Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu
44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü qeyd olunacaq. Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamda da qeyd edildiyi kimi:
"Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq”.
27 sentyabr Anım Günü ilə bağlı respublikamızın hər yerində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlərə ilk olaraq Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə start verilib.
Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük müharibə dövrü ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı.
Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.
30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.
İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişərək tamamilə yeni reallıqlar yaratdı. Ən böyük reallıq isə təbii ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi oldu. Regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranması, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanılması da bu reallığın əsas göstəriciləridir.
Azərbaycan artıq regionda “Dağlıq Qarabağ münaqişəsi”, “status”, “status-kvo”, “Madrid prinsipləri”, “mərhələli həll”, “5+2” kimi ifadələri siyasi leksikondan birdəfəlik çıxarıb. Bu terminlər artıq tarixə çevrilib. Bunun yerini leksikonda “Şərqi Zəngəzur”, “Zəngəzur dəhlizi”, “10 noyabr Bəyanatı” kimi ifadələr tutub və hər biri 44 günlük müharibənin nəticəsi olaraq yaratdığı yeni reallıqları təcəssüm etdirir.
Müharibənin bitməsindən ötən 10 ayda baş verənlər göstərir ki, Ermənistanın bu reallıqları qəbul etməsindən, 10 noyabr Bəyanatının tələblərini yerinə yetirməsindən başqa yolu yoxdur. Başqa cür desək, şərtləri qalib Azərbaycanın diktə etdiyi hazırkı geostrateji reallıqlar fonunda Ermənistanın konstruktiv mövqe sərgiləməkdən başqa şansı yoxdur. Bu ölkə üçtərəfli Bəyanatın bəndlərinin reallaşmasını sürətləndirməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə əlaqədar konkret işlər görməli, sülh müqaviləsinə hazırlıq işlərinə başlamalıdır.
2003-cü ildən bəri xalqın bütün sevinclərini Prezident İlham Əliyevin uğurlu siyasəti təmin edib, onun siyasi uğurları isə həmişə xalqın dəstəyi ilə ərsəyə gəlib. Bütün işləri ardıcıllıqla yerinə yetirən, nəyin nə zaman reallaşdırılaca¬ğını yaxşı bilən Prezident İlham Əliyev son 18 ildə həm siyasi, həm də iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdi, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdi və əsas məsələmizin həllinə - ərazi bütövlüyümüzün bərpasına nail oldu.
