Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, xalqı qarşısında Prezident kimi üzərinə götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirən İlham Əliyev cənabları ən böyük vədinə də sadiq qalaraq möhtəşəm Zəfərlə ölkəmizin ərazi bütövlüyünü təmin etdi: “Müsahibəsində Prezidentimiz bu məsələnin üzərində xüsusi olaraq dayandı və Qələbəmizin əhəmiyyətini və rolunu ətraflı izah etdi. Sözsüz ki, bu, böyük tarixdir və bunu dövlətimizin başçısı cənab İlham Əliyev yazıb. Qeyd edək ki, işğala son qoyaraq Azərbaycanın formalaşdırdığı yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanır və ümumilikdə bütün regionun hərtərəfli inkişafını hədəfləyir. Təəssüf doğuran məqam isə odur ki, buna mane olmağa çalışan dövlətlər də var. Məsələn, nədənsə Fransa bundan çox əndişə keçirir, bölgədə sabitliyi pozmağa çalışır, hətta Ermənistana silah ötürür, münasibətlərin normallaşmasına mane olmağa cəhd edir. Təbii ki, arzuları ürəklərində qalacaq. Necə ki, 30 il havadarlıq etdikləri, hərtərəfli dəstək verdikləri Ermənistanın işğal siyasətini Azərbaycan tamamilə iflasa uğratdı. Prezidentimiz həmçinin müsahibəsində “Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik” mesajını verdi. Ermənistan hakimiyyəti və cəmiyyəti tarixə nəzər salıb bu fikri də ciddi nəzərə almalı, Fransanın yalançı vədlərinə və fitnələrinə uymamalıdır”.
“Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə də bağlı məsələlərə münasibət bildirdi. Bununla bağlı Azərbaycan tərəfinin mövqeyi qəti və dəyişməzdir: dəhliz əvvəlki yerdən - Mehri ərazisindən keçməli, Azərbaycan üçün maneəsiz keçid olmalı, təhlükəsizlik təmin edilməli və s. Görürük ki, Ermənistan bununla bağlı üzərinə götürdüyü öhdəlikdən boyun qaçırır. Dəhlizin əhəmiyyətini və onlara gətirəcək xeyri hələ də anlamırlar. Real vəziyyətdə isə onlar daha çox dəhlizin açılmasında maraqlı olmalıdırlar, əks təqdirdə yenə də bir çox layihələrdən kənarda qalacaqlar. Dövlətimizin başçısı növbədənkənar prezident seçkiləri ilə də bağlı fikirlərə aydınlıq gətirdi. Azərbaycanın tarixində yeni dövr başlayıb, ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub, dövlətimizin suverenliyi təmin olunub. Həqiqətən də, bir xalq olaraq çox xoşbəxtik ki, ötən illərə nəzər salanda, həll edilməmiş bir problemimizin qaldığını, reallaşmayan arzumuzu görmürük və gələcəyə yeni arzularla gedirik. Biz bu seçkilərə müzəffər xalq kimi qatılacağıq, qürurla seçimimizi edəcəyik. Bunu tarix sübut edir ki, qədirbilən xalqımız seçimində müdrikdir, öz gələcəyini, Vətəninin parlaq sabahını etibarlı, sınanmış, təcrübəli şəxsə etibar edir. İnanırıq ki, İlham Əliyev cənablarının rəhbərliyi ilə bizi gələcəkdə daha böyük qələbələr, fəth ediləcək zirvələr, o cümlədən dirçəlmiş, sakinlərini bağrına basmış Qarabağımız gözləyir”, - Milli Məclisin deputatı bildirib.
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Prezidentimiz də bu məsələyə toxundu və bunu böyük hadisə adlandırdı. Məlumdur ki, Azərbaycan uzun illərdir beynəlxalq və regionlar tədbirlərin, qlobal əhəmiyyətli müzakirələrin aparıldığı və dünyanı narahat edən problemlərlə bağlı vacib qərarların qəbul edildiyi məkan kimi tanınır. Və ev sahibliyi etdiyi bütün tədbirlər yüksək səviyyədə və nümunəvi şəkildə təşkil olunur. Məhz bunun davamıdır ki, bu cür qlobal tədbirlərin Azərbaycanda keçirilməsinə etibar olunur. Təbii ki, COP29 indiyədək ölkəmizdə keçirilən digər tədbirlərdən əhəmiyyətinə və miqyasına görə xeyli fərqlənir. Prezident İlham Əliyevin də dediyi kimi bu, BMT Baş Assambleyasından da daha mötəbərdir. Bir sözlə, Bakı tədbir çərçivəsində beynəlxalq mərkəz rolunda çıxış edəcək, 80 minə yaxın xarici qonağı qarşılayacaq. Əminik ki, Azərbaycan bunun da öhdəsindən layiqincə gələcək”, - Səttar Möhbalıyev əlavə edib.
