Şamaxı soyqırımı 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi silsilə soyqırımın bir parçasıdır. Başqa sözlə desək, etnik təmizləmə siyasəti. Şamaxı soyqırımı dünyada görünməmiş vandalizm və qəddarlıqla yadda qalıb.
Şaumyanın göstərişi ilə Stepan Lalayev 1917-ci ildən başlayaraq gizli şəkildə Şamaxıda yaşayan ermənilərə silah-sursat paylamışdı. Görünən odur ki, Şamaxı soyqırımı hələ bir il öncədən planlanmışdı. Bu dövrdə müxtəlif cəbhələrdən 7000 erməni əsgəri Bakıya gətirilərək Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edildi. Erməni alimi Q.Avetisyan qeyd edirdi ki, “Bakıda 25 alay, 18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi”. Hələ yanvarda Bakı Soveti tərəfindən 15 maşın silah, martın ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.
1918-ci il martın 18-də səhər saat 6 radələrində ermənilər Şamaxını mühasirəyə alaraq 10 topdan, yüzlərlə pulemyotdan və digər silahlardan şəhəri atəşə tutdular. Sübh çağı Şamaxının azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyanırlar. Evlərindən çıxarkən görürlər ki, şəhər cənubdan ermənilər, şimali-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tuturlar. Bubdan bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər. Bu da onların faha bir hiyləgər siyasətinin göstəricisidir. Ermənilər azərbaycanlıların evlərini talan edir, yandırır və dinc əhalini qəddarlıqla qətlə yetirirdilər.
Zahir Məmmədov
"Atributinfo.az"
