Sizin reklam burada
Sizin reklam burada

Deputat: Dünya birliyi Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olmasını və regiondakı yeni reallıqları qəbul edir

Deputat: Dünya birliyi Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olmasını və regiondakı yeni reallıqları qəbul edir Son bir necə ay ərzində ölkəmizin həyatında çox ciddi dəyişikliklər baş verib. Azərbaycan tarixinin sözün həqiqi mənasında yeni və əsrarəngiz mərhələsini yaşamaqdayıq. Bu fikrin bariz nümunəsi kimi, Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışında Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq Qələbənin regionda yeni əməkdaşlıq formatının yaratmasını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmasını göstərmək mümkündür.
Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altında olan torpaqlarımızı - Qarabağımızı azad etdi və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Yeni mənəvi qaydalarla XXI əsrin müharibəsini aparan Azərbaycan ordusu üçün hədəflər yalnız hərbi hədəflər olub, müharibənin gedişində də və sonra da humanizm prinsiplərinə riayət olunub. Azərbaycan 30 ildən sonra, ötən il noyabrın 10-dan etibarən qalib dövlət statusuna nail olub. Bütün bu amillər cəmiyyətimizin və insanlarımızın həyatında yeni mənəvi-psixoloji məqamlar yaradır. Qarabağdan olan vətəndaşlarımızın çöhrəsində məcburi köçkün üzüntüsünə daha rast gəlmək mümkün deyil. Bu, hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir.
Ölkəmizin qarşısında yeni reallıqların dayandığını deyən Milli Məclisin deputatı bildirib ki, gələcək həyatımız bu reallıqlara uyğun şəkildə qurulacaq: “İşğaldan azad olunmuş Qarabağ torpaqlarında həyatın canlandırılması, infrastrukturun qurulması, insanların bu torpaqlara köçürülməsi üçün zəruri şəraitin yaradılması bizim qarşımızda duran dövr ərzində həyata keçirməli olduğumuz vacib vəzifələrdir”.
Artıq dünya birliyi də Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olmasını və yeni reallıqların yarandığını qəbul edir. Yeni reallıqlar isə, ilk növbədə Cənubi Qafqazda bütün maraqlı dövlətlər üçün yeni əməkdaşlıq formatının qurulmasını zəruri edir.
Ağalar Vəliyevin sözlərinə görə, artıq azad olunmuş ərazilərdə dost ölkələrin - Türkiyənin, İtaliyanın və Böyük Britaniyanın şirkətləri azərbaycanlı həmkarları ilə birgə fəaliyyətə başlayıblar. Buna misal kimi, İtalyan şirkətləri Qarabağ bölgəsində bərpa olunan enerji resurslarından enerji istehsalına və kənd təsərrüfatının inkişaf etdirilməsinə cəlb ediliblər. Dövlətimizin başçısı bununla əlaqədar olaraq konfransdakı çıxışında söyləyib: “Biz yenidənqurmanın ilkin mərhələsindəyik. Gələcək üçün nəhəng potensial var. Dostlarımızın yenidənqurma işlərində iştirakını və bu imkanlardan faydalanmasını arzulayırıq. Biz yaxşılığı unutmuruq. Qarşılığında yaxşılıq etməyə çalışırıq”.
Deputat vurğulayıb ki, azad edilmiş ərazilərin bərpa olunması böyük resurslar hesabına başa gələcək. Bununla belə, bölgədə biznesin, qeyri-neft sektorunun inkişafı sürətlənəcək, tikinti, nəqliyyat, mədənçilik və kənd təsərrüfatı stimullaşacaq, yeni iş yerləri və unikal imkanlar yaranacaq. İşğaldan azad edilmiş ərazilərdə yeni idarəçilik modelinin təqdim olunması, ağıllı kənd və şəhərlərin salınması, eləcə də Zəngilanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi ölkəmizin qarşısında dayanan əsas vəzifələrdən birini təşkil edir.
Prezident İlham Əliyevin dünya birliyinə çatdırdığı mesajlarda dəfələrlə bəyan etdiyi kimi, Ermənistan yeni yaradılan əməkdaşlıq formatında iştirak etmək və regiondakı kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq, tranzit ölkə olmaq istəyirsə türkəfobiya siyasətindən və ərazi iddialarından imtina etməlidir.
Milli Məclisin deputatı onu da qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə və nümayiş etdirdiyi sülhpərvər mövqe sayəsində Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyması üçün strateji reallıqlar və tarixi fürsət yaranıb. Ermənistan bir dövlət kimi öz mövcudluğunu qorumaq və qonşularla yaxşı münasibətlər qurmaq üçün bu fürsəti dəyərləndirməlidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ