Sizin reklam burada
Sizin reklam burada
  • Zəfər qurultayı tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrdən biri kimi daxil olacaq

    Zəfər qurultayı tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrdən biri kimi daxil olacaq Aslanov Eldar İkram oğlu,
    Azərbaycan Dövlət Pedaqoji Universitetinin
    tədris işləri üzrə prorektoru,
    Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

    Aprelin 22-də Dünya Azərbaycanlılarının V Qurultayının məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi rəmzi məna daşıyır.
    Qurultayın əsası 2001-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümumilli lider həmin qurultayda çıxış edərkən bildirib ki, “Gün gələcək bu qurultay Şuşada və işğaldan azad edilmiş Azərbaycanımızın digər şəhərlərində keçiriləcək”.
    Bu uğurlu başlanğıcdan sonrakı dövrdə möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə ölkəmizdə dünya azərbaycanlılarının daha üç qurultayı keçirilib. Bu qurultayların hər birinin xalqımızın tarixində öz yeri və əhəmiyyəti vardır. Lakin Şuşada keçirilən beşinci qurultayın əhəmiyyəti xüsusilə böyükdür. Çünki bu qurultay Vətən müharibəsində qazandığımız tarixi zəfərdən sonrakı dövrdə təşkil olundu.
    2020-ci ildə Silahlı qüvvələrimiz 44 günlük savaşla dövlətçiliyimizin ən şərəfli səhifələrini yazdı və əldə etdiyi tarixi zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın uzun müddətli işğalına son qoydu. Azərbaycan Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürüb kapitulyasiyaya məcbur etdi. Tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər.
    Müstəqillik tariximizdə ilk dəfə qurultayın düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bütün dünyaya mesajdır. Yəni, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydirlər. Azərbaycanın diaspor təşkilatları, xaricdə yaşayan soydaşlarımız öz vətənləri ilə əlaqələrini daim gücləndirməyə çalışmalıdırlar. Ölkə başçısı cənab İlham Əliyev qurultaydakı nitqində qeyd etmişdir ki: “Əlbəttə, biz hamımız istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün”.
    Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də, erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırıb. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın apardığı düşünülmüş, məqsədyönlü xarici siyasət nəticəsində müstəqil Azərbaycan dünyada sayılıbseçilən nüfuzlu ölkələr sırasında yer alıb. Azərbaycan diasporu indi yüksək səviyyədə təşkilatlanmış formadadır. Soydaşlarımızın qədim, azad Şuşanı görmək, gəzmək arzusuna imkan verən qurultay uzun illər təkcə tədbir iştirakçılarının deyil, həmçinin, xalqımızın xatirəsində yaşayacaqdır.
    Bu gün Ermənistanın siyasi dairələri Şuşada keçirilən Zəfər qurultayı ilə bağlı ciddi narahatlıq keçirirlər. Azərbaycan yeni tarix yaradır və yazır. Şuşada Qarabağ zəfəri, milli həmrəylik, xalq-lider birliyi və Azərbaycanın qüdrəti nümayiş etdirildi. Bu, mənəvi-siyasi əhəmiyyətə, rəmzi mənaya malik olmaqla yanaşı, dövlətçilik tariximizin mühüm səhifələrindən birinə çevriləcək. Zəfər qurultayı tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrdən biri kimi daxil olacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ