Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı
Yeniləşən Azərbaycanda yeni siyasi sistem və siyasi münasibətlərin də yeniləşməsi zamanın tələbidir. Yeni dövr siyasi təşkilatlardan öz daxilində islahatlar aparmağı, yeni çağırışları öz daxilində tətbiq etməyi diqtə edir. Eyni zamanda, “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklər siyasi təşkilatlar üçün müəyyən mənada, yenidən formalaşmağı, öz fəaliyyətini müvafiq qanunvericiliyə uyğunlaşdırmağı tələb edir. Bu mənada, Yeni Azərbaycan Partiyası zaman-zaman özünü təftiş edən, zamanla ayaqlaşmayan məsələləri sıradan çıxaran, daim yenilikləri öz fəaliyyətində tətbiq edən ən mükəmməl siyasi təşkilatdır.
Yeni Azərbaycan Partiyasının yaranması o dövrdə ölkəmizdə cərəyan edən hadisələrin. mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Çünki, ziyalılarımız, eyni zamanda, milyonlarla həmvətənimiz əmin idi ki, ölkəmizin düşdüyü böhtanlı vəziyyətdən çıxması yalnız Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı.
Bununla da, Azərbaycan tarixinin yeni mərhələsi başlandı.
Yeni Azərbaycan Partiyasının üzvləri öz fəaliyyətlərini Ulu Öndərin siyasətinə uyğun qurmağa çalışırlar. Bu gün Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin liderliyi ilə siyasi yeniləşmənin önündədir.
Ölkəmizdə siyasi dialoqun inkişafı dövlətimizin siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. YAP hər zaman bu yöndə təşəbbüsləri ilə fərqlənib. Hakim partiya olmağın məsuliyyətini və böyüklüyünü dərk edərək hətta fərqli mövqeli siyasi partiyalara da konstriktiv yanaşıb, vaxtaşırı təşkil etdiyi tədbirlərə geniş siyasi spektri dəvət edib.
Yeni Azərbaycan Partiyasının üzvlərinin bilavasitə iştirak etdiyi, dövlət siyasətindəki uğurlar ölkəmizin inkişafını təmin edir. Bu uğurlar içərisində sözsüz ki, torpaqlarımızın işğaldan azad edilməsi, Vətən müharibəsində qazanılmış parlaq Qələbə birinci yerdə gəlir. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib.
44 Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan qarşısında yeni üfüqlər açıb. Azərbaycan bu gün yalnız bir Cənubi Qafqaz ölkəsi olmaqdan çıxıb, dünyada geosiyasi münasibətlər sistemində aktiv rol oynamaqdadır.
Bu günlər ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə toplantısının keçirilməsi, bu toplantıya dünyanın demək olar ki, əksər ölkələrinin dövlət və hökumət başçılarının, təmsilçilərinin iştirakı Azərbaycanın dünyadakı nüfuzunun, etibarının göstəricisidir.
Azərbaycanın çoxşaxəli beynəlxalq siyasətində Avropa İttifaqı ilə sıx əlaqələr, xüsusilə, Avropanın enerji resursları ilə təchizatı mühüm yer tutur. Bütün bunlar ölkəmizin Avropa məkanında ciddi və vacib müttəfiq kimi qəbul edilməsidə əhəmiyyətli rol oynayır.
Beynəlxalq əlaqələrin gücləndirilməsi Yeni Azərbaycan Partiyasının fəaliyyətində də prioritet xətt təşkil edir. Partiyanın xarici əlaqələri sırasında qardaş Türkiyənin hakim - Ədalət və İnkişaf Partiyası ilə uzunmüddətli əməkdaşlıq xüsusi yer tutur.
Bu, hər iki partiyanın liderləri arasında olan səmimi dostluq, qardaşlıq münasibətlərindən irəli gələn əlaqələrdir. Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə YAP üzvlərinin göstərdiyi humanitar yardımlar da qardaşlıq münasibətlərinin bir nümunəsidir.
Qarşıdakı dövr üçün YAP özü üçün strateji hədəflər müəyyən edib. Bunlar, Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və başqaları.
Ümid edir və inanırıq ki, Yeni Azərbaycan Partiyası, o cümlədən, Kəlbəcər rayon YAP üzvləri bu hədəflərin gerçəkləşməsində yaxından iştirak edərək dövlətimizin daha da güclənməsinə öz bilik və güclərini tətbiq edəcəklər.
