Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan hər zaman istədiyinə nail olur, hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynlxalq hüquqa söykənən siyasətidir: “30 illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti olması, tezliklə münaqişənin həll edilərək öz dogma yurd-yuvalarına qayıdacaqları ilə bağlı böyük inamla söylədiyi fikirlər, bu istiqamətdə atılan addımlar xalqın gələcəyə əminliklə baxmasını şərtləndirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunun təsdiqi oldu. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazdı. Hazırda azad Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Dövlət başçısı İlham Əliyevin sözügedən müraciətində söylədiyi “Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!” fikirləri özündə bu günümüz və gələcəyimizlə bağlı hədəfləri açıqlayır.”
Əliabbas Salahzadə qeyd edib ki, antiterror tədbirlərinin uğurla başa çatması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, müdrik və uzaqgörən siyasətinin, xalqımızın dövlət başçısının ətrafında “dəmir yumruq” kimi birləşməsinin məntiqi nəticəsidir: “Qeyd edək ki, bu gün Azərbaycanın Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək. Görüşdə Azərbaycanın gələcək birgə yaşayış baxışları onlara çatdırılacaq. O da məlumdur ki, Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina etdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin antiterror tədbirlərinin dayandırılması ilə bağlı şərtlərinə uyğun olaraq qarşı tərəfin ifadə etdiyi razılıqda bu məsələ də öz əksini tapıb. Qarabağda yaşayan erməni icmasının nümayəndələri təklif etdiyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar. Cənab İlham Əliyev müraciətində bu məqama diqqəti yönəldərək bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir.”
Millət vəkili növbəti Qələbəmizin yaratdığı reallıqlar fonunda sülh müqaviləsinin tezliklə imzalanacağına inamını da ifadə edib: “Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti, müsahibələri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi: “Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.”
/atributinfo.az/
