Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikrini xatırladan spiker Sahibə Qafarova deyib ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalmaqda davam edəcək.
O, məmnunluqla bildirib ki, yüksək səviyyəli işbirliyi parlamentlərimiz arasında da müşahidə olunmaqdadır. Spikerin sözlərinə görə, 12-ci plenar iclasdan ötən dövr parlament sədrləri, dostluq qrupları və komitələr səviyyəsində qarşılıqlı səfərlər, müntəzəm görüşlər, müxtəlif beynəlxalq platformalarda birgə iştirakla yadda qalıb. Bütün bunlar isə ölkələrimizin birliyi və həmrəyliyinin daha da güclənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına imkan yaradır.
Ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir. Gün keçdikcə təşkilatlarımızın hər birinin fəaliyyəti daha da güclənir və əhəmiyyəti daha da artır. Bu isə, əlbəttə ki, bizim ümumi işimizə olduqca böyük fayda verir. Spiker, bu təşkilatların ölkələrimizin çoxtərəfli fəaliyyətinin mərkəzinə qoyulmasının, onların daha da güclənməsi üçün bütün zəruri addımların atılmasının vacibliyini diqqətə çatdırıb.
