İki ölkənin prezidentləri tərəfindən həmin gün digər bir önəmli sənəd də imzalandı. Bu Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandumdur. Dövlətlərarası Şuranın yaradılmasının önəmi ondadır ki, həmin qurum Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin praktik baxımdan icrası, yəni ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün mühüm rol oynayacaq. Belə ki, ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi Dövlətlərarası Şura çərçivəsində daha səmərəli surətdə aparılacaq. Səfər zamanı imzalanmış digər sənədlər ölkələrimiz arasında münasibətlərin iqtisadiyyat, maliyyə, nəqliyyat, informasiya texnologiyaları, aviasiya, kənd təsərrüfatı, təhsil, teleradio, əqli mülkiyyətin qorunması kimi müxtəlif sahələrdə inkişafını nəzərdə tutur.
Təhsil və teleradio sahələrində əməkdaşlığın inkişaf etdirilməsi təbiidir. Çünki bu, xalqlarımızı birləşdirən müştərək tarixə və mədəni irsə malik olmağımızdan, hər iki ölkənin türk dünyasına mənsubluğundan irəli gəlir.
Qeyd etmək lazımdır ki, Şuşa şəhəri 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş və Qırğızıstan da bu təşəbbüsü dəstəkləyənlər arasında olmuşdur. Bundan başqa, Qırğızıstan Prezidenti Sadır Japarov bildirmişdir ki, “Türk məkanında yeni münasibətlər yeni dövrün dövlətlərarası münasibətlərinin nümunəsi olmalıdır”.
Azərbaycan və Qırğızıstan arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxarılması iki ölkənin bu günə qədər qurduğu əməkdaşlığın səmərəli və perspektivli olmasından irəli gəlir. Ölkələrimizin beynəlxalq təşkilatlarda ənənəvi olaraq əməkdaşlıq etməsi və bir-birlərini dəstəkləməsi təqdirəlayiqdir. Belə əməkdaşlıq və qarşılıqlı dəstək BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı platformalarında xüsusilə nəzərə çarpır.
Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması Azərbaycan və Qırğızıstanı iqtisadi sahələrdə münasibətləri inkişaf etdirməyə stimullaşdıracaq. Bu baxımdan Azərbaycan şirkətləri üçün Qırğızıstanın enerji sektoru maraqlı ola bilər. Çünki enerji sektoru hər iki tərəfin maraqları baxımından cəlbedicidir. Qırğızıstan enerji sektorunun inkişafına xüsusi diqqət ayırır, Azərbaycan tərəfi isə bu sahədə müəyyən təcrübəyə malikdir. Bu baxımdan Prezident İlham Əliyev Qırğızıstanın enerji infrastrukturunun yaradılmasında səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac duyulduğunu vurğuladı.
Qarşılıqlı maraq doğuran digər sahə nəqliyyat və tranzitlə bağlıdır. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini nəzərə alsaq, bu, Qırğızıstan üçün şimal, qərb və cənub istiqamətində yükdaşımalar üçün əlverişli şərait yaradır. Eləcə də, Qırğızıstan Çın və Avropa arasında yerləşən tranzit ölkə olaraq Azərbaycanla bu istiqamətdə əməkdaşlıqdan fayda götürə bilər.
Kənd təsərrüfatı da gələcək əməkdaşlıq üçün perspektivli görünür. Xüsusən də dünyada hazırda yaşanan və gələcəkdə daha da kəskinləşə biləcəyi gözlənilən ərzaq təhlükəsizliyi və qida məhsullarının çatışmazlığı ilə bağlı problemlər fonunda kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı hər iki ölkənin maraq dairəsindədir. Beləliklə, Azərbaycan və Qırğızıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək əzmindədirlər və bu keyfiyyətcə yeni mərhələdə müxtəlif sahələrdə ölkələrimizin mənafelərinə xidmət edən əməkdaşlıq üçün geniş imkanlar açılacağı gözlənilir.
