
Şamaxı Rayon Qeydiyyat Şöbəsinin rəisi
Bu gün də Xocalı faciəsinin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimiz bütün zəruri addımları atır. Hər il respublikada, habelə digər ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir, erməni terrorunun dünyada tanınması üçün silsilə tədbirlər həyata keçirilir. Bu il də dövlətimizin başçısının Sərəncamı ilə Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsinə dair tədbirlər planı hazırlanmış, silsilə tədbirlər keçirilməkdədir.Ədliyyə Nazirliyində və struktur qurumlarda keçirilən anım tədbirlərində Xocalı soyqırımının sülh və bəşəriyyət əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilir, bu qanlı hadisəyə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi vurğulanır.
Xocalı faciəsindən 30 il ötür. Tarix boyu ermənilər azərbaycanlılara qarşı dəfələrlə tərkibində soyqırım əməlləri olan cinayətlər törədiblər. Əsrlər boyu davam edən bu erməni təcavüzlərinin arxasında türk düşmənçiliyi ilə yanaşı “Böyük Ermənistan” ideyası dayanmışdır. Ermənilərin əsassız torpaq iddiaları nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, onun faciəli nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərmişdir. Sözsüz ki, nəinki xalqımızın, bütün dünyanın tarixində baş vermiş ən qəddar cinayətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçularının həyata keçirdiyi Xocalı soyqırımı olmuşdur.
Yığıncaqlarda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üzrə mühüm addımların atıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə məqsədyönlü və ardıcıl tədbirlərin keçirildiyi, bu istiqamətdə "Xocalıya ədalət!" kampaniyasının önəmi xüsusilə qeyd edilir.
Nazirlikdə Xocalı soyqırımından bəhs edən müxtəlif dillərdə çap olunmuş nəşrlər, habelə kinozalda filmlər, foto və video materiallardan ibarət slaydlar nümayiş etdirilir, Ədliyyə Akademiyasında "Sülh və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin cəzalandırılması məsələləri" mövzusunda dəyirmi masa keçirilir.
Azərbaycan xalqı üçün XX əsrin ən qanlı səhifəsi Xocalı soyqırımı, XXI əsrin ən şanlı səhifəsi isə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədir. Bu möhtəşəm Zəfər nəticəsində 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, qədim şəhərlərimiz, əzəli torpaqlarımız azad olundu. Bu Qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı. Tarixi qələbəni bizlərə yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz və xalqımızın birliyi, həmrəyliyi oldu. Bu gün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün müvafiq addımlar atılır. Bütün bunlar bizə deməyə əsas verir ki, yenidənqurma işləri və gələcəkdə həyata keçiriləcək layihələr bölgəyə yeni nəfəs gətirəcək, həmin ərazilərdə daimi sülh bərqərar olacaqdır.
Hər bir dövlət öz ərazisində baş verən cinayətlərə görə bir qayda olaraq ədalət mühakiməsini özü həyata keçirir. Lakin beynəlxalq cinayətlərə münasibətdə bu prinsip bir qədər fərqlidir. Soyqırım və digər beynəlxalq cinayətlərin təhlükəlilik dərəcəsi nəzərə alınaraq, onlara görə beynəlxalq hüquqda universal yurisdiksiya prinsipi müəyyənləşdirilmişdir. Bu prinsipə görə, təkcə cinayətin törədildiyi dövlət yox, digər dövlətlər də beynəlxalq cinayətlərlə bağlı ədalət mühakiməsini həyata keçirə bilərlər. Universal yurisdiksiya prinsipinə əsasən, Azərbaycanda soyqırım cinayəti törətmiş şəxsləri istənilən dövlətin milli məhkəməsi mühakimə etmək səlahiyyətinə malikdir. Biz Xocalı soyqırımının təşkilatçıları və icraçıları barədə axtarış elan etməklə, onları istənilən dövlətin vasitəsilə Azərbaycana gətirə və yaxud elə həmin dövlətin özündə mühakimə edə bilərik. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir.
Azərbaycan xalqı bu dəhşətli faciəni heç zaman unutmur, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin, soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanlarının ruhunu hər zaman uca tutur.