iş adamı
Qarabağın qurtuluşunu qarşısına prioritet məqsəd kimi qoyan Prezident İlham Əliyev bu müqəddəs məqsədə çatacağımızın yaxın olduğunu, Azərbaycan xalqına, keçmiş məcburi köçkünlərə, hələ 2016-cı il Lələtəpə zəfəri zamanı bəyan etmişdi: “...Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq”.
2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Azərbaycan Prezidentinin səsləndirdiyi “Qarabağ Azərbaycandır!” qələbə nidalı bəyanat isə 30 ildir torpaqlarımızı işğal altında saxlayan mənfur düşmənin bağrına qan saldı...
Öz doğma yurd-yuvasından didərgin düşən yüzminlərlə vətəndaşımızın göynəyən yurd yarasının üzərinə su səpdi. İlham Əliyevin onları öz doğma torpaqlarına qovuşduracağı xoşbəxt günlərin lap yaxında olduğunun sevincini yaşadılar...
2020-ci ilin 27 sentyabrında Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması isə səbrimizin son həddi oldu.
Ali Baş Komandan İlham Əliyevin Vətən uğrunda “İrəli!” əmri ilə mərd igidlərimiz mənfur düşmənə həddini bildirməyə, murdar ayaqlarını torpaqlarımızdan vurub atmağa yollandılar.
Elə ilk gündən düşmənin ön müdafiə xətti yarıldı, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəklik işğaldan azad edildi. Qələbəyə doğru əzmlə irəliləyən cəsur döyüşçülərimiz hər gün yeni-yeni yaşayış məntəqələrimizi azad etməyə, Qarabağı qarış-qarış, addım-addım düşməndən təmizləməyə başladılar.
Qarabağa doğru Zəfər yürüşünün qələbə müjdələrini isə Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan İlham Əliyev özü çatdırırdı... Noyabrın 8-də isə şanlı Ordumuz Qarabağın baş tacı Şuşa şəhərini erməni tapdağından azad etdi. Və elə bu tarixi hadisə ilə də düşmənin beli qırıldı...
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu düşmənin belini qıraraq qarşısında diz çökdürdü, onu yalvarmağa, təslim olmağa məcbur etdi. 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi, müharibənin, 30 illik Qarabağ münaqişəsinin bitdiyi şad xəbərini verdi.
Bu tarixi qələbədən bir ay sonra Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Ali Baş Komandan bir daha bəyan etdi ki, bu zəfər tarixi zəfərdir.
