Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir hüquq sisteminin formalaşmasında, o cümlədən Azərbaycan Ədliyyəsinin inkişafında xüsusi rolu

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir hüquq sisteminin formalaşmasında, o cümlədən Azərbaycan Ədliyyəsinin inkişafında xüsusi roluAzərbaycanın hüquqi, demokratik dövlət kimi inkişaf etməsində, dünya birliyinin layiqli üzvünə çevrilməsində ümummilli lider Heydər Əliyevin misilsiz rolu, böyük xidmətləri var. Belə ki, 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, hüquq sistemi demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Üstəlik, ölkədə xaos, anarxiya baş alıb gedir, cəbhədə hərbi uğursuzluqlar yaşanır, AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi sayəsində Azərbaycan vətəndaş müharibəsinə sürüklənir, müstəqilliyin yenidən itirilməsi təhlükəsi yaranırdı. Məhz belə mürəkkəb bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan və xilaskarlıq missiyasını çiyinlərinə götürən ulu öndər Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və dövlət quruculuğu prosesi üçün zəruri olan bir sıra vacib addımların atılmasını təmin etdi.
    Dünyaşöhrətli siyasətçinin milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulması və inkişaf etdirilməsi xüsusi yer tuturdu. Görkəmli dövlət xadiminin müstəqil Azərbaycanda siyasi hakimiyyətdə olduğu ilk illərdə yerli qanunvericilik bazası qabaqcıl beynəlxalq təcrübəyə müvafiq olaraq təkmilləşdirilərək mükəmməl formaya salındı. Onun rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən əsas qanun müstəqil Azərbaycanın ilk Konstitusiyası oldu. Müstəqil Azərbaycanın ilk ali qanunu qəbul edildikdən sonra ardıcıl surətdə aparılan məhkəmə-hüquq islahatlarının əsas məqsədi ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət mexanizmində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi, cinayət və mülki mühakimə icraatında demokratik prinsiplərin həyata keçirilməsi, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi və sair məsələlərin konseptual həlli oldu.
    Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri də ölüm cəzasının ləğvi oldu. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu təsdiqləyir, eyni zamanda, bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirir. Əfv və amnistiya institutlarının görkəmli dövlət xadimi tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilib. Minlərlə məhkumun əfv və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə mənəvi dəyərlər, humanizm hissi aşılayıb. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası isə aparılan humanist siyasətin daha bariz nümunəsidir. Xüsusi vurğulanmalıdır ki, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılıb, həmçinin onun təşəbbüsü ilə Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddi “Amnistiya haqqında” qərarı 60 mindən artıq şəxsə şamil edilib.
    1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulmasının ardınca ulu öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi nəzarəti ilə aparılan islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirildi. Belə ki, 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlığa qarşı mübarizə gücləndirilərək qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu barədə danışılarkən ulu öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanının əvəzsiz rolu xüsusi vurğulanmalıdır.
    Bu sahədə aparılan islahatlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanını verdi. Bu tədbirlər sırasında ümummilli lider Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən bəhrələnərək, xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla xeyli mühüm işlər gördü. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı. Reallıqları dərindən təhlil edən və nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul edildi, ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı.
    Azərbaycanda ədliyyə işinə böyük önəm verən dahi rəhbər tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyəti də o dövrdə yenidən təşkil olunub və bununla da Azərbaycan ədliyyəsi tarixində yeni mərhələ başlanılıb, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli şərait yaradılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunması da dahi rəhbərin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının əyani göstəricisidir. Həyata keçirilən yeniliklər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, test üsulu ilə hakim seçimi aparılıb və nəticədə hakim korpusu 60 faiz təzələnib.
    Bu gün Azərbaycan ədliyyəsinin tarixinə nəzər salanda görürük ki, nazirliyin əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Ədliyyə sisteminin üstünlüyü ondan ibarətdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin, məhkəmə qərarlarından şikayət vermək hüququ təmin edilir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verilir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır.
    İslahatların gedişində Ali Məhkəmənin də funksiya və səlahiyyətlərinə yenidən baxılıb. O, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət, eləcə də digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrilib. Beləliklə, aşağı məhkəmələrin qərarlarına nəzarət etməkdən, işlərə birinci instansiya məhkəməsi kimi baxmaqdan azad olunub. Bununla da Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da “Habeas Corpus” prinsipini tətbiq edən ilk dövlətlərdən olub.
    Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılıb. Hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanıb. Həyata keçirilən hüquqi dövlət quruculuğu prosesi, genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalətli cəmiyyətin, demokratik hüquqi dövlətin qurulmasına yönəlib.
    2006-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə əlavə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib, habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərman imzalanıb. Dövlət başçısının 06 fevral 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.
    Əldə olunan nailiyyətlər və qazanılan ardıcıl uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edib. Buna görə də, Prezident İlham Əliyev bu istiqamətdə yeni mərhələnin əsasını qoyan və məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək üçün məhkəməyə müraciət imkanlarını daha da genişləndirmək, məhkəmələrin fəaliyyətində şəffaflığı artırmaq, məhkəmə icraatının effektivliyini yüksəltmək, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsini təmin etmək, süründürməçiliyin, eləcə də digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirləri gücləndirmək olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərman imzalayıb.
    Ölkəmizdə insan hüquq və azadlıqlarına xüsusi önəm verilməsindən bəhs edərkən, humanizm prinsiplərini daim uca tutan və sonsuz xeyirxah əməlləri ilə hər kəsin rəğbətini qazanan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə gördüyü əhəmiyyətli işləri, o cümlədən onun təşəbbüsü ilə qəbul olunan qanunları və amnistiya aktlarını da vurğulamaq yerinə düşər. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi dövrdə, məhz onun təşəbbüsü ilə bilavasitə insan hüquq və azadlıqlarının müdafiəsini, eləcə də vətəndaşların qanuni mənafelərinin qorunmasını özündə əks etdirən çoxsaylı qanunlar və on minlərlə insana şamil olunan 4 amnistiya aktı qəbul edilib ki, bütün bunlar insan amilinə verilən böyük dəyərin təcəssümü olub.
    Yekun olaraq qeyd edək ki, ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətini yüksək peşəkarlıqla zamanın tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi biliklərinin, siyasi iradəsinin, yorulmaz fəaliyyətinin və mükəmməl liderlik qabiliyyətinin, eləcə də iqtidarla xalq arasında olan sıx bağlılığın sayəsində dövlətimiz daha da qüdrətlənib. Qüdrətli dövlətin güclü iqtisadiyyatı mövcud olan ictimai münasibətlərin yenilənməsinə və müasir ictimai münasibətlərin yaranmasına rəvac verib ki, bu da müvafiq hüquqi bazanın təkmilləşdirilməsinin zəruriliyini şərtləndirib. Məhz bu zərurətdən irəli gələrək, qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanı olan Ədliyyə Nazirliyi də öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurur, insan hüquq və azadlıqlarının, ədalətin ölkədə bərqərar olması istiqamətində inamlı addımlar atır.

    Ağayeva Nərmin,
    Bakı şəhəri 53 saylı notariat ofisinin hüquqşünası


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ