Milli Məclisin deputatı
Azərbaycan milli-mənəvi köklərlə sıx bağlı olduğu ölkələrlə münasibətlərini dərinləşdirmək istiqamətində uğurlu addımlar atır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən xarici siyasətinin vacib prioritetlərindən biri kimi diqqəti cəlb edir. Bu günlərdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfərə gəlməsi və Bakıda xeyli sənədin imzalanması da ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib ki, Japarovun səfərinə dostluğumuzun və qardaşlıq münasibətlərimizin əlaməti kimi baxırıq. Səfər çərçivəsində dövlət başçıları ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözdən keçirib, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər salıb, münasibətlərimizi intensivləşdirmək əzmində olduğuqlarını bəyan ediblər. Prezident İlham Əliyev deyib: “Biz dost və qardaş dövlətlərik. Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha səmərəli və fəal surətdə müntəzəm müzakirə edəcəyik”.
Onu da qeyd etməliyik ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Rəsmi Bişkek Qoşulmama Hərəkatında Azərbaycanın sədrlik müddətinin uzadılmasında əhəmiyyətli rol oynayıb. Dövlətlərimiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində də həmişə bir-birinə dəstək verirlər.
Azərbaycan lideri bəyan edib ki, ticari-iqtisadi sahədə əməkdaşlığın, əmtəə dövriyyəsinin mövcud səviyyəsi qaneedici deyil, qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmaq lazımdır və bunun üçün imkanlar da var. Prezidentlər, eyni zamanda, nəqliyyat infrastrukturu və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səyləri birləşdirməklə bağlı geniş fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb və bu imkanlar, bütün liman infrastrukturu qırğız qardaşlarımızın sərəncamındadır.
Eyni zamanda, iki ölkənin qarşılıqlı investisiya imkanları, kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə də ətraflı danışılıb: “Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Fikrimcə, Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı. Bizim şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac olardı”.
Azərbaycan Prezidenti həm də Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkürünü bildirdi.
Prezident Sadır Japarov da öz bəyanatında Qırğızıstan və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırıldığını, bununla bağlı müvafiq bəyannamənin imzalandığını qeyd etdi. Onun fikrincə bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, münasibətlərin inkişaf edərək yeni mərhələyə çatdırılmasında hər iki tərəfin böyük səyləri olub: “Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı. Bu gün biz Dövlətlərarası Şuranı da təsis etdik. Onun iclaslarında ölkələrimiz arasında münasibətlərin inkişafının ən mühüm məsələlərinə baxılacaq”.
Biz də tam əminik ki, Azərbaycan və Qırğızıstan arasında imzalanmış mühüm sənədlər, əsasən də Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hər iki tərəf üçün yeni perspektivlər açacaq. Təbii ki, bundan sonra da ölkələrimiz bütün məsələlərdə bir-birini dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacaq.
