Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan-Litva münasibətləri perspektivli gələcəyə əsaslanır

    Vüqar İsayev,
    Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

    Bu gün möhkəm bünövrə üzərində qurulan, fəal siyasi dialoq şəraitində inkişaf etdirilən Azərbaycan-Litva münasibətləri faydalı və məhsuldar əməkdaşlığa əsaslanan perspektivli gələcəyə əsaslanır. Bərabərhüquqlu və qarşılıqlı anlaşma əsasında qurulan Azərbaycan-Litva əlaqələri etibarlı tərəfdaşlıq zəminində inkişaf etdirilir.
    İki ölkə arasındakı əlaqələrin tarixi uzaq keçmişə getsə də, hər iki xalqın dostluğu bütün dövrlərdə davam etdirilmişdir. Hələ keçmiş Sovet İttifaqının tərkibində olarkən ölkələrimizi ümumi tarix birləşdirmiş, ötən əsrin sonlarında isə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələr arasında əlaqələr yeni məna və məzmun kəsb etməyə, ikitərəfli münasibətlər inkişaf etməyə başlamışdı. Belə ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Litva Respublikası ilə diplomatik münasibətlər 1995-ci il noyabr ayının 27-də qurulmuş, 2007-ci ildə Litvanın ölkəmizdə, həmçinin Azərbaycanın Litvada səfirliyi açılmışdır. Bundan sonra Litva-Azərbaycan münasibətlərinin inkişafı siyasi, iqtisadi və mədəni sahələrdə öz əksini tapmışdır. Prezident İlham Əliyevin 2007-ci ildə Litva Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" və 2010-cu ildə Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında mədəniyyətin bütün sahələrini, o cümlədən elm, təhsil, gənclər, ictimai və qeyri-hökumət təşkilatlarını nəzərdə tutan "Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı Səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu" humanitar sahənin inkişafına böyük təkan vermiş, mədəniyyət və turizm sahəsindəki əlaqələri daha da dərinləşdirmişdir. İqtisadi əlaqələr də şaxələndirilərək sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları və başqa sahələri əhatə etmişdir. Dövlət səviyyəsində müxtəlif vaxtlarda keçirilən çoxsaylı görüşlər və biznes forumlar ölkələrin iqtisadi əlaqələrini daha da möhkəmləndirmiş, gələcək əməkdaşlığa əsaslı zəmin yaratmışdır. Azərbaycan-Litva münasibətlərinin dərinləşməsinə humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı müsbət təsir göstərmiş, dostluq əlaqələri təhsil sahəsində də özünü büruzə vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Litvaya ilk rəsmi səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, dövlət əhəmiyyətli sənədlərin imzalanma mərasimi olmuşdur. Sənədlərdən ən mühümü isə "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannaməsi olmuşdur. Ölkə başçımızın səfəri Azərbaycan-Litva əlaqələrinin bütün istiqamətlərdə inkişaf etdirilməsinə zəmin yaratmış, ölkələrimiz arasında tərəfdaşlığın hüquqi bazasına çevrilmiş və münasibətlərin yüksələn xətlə inkişafına geniş perspektivlər açmışdır. Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən görüş zamanı demişdir: "Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir". Ötən dövr ərzində dövlət və hökumət başçıları, parlament sədrləri və nazirlər səviyyəsində davamlı xarakter alan görüşlər münasibətləri strateji tərəfdaşlıq zirvəsinə yüksəltmişdir. Belə ki, Avropa İttifaqının və NATO-nun tamhüquqlu üzvü olan Litva Respublikası ilə Azərbaycan bu gün ATƏT, NATO, Avropa İttifaqı və digər təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Ötən il Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri isə iki ölkənin iqtisadi, mədəni, siyasi və sosial əlaqələrini yenidən canlandırmış, siyasi münasibətlərdə, strateji tərəfdaşlıqda yeni mərhələ yaratmışdır. Azərbaycan-Litva biznes forumunun açılışı iqtisadi sektorda əməkdaşlığın gücləndirilməsinin mümkünlüyünü ehtiva etmiş və kənd təsərrüfatı, turizm, enerji, bərpaolunan enerji mənbələri, nəqliyyat və s. kimi sahələrdə sağlam, faydalı işbirliyinə daha fəal əməkdaşlığın təməli atılmışdır. İqtisadiyyatın şaxələndirilməsini dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirən Azərbaycan Avropa İttifaqı ölkələri ilə strateji münasibətlərin davamlılığında, biznes əlaqələrinin möhkəmlənməsində maraqlıdır. Avropa ilə Asiyanın quru və hava yollarının kəsişməsində yerləşən strateji mövqeyi də Avropa İttifaqının və ona üzv dövlətlərin ölkəmizlə əməkdaşlıq etmək marağını artırır.
    Avropa İttifaqının fəal üzvlərindən olan Litva Azərbaycanla əlaqələrin gələcəyinə inamla baxır. Prezident İlham Əliyevin mayın 21-də Litva Respublikasına rəsmi səfəri də bu baxımdan böyük əhəmiyyətə malikdir. Vilnüsdə ölkə başçımızla Prezident Gitanas Nausedanın görüşündən sonra Azərbaycan-Litva sənədlərinin imzalanma mərasimi keçirilmişdir. Mətbuata bəyanatla çıxışı zamanı Litva Prezidenti Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlərdən, eyni zamanda ölkələrimiz arasında informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat sahələrində əməkdaşlıqdan bəhs etmiş, Azərbaycan Prezidentinin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə və davamlı inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirmişdir. İki ölkə arasında əməkdaşlıq haqqında sazişlərin imzalandığını bildirən Gitanas Nauseda Litvanın uzun illərdir beynəlxalq əhəmiyyətli layihələrdə Azərbaycanla birgə iştirak etdiyini və Avropa İttifaqının Tvinninq və Şərq Tərəfdaşlığı proqramları çərçivəsində tərəfdaş olduqlarını vurğulamışdır. Litvaya səfərini ölkələr arasında tərəfdaşlığın təsdiqi kimi qiymətləndirən İlham Əliyev Azərbaycan ilə Litva arasında fəal siyasi dialoqun müsbət nəticələrdə müşahidə olunduğunu, əldə olunan nailiyyətlərin əməkdaşlığın bütün sahələrində öz əksini tapdığını bildirmiş, bu uğurların siyasi müstəvidə olduğu kimi, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də özünü göstərəcəyinə inamını ifadə etmişdir. Litva ilə birgə ölkəmizin bərpaolunan enerji növlərinin yaradılması istiqamətində paralel işlər aparıldığına diqqətçəkən Prezident İlham Əliyev yaxın gələcəkdə bu istiqamətdə də əməkdaşlığın mümkünlüyünü vurğulamış, Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyini yüksək qiymətləndirmişdir. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni ixrac edilən qazın həcmi ildən-ilə artır.
    Xarici siyasətində dünya ölkələri ilə əlaqələrini daha da genişləndirməyə, hərtərəfli əməkdaşlığa, beynəlxalq sülhü və təhlükəsizliyi, inteqrasiya prinsiplərini möhkəmləndirməyə böyük önəm verən müstəqil Azərbaycan hamı ilə dostluq, tərəfdaşlıq münasibətləri yaradır, ayrı-ayrı dövlətlərlə qarşılıqlı əlaqələrə üstünlük verərək siyasi, iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə əməkdaşlıq edir. Bu gün milli maraqlara söykənən, inkişafa, tərəqqiyə xidmət edən çoxşaxəli əməkdaşlıq və dostluq münasibətləri Azərbaycanı sülhsevər, tolerant, regionda və bütün dünyada sülhə, əmin-amanlığa mühüm töhfə verən ölkə səviyyəsinə yüksəltmişdir.

    /atributinfo.az/



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ