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistana işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərdiyi üçün minnətdarıq. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.
Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Ötən ilin iyununda Pakistanın Baş naziri Azərbaycanda səfərdə oldu. Bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 dost, qardaş ölkələrin liderlərinin bir araya gəlməsinə imkan yaradacaq. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında diqqəti COP29-a yönəldərək belə bir əminliyi ifadə etdi ki, COP29 inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Pakistan üçün mühüm beynəlxalq tədbir olacaq: “Biz əminik ki, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə, İnşallah, COP29 Pakistan kimi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələləri ilə bağlı nəticələrə nail olacaq.”
Əliabbas Salahzadə bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir: “Cari ilin iyununda Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının 2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyi, 2023-cü ildə Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, ötən il oktyabrında BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib. Azərbaycan da Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləyir.”
Millət vəkili qeyd edib ki, tərəflər əlaqələrin inkişafında maraqlıdır və bunu atdıqları addımları ilə təsdiqləyirlər: “44 günlük İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana siyasi və mənəvi dəstəyi həm dövlətimiz, həm də xalqımız tərəfindən yüksək dəyərləndirildi. O da məlumdur ki, Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 saylı qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.”
Əliabbas Salahzadə bildirib ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. İkitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açılır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini təmin edəcək.
