Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bir il uzadılması qlobal miqyasda ölkəmizə göstərilən etimadın növbəti nümunəsidir

    Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bir il uzadılması qlobal miqyasda ölkəmizə göstərilən etimadın növbəti nümunəsidirSara Xanlarova
    Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim

    Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı Konfransında 40-dan çox ölkənin parlamenti və 9 beynəlxalq parlament təşkilatı təmsil olundu. Hərəkata üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisi olan konfrans vacib müzakirələrlə yadda qaldı.
    BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan, 120 ölkəni birləşdirən QH dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur. Azərbaycanın üzv olduğu digər təşkilatlarla müqayisədə QH-də iştirakı nisbətən yenidir. Belə ki, milli maraqlarımızı qətiyyətlə təmin edən xarici siyasət kursu yürüdən respublikamız QH-yə cəmi 11 il əvvəl - 2011-ci ildə tamhüquqlu üzv olmaq barədə qərar verib.
    Ölkəmiz ilk gündən hərəkatın ruhuna və prinsiplərinə hörmətlə yanaşıb. Bu da ondan irəli gəlir ki, rəsmi Bakı bütün dövlətlərlə bərabər əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş siyasət həyata keçirir. Ona görə hərəkata üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb.
    Azərbaycan 2019-cu ildən QH-yə sədrliyi həyata keçirir. Bu dövr ərzində hərəkatın sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm tədbirlər həyata keçirilib. Bu sıradan QH-nin pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olunub və böyük razılıqla qarşılanıb. Həmin tədbirlər pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyin, o cümlədən COVID-19 əleyhinə peyvəndlərə əlçatanlığın təmin edilməsində böyük rol oynayıb. Ötən ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib.
    Ümumiyyətlə, Azərbaycanın QH-yə sədrliyi səmərəli olmaqla, hərəkatın fəaliyyətinin daha da canlandırılmasına, onun qlobal proseslərdə iştirakına böyük töhfələr verib. Respublikamızın hərəkata sədrliyinin bir il uzadılması da bundan irəli gəlir. Bu, qlobal miqyasda ölkəmizə göstərilən etimadın növbəti nümunəsidir. Respublikamız isə bundan sonra QH-nin fəaliyyətini qlobal problemlərin həlli uğrunda qətiyyətlə və layiqincə səfərbər edəcək.
    "Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının Sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik", - bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zamanı bildirib.
    Qeyd edək ki, Prezident İlham Əliyevin QH-nin qlobal səviyyədə gedən proseslərdə rolu barədə fikirləri təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.
    Xatırladaq ki, ötən il QH-də Azərbaycan təşəbbüsü əsasında Hərəkatın üzv dövlətlərini təmsil edən gənclərin iştirakı ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi təsis olunub. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bunlar QH-nin institusional inkişafı üçün atılmış mühüm addımlardır.
    Azərbaycanın QH-yə uğurla sədrlik etməsinin başqa bir nümunəsi təşkilatın Parlament Şəbəkəsinin yaradılmasıdır. QH-nin prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabr ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub.
    QH Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın bu təşkilatın fəaliyyətinə tarixi töhfəsidir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə təsis olunan Parlament Şəbəkəsi təşkilata üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki bir sıra mövcud problemləri yalnız beynəlxalq səylər nəticəsində birgə həll etmək mümkündür.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ