Sizin reklam burada
Sizin reklam burada
  • Qalib Azərbaycan xalqı ilk dəfə olaraq qalib ölkənin prezidentini seçdi

    Qalib Azərbaycan xalqı ilk dəfə olaraq qalib ölkənin prezidentini seçdi Elmar Kərimov,
    Bakı şəhəri 28 saylı Notariat Ofisinin notariusu

    2024-cü il fevralın 7-də Azərbaycan daha bir tarixi hadisəyə şahidlik etdi. Həmin gün bütöv Azərbaycanda keçirilən Zəfər seçkiləri ölkəmizdə mövcud olan demokratik ənənələrə, Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun qanunlar əsasında baş tutdu. Vətəndaşlar tərəddüd etmədən rahat, şəffaf və ədalətli şəkildə məntəqələrə gəlib öz layiqli namizədinə səs verərək yaşadıqları qürurlu dövrün yeni uğurlarına imzalarını atdılar. Gerçəklik isə ondan ibarət idi ki, hər şey xalqın istəyinə uyğun, gözlədiyi tərzdə cərəyan edirdi, ümumxalq birliyi, mütəşəkkilliyi və millət sevgisi aşkar görünürdü. Bu seçkilər, həm də dünyaya xalqımızın seçki mədəniyyətinin və fəallığının nümayişi oldu. Azərbaycana gələn minlərlə xarici müşahidəçi də bütün bunları aydın şəkildə gördü. Fevralın 7-də Azərbaycan xalqı yenidən öz siyasi iradəsini ortaya qoydu, qalib xalq olaraq ölkəmizin hər bir bölgəsində keçirilən seçkidə öz sözünü dedi.
    Müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçirilirdiyinə görə əvvəlkilərdən olduqca fərqli idi - ilk dəfə olaraq qalib ölkənin prezidenti seçilirdi.
    Xalqımız hər zaman olduğu kimi, bu dəfə də inkişafa, sabitliyə, tərəqqiyə səs verdi. Azərbaycan xalqı Heydər Əliyev prinsiplərini və dövlətçilik ənənələrini layiqincə davam etdirən, dəmir siyasi iradəyə malik və verdiyi hər bir sözə əməl edən qalib liderin ətrafında sıx birləşərək ölkəmizin xoş gələcəyi üçün əzmkarlıq və birlik nümayiş etdirdi. Növbədənkənar prezident seçkiləri xalqımızın ədalətli seçimi, ölkəmizin xoşbəxt gələcəyi və güclü, qüdrətli, qalib Azərbaycan naminə atılan addımı, anti-Azərbaycan mövqeyi sərgiləyən bəzi dövlətlərə və beynəlxalq təşkilatlara tutarlı cavab, dövlətimizin tarixi qələbəsini həzm edə bilməyən qara qüvvələrə tarixi dərs oldu. Bu gün dünyaya istər siyasi-iqtisadi, istərsə də hərbi sahədə nümunə sayılan Azərbaycan həm də regionun lider dövləti və əsas söz sahibidir.
    Özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri quruldu və səsvermə hüququ olan hər kəs bu prosesdə həvəslə iştirak etdi. Düşmən tapdağından azad edilən ərazilərdə 26 seçki məntəqəsi, 122 saylı Xankəndi Seçki Dairəsinin Xankəndi şəhərində yaradılmış 14 saylı seçki məntəqəsi ərazi bütövlüyümüzün təcəssümü idi. İlham Əliyevin və ailə üzvlərinin bu məntəqədə səsverməyə qoşulması Azərbaycan dövlətinin suverenliyini və müstəqilliyini bir daha özündə ehtiva edirdi.
    Cənubi Qafqaz regionunda baş verən siyasi proseslər fonunda ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri sözsüz ki, Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyinə ciddi təsir göstərəcək. İlham Əliyevin qətiyyətli siyasi fəaliyyəti nəticəsində işğala, təcavüzə, separatizmə son qoyaraq, öz tarixinin ən güclü dövlətinə çevrilən, bölgədə sülhü bərqərar etməkdə olan Azərbaycan ilə artıq bütün dünya hesablaşır və onu özünün etibarlı tərəfdaşı hesab edir. Qazanılan uğurlar İlham Əliyevin yürütdüyü düzgün siyasi xəttin və diplomatik bacarığın nəticəsidir və Onun dediyi kimi: "Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olmuşdur. Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın".
    Zəfər seçkiləri beynəlxalq aləm üçün çox ciddi siyasi hadisəyə çevrildi. Azərbaycan xalqı əzm və mətanəti ilə öz sözünü deyərək, layiqli namizədə - Qalib ölkənin Qalib Sərkərdəsinə səs verdi. Zəfər seçkilərində 92 faizdən çox səslə qalib cənab İlham Əliyevi bir çox dövlət başçıları qələbə münasibətilə təbrik etməkdədirlər. Dostlar sağ olsunlar, amma əlbəttə ki, ən çox sevinən bizlərik – tərəqqipərvər Azərbaycan vətəndaşlarıyıq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ