Sizin reklam burada
Sizin reklam burada

Gənclər və idman komitəsində

Gənclər və idman komitəsindəYanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Onlayn iclasda Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev öncə yaz sessiyasının başlanması münasibəti ilə həmkarlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Sonra vitse-spiker diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2021-ci ilin payız sessiyası dövründə Gənclər və idman komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil edilib.
İclasda Adil Əliyev qeyd edib ki, 2020-ci il Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərimizlə xarakterizə olunduğu kimi, 2021-ci il də öz növbəsində Qarabağımızda aparılan böyük tikinti və yenidənqurma da daxil olmaqla, həm dövlətimiz, həm də xalqımız üçün olduqca mühüm hadisələrlə yadda qaldı.
Vitse-spiker 2021-ci ilin payız sessiyasında görülmüş işlər barədə məlumat verərək diqqətə çatdırıb ki, Gənclər və idman komitəsinin üzvləri ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, bu sahədə ölkədə həyata keçirilən islahatlarla bağlı üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də lazımi addımlar atılıb. Bu dövrdə komitənin 9 iclası keçirilib. Payız sessiyasında Gənclər və idman komitəsinə 751-i yazılı olmaqla, şifahi və sosial şəbəkələr üzərindən 1400-dən çox vətəndaşımız tərəfindən ünvanlanmış müraciətlərə baxılıb, bu müraciətlərin böyük əksəriyyəti müsbət həllini tapıb.
Adil Əliyev diqqətə çatdırıb ki, o, hesabat dövründə Vətən müharibəsi şəhidlərinin anım tədbirlərində, qazilərlə görüşlərdə iştirak etmək məqsədilə ölkə daxilində bir sıra rayonlarda səfərlərdə olub, şəhidlər xiyabanlarını, şəhid ailələrini və qaziləri ziyarət edib.
Bildirib ki, Milli Məclisdə pandemiya qaydalarına uyğun olaraq 53 görüş təşkil etməklə, 450-dən çox Vətən müharibəsi qazisi, həkimlər, habelə fəal gənclərimizlə görüşlər keçirilib. Görüş iştirakçılarına əldə etdikləri nailiyyətlərə görə müxtəlif mükafatlar, Fəxri fərmanlar təqdim edilib. Eyni zamanda, 20 saylı Nərimanov İkinci seçki dairəsində canlı və onlayn görüşlər keçirib, seçiciləri düşündürən məsələlər üzrə müvafiq tədbirlər görülüb. Qeyd edilib ki, komitə üzvləri şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşıblar. Bu qəbildən olan ailələrlə görüşlər keçirilib, onlara kömək göstərilib. Komitə üzvləri bir sıra xeyriyyə tədbirlərində də fəal iştirak ediblər, mətbuatda fəal çıxışlar ediblər.
Adil Əliyev bildirib ki, hesabat dövründə komitə sədri və üzvləri bir sıra ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər, təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçiriblər, müzakirələr aparıblar, ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fəal mövqe nümayiş etdiriblər.
Sonra iclasda komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, iş planında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin maarifləndirilməsi tədbirlərinin, komitə üzvlərinin mütəmadi olaraq seçki dairələrinə daxil olan ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərinin, Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsinə, ölkə əhəmiyyətli ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif səpkili tədbirlərin təşkilinə də geniş yer ayrılıb.
Çıxış edən Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, komitənin üzvləri Ramil Həsən, Sevinc Hüseynova, Müşfiq Cəfərov ölkəmizdə gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan, gənclərin sağlam, savadlı, vətənpərvər, milli ruhlu vətəndaşlar kimi yetişməsi üçün onlara yaradılmış şəraitdən söhbət açıblar və bir sıra təkliflər səsləndiriblər.
Müzakirələrin sonunda Gənclər və idman komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Onlayn iclasda komitə üzvləri Mahir Abbaszadə, Ülvi Quliyev, Etibar Əliyev, Cavid Osmanov, Könül Nurullayeva, Jalə Əhmədova, Vüqar İskəndərov, Şahin Seyidzadə və Cəbi Quliyev iştirak ediblər.
Gənclər və idman komitəsində

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ