Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən atributinfo.az-a verilən məlumata görə, bununla yanaşı, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass Azərbaycan Parlamentinin Spikeri Sahibə Qafarovaya cavab məktubu göndərərək qurumun dəstəyini ifadə edib. Vurğulayıb ki, İƏTPİ müxtəlif konfranslarda qəbul etdiyi bütün qətnamələrində münaqişənin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə istinadən ədalətli həllini həmişə dəstəkləyib.
Məktubda bildirilir ki, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüz və işğal siyasətini qətiyyətlə qınayır, işğalçılara qarşı Azərbaycan Respublikası ilə tam həmrəyliyini bəyan edir.
