Sizin reklam burada
Sizin reklam burada

Həyat yoldaşını güllələyən polisin işi yenidən istintaqa göndərilsin - Zərərçəkmiş

Həyat yoldaşını güllələyən polisin işi yenidən istintaqa göndərilsin - Zərərçəkmiş Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan qardaşı işin yenidən ibtidai istintaqa qaytarılması barədə vəsatət qaldırıb.
O, vəsatətində təqsirləndirilən İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsilə ittiham verilməsini tələb edib.
Vəsatətə münasibət bildirən dövlət ittihamçısı məsələnin məhkəmə araşdırılmasının gedişi zamanı aydınlaşdırılmalı olduğunu deyib. Prokuror qeyd edib ki, zərurət yaranarsa, məhkəmə prosesinin gedişində də iş istintaqa qaytarıla bilər.
Təqsirləndirilən İsmayıl Məmmədovun vəkili Qanqa İbrahimov isə bildirib ki, Ali Məhkəmənin Plenumunun qərarı var. Həmin qərara əsasən, qətl qisas məqsədilə, şəxsi münasibətlər zəminində və s. törədilibsə, bu halda, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz.
Məhkəmə işin prokurorluğa qaytarılmasına ehtiyac olmadığını bildirərək, zərərçəkmiş tərəfin vəsatətini baxılmamış saxlayıb.
İş üzrə məhkəmə baxışı fevralın 8-nə təyin olunub.
Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ