Milli Məclisin deputatı
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, həm birinci, həm də ikinci Qarabağ müharibələri dövründə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri törədiblər. 2020-ci il oktyabrın 17-də münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə atəşə tutulmuşdu. Bu dövlət terrorizmi aktı nəticəsində 15 nəfər dinc sakin həyatını itirmiş, 79 mülki şəxs yaralanmışdır.
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə 5 raket hücumu nəticəsində 26 dinc sakin həlak olub, 175 adam yaralanıb.
Gəncəyə qarşı terror aktlarının ildönümü ilə əlaqədar dünən Gəncədə anım mərasimləri, beynəlxalq konfrans və digər tədbirlər keçirilib. Milli Məclisin deputatları həmin tədbirlərdə iştirak ediblər.
Biz erməni terroru nəticəsində şəhid olmuş insanlarımıza Allahdan rəhmət, onların yaxınlarına səbir diləyirik.
Sonra Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcını qoymuş Müstəqilliyin bərpası günüdür. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması, təqribən 70 il sonra, 1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycan xalqının dövlətçilik potensialının yeni şəraitdə real şəkil alması və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi idi.
Lakin xalqımız əsrin əvvəllərində qurduğu dövlətini cəmi 23 ay yaşada bilmişdisə, əsrin sonlarına yaxın müstəqil dövlətini Ulu Öndər, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində qoruyub saxlaya bildi.
