Bu sözləri keçmiş “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın sədri Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, artıq Qarabağ adlı inzibati ərazi vahidi mövcuddur, status məsələsi isə yoxdur:
“O cümlədən, “Dağlıq Qarabağın azərbaycanlı və erməni icması” deyilən anlayışlar da sıradan çıxıb. Bu icmalar öz ictimai əhəmiyyətini itirib. Ona görə, bu təşkilatın buraxılmasına qərar verdik”.
T.Gəncəliyev həmçinin qarşıya qoyulan məqsədlərdən danışıb:
“Bizim hazırkı məqsədimiz öz torpaqlarımıza qısa zamanda geri dönmək, quruculuq, bərpa işlərində iştirak etmək, ləyaqətli şəkildə həyatımızı Qarabağ bölgəmizdə davam etdirməkdən ibarətdir. Bu məqsədə artıq çatmışıq. Torpaqlarımız işğaldan azad olunub, qalıb dağılmış irsimizi, mədəni abidələrimizi bərpa etmək. Biz qarşımıza qoyduğumuz bütün məqsədlərə nail olacağıq”.
