Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin sədr müavini Adil Əliyev: “Prezident ADA Universitetindəki konfransda Laçın mövzusuna xüsusi diqqət yetirdi”

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusu darmadağın edildikdən və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldıqdan sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməli oldu. Nəhayət, Laçın rayonu 1 dekabr 2020-ci ildə 28 illik işğaldan sonra Azərbaycana qaytarıldı.
Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannaməyə əsasən, 3 il ərzində, yəni 2023-cü ilin noyabr ayına qədər yeni yol inşa edilməli və əvvəlki yolun üzərində yerləşən Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qayıtmalı idi. Ermənistan bu razılaşmanın yerinə yetirilməsinə qarşı müəyyən pozucu cəhdlər və hərəkətlər etdi. Erməni tərəfi məsələnin icrasını müxtəlif bəhanələrlə uzatmaqla onu qeyri-müəyyən müddətə təxirə salmağa və yəqin ki, ümumiyyətlə icrasından boyun qaçırmağa çalışırdı. Bu işdə Ermənistana onun xarici havadarları da öz köməyini əsirgəmirdi.
Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində bu, hətta Bəyannamədə nəzərdə tutulan vaxtdan bir il tez, yəni 25 avqust 2022-ci ildə baş verdi. Beləliklə, Laçın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycanın nəzarətinə qayıtdı. Bu fakt onu göstərir ki, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, dövlətimiz müstəqil siyasət aparır və heç bir qüvvə bizi qorxuda bilməz.
Prezident Azərbaycanın heç kəsdən qorxmadığını ADA Universitetində keçirilmiş "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bir daha bəyan etdi.
Forumda xarici beyin mərkəzlərinin nümayəndələri iştirak edirdi. Bundan əlavə, dövlət başçımız orada bir sıra mühüm məsələlərlə bağlı mövqe və fikirlərini səsləndirdi, forum iştirakçılarının suallarını cavablandırdı. Tədbir zamanı aparılan müzakirələr aydın surətdə göstərdi ki, ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan dövləti post-münaqişə dövründə mühüm regional və beynəlxalq aktor kimi inkişaf etməkdədir.
Əsas mövzusu Orta Dəhliz olan bu mühüm beynəlxalq konfransda Prezident İlham Əliyev çıxışında və şərhlərində bir neçə dəfə Laçının adını qeyd etdi ki, bu da Laçın rayonunun xüsusi əhəmiyyət kəsb etməsindən və bu əhəmiyyətin həm də beynəlxalq səciyyə daşıdığından xəbər verir. Prezident bildirdi ki, Laçındakı hava limanı xüsusi əhəmiyyətə malikdir, çünki Laçına gediş asan deyil. Ona görə də bu, əsasən orada yaşayacaq insanlar üçün əhəmiyyət kəsb edir. Bununla, dövlət başçısı Laçın rayonuna öz doğma sakinlərinin qayıtması məsələsinin prioritet olduğunu diqqətə çatdırdı. Cənab Prezident həm də beynəlxalq enerji şirkətlərini işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Laçında bərpa olunan enerji potensialının reallaşdırılmasında iştirak etməyə çağırdı.
Laçın Beynəlxalq Hava Limanının işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacağını qeyd edən Prezident İlham Əliyev Azərbaycanda beynəlxalq hava limanlarının sayının doqquza çatacağını bildirib. “Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür”, deyə o, Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasının gözlənildiyini vurğulayıb. Beləliklə, dövlət başçısı Laçın Beynəlxalq Hava Limanının əhəmiyyətini təkcə ölkədaxili kontekstdə deyil, eləcə də Azərbaycanın beynəlxalq tranzit qovşağı kimi çıxış etməsi fonunda qeyd etdi. Bu gün Azərbaycanda inkişaf etdirilən və şaxələndirilən nəqliyyat-tranzit infrastrukturu ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsi rolu oynamasına xidmət etməklə yanaşı, həm də ölkə daxilində müxtəlif rayonlar və regionlar arasında mükəmməl yol-nəqliyyat şəbəkəsinin formalaşdırılmasını özündə ehtiva edir. Bu baxımdan, işğaldan azad edilmiş və yenidən qurulan Laçın rayonunun Azərbaycanın yol-nəqliyyat infrastruktur şəbəkəsində özünəməxsus yerinin formalaşdırıldığı aydın görünür.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ