
Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusi
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır.Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.Yüzlərlə dinc azərbaycanlının qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə qətlə yetirilməsi Xocalıda baş verən faktların beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımı ilə bağlı ölkə Prezidentinin verdiyi tapşırıqlar qarşımızda yeni vəzifələrin reallaşdırılmasını zəruri edir: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə qədər biz daim Ermənistana qarşı bütün istiqamətlərdə, bütün yollarla, bütün formalarda hücum siyasətini aparmalıyıq. …Nəzərə alsaq ki, həqiqət bizim tərəfimizdədir - faktlar, materiallar, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması. Bu siyasəti törədənlər hərbi cinayətkarlardır.Vaxt gələcək onlar bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər”.
Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.