Sizin reklam burada
Sizin reklam burada
  • Prezident İlham Əliyev: “Yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”

    Yaşıl gündəliyi nümayiş etdirən Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Yaxşı sərmayə mühiti formalaşdırmış ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.
    Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsində demişdir ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir: “...Ev sahibliyi edən ölkə kimi, Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”
    Dövlətimizin başçısı milli enerji şəbəkəmizi gücləndirməyin vacibliyini vurğulamışdır: “Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır... Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.
    Azərbaycanın “ACWA Power” və BP kimi böyük sərmayədar tərəf müqabillərinin olduğunu qeyd edən Prezident İlham Əliyev bərpaolunan enerji sahəsində strateji tərəfdaşlıq etdiyimiz “Masdar” şirkəti ilə əməkdaşlıqdan danışmışdır: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.
    Ölkəmizin başçısı əvvəl Xəzər Neft və Qaz Sərgisi və Konfransı adı ilə başlamış, bərpaolunan enerji sahəsində işə başladıqdan sonra fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrilən tədbirin enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirdiyinin altını cızmışdır: “Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz”.

    Müşfiq Məmmədli
    Milli Məclisin deputatı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ