Azərbaycan etnik, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları üçün eyni hüquq və azadlıqları təmin edir.
Bu sözləri Böyük Britaniyanın Birminhem şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 29-cu illik sessiyasında çıxışı zamanı Milli Məclisin deputatı Əminə Ağazadə söyləyib.
Əminə Ağazadə bildirib ki, Azərbaycan münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşların da öz siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməsində qətiyyətlidir. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir.
Azərbaycan yüz minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz şəraitdə öz doğma yerlərinə qayıtmasını və münaqişədən zərər çəkmiş ərazilərdə dinc yanaşı yaşamasını bərpa etmək məqsədilə reabilitasiya, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoyub.
“İnsan hüquqları məsələsinə gəldikdə, insan hüquqlarına və əsas azadlıqlara hörmət konstitusiya və hüquqi çərçivədə cəmiyyətlərdə bərabər əsaslarla təmin edilməlidir. Bunu ATƏT-in ümumi prinsipləri və öhdəlikləri tələb edir”, - deyə deputat qeyd edib.
