"Bu günə kimi Laçında 620-i fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmənzilli bina olmaqla 700 bina inşa edilib və bu işlər davam edir. Cari il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır.
Bu il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Həmçinin 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Prezident İlham Əliyev avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”. Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın şəhərini cəmi 8 ay ərzində qurub- yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki: “Xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır”. Bu gün istər işğaldan azad olunmuş torpaqlarımızda, istərsə də regionlarımızda görülən işlər, İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur."- Deputat bildirmişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
