Məşhur Məmmədov,
Milli Məclisin üzvü
Bu sırada ilk yerləri ulu öndərimiz, həmçinin İlham Əliyev və Mehriban xanım Əliyeva tuturlar
Hər il mayın 28-də Respublika Gününün ölkəmizdə və xaricdə qeyd edilməsi artıq ənənə şəklini alıb. İki il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam oldu. 2018-ci ili ölkə başçısının “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etməsini isə tariximizə verilən yüksək qiymət kimi dəyərləndirmək olar. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı sərəncamda cümhuriyyətin fəaliyyətinə yüksək dəyər verilir: “Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkəmizin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı; milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət verildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.
Dövlət başçısının qeyd etdiyi kimi, Cümhuriyyət qurucuları Azərbaycan üçün böyük tarix yazdılar. Ölkəmizi coğrafi məkan anlayışından müstəqil dövlət səviyyəsinə qaldırdılar. Dövlət atributlarımız yarandı, Azərbaycan dili rəsmi status qazandı. Milli pul vahidimiz buraxıldı, dünya dövlətləri bizi tanıdı. Ordumuz, polisimiz, ədliyyəmiz, prokurorluq orqanlarımız və digər dövlət strukturlarımız fəaliyyətə başladı. Təbii ki, o dövrdə bütün bu sadalananları və sadalanmayanları yaratmaq çox çətin idi, az qala mümkünsüz idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları isə bunları bacardı və tariximizə parlaq səhifələr yazdılar.
Cümhuriyyət qurucularının qoyduğu azadlıq təməli bir də 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində özünü göstərdi. 1988-ci ildə başlayan azadlıq hərəkatı zamanı xalq üçrəngli bayrağı meydana gətirdi. Yeri gəlmişkən, bayrağa ilk hüquqi statusu ümummilli lider Heydər Əliyev vermişdir. Belə ki, 1990-cı il noyabrın 17-də ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası ali Məclisi üçrəngli bayrağı Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etmiş və Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdı. Nəhayət, 1991-ci il fevralın 5-də Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul etmiş, az sonra – 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur.
Daha bir məqamı da xüsusi vurğulamağa ehtiyac var: Azərbaycan bayrağına əsl diqqəti ölkə Prezidenti İlham Əliyev göstərmişdir. Yada salmaq istərdim ki, 2007-ci il noyabrın 17-də cənab İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalamışdır. Həmin ilin dekabrında Bakının Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdu. Sərəncama görə ucaldılacaq dövlət bayrağının hündürlüyü 162 metr, bayrağın özünün ölçüsü isə 35x70 metr, sahəsi 2.450 kvadratmetr, çəkisi 350 kiloqram müəyyənləşdirilmişdi. 2010-cu il sentyabr ayının 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı olmuş və mərasimdə Prezident İlham Əliyev iştirak etmişdir.
Bəli, bu gün həmin əzəmətli bayrağımız hər birimizin qürur mənbəyinə çevrilmişdir. Çünki Azərbaycan son illərdə çox böyük iqtisadi uğurlar qazanan azsaylı dövlətlərdən biridir.
Pandemiyanın tüğyan etdiyi son aylarda belə ölkəmiz öz inkişaf dinamikasından qalmamış, iqtisadiyyatda geriliyə demək olar ki, yol verilməmişdir. Təbii ki, COVİD-19 Azərbaycana da kifayət qədər maddi ziyanlar vurmuşdur. Ancaq məhz ölkə prezidentinin uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatımıza dəyən zərər kifayət qədər minimuma endirilmiş, ən çətin günlərdə isə vətəndaşların yaşam tərzi və sağlamlığı ön plana çəkilmişdir. Baxın, ölkə başçısı çıxışlarından birində haqlı olaraq, hətta inkişaf etmiş ölkələrin də pandemiyadan ağlasığmaz dərəcədə ziyan gördüklərini qeyd edir və eyni zamanda bir misal gətirir: Azərbaycan bu ilin 4 ayı ərzində iqtisadi sahədə nəinki geriləmiş, hətta cüzi də olsa, (0,2 faiz) irəliləyişə nail olmuşdur.
Mən inanıram ki, dövlət başçımızın, o cümlədən Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xalq üçün göstərdikləri səylər hədər getməyəcək və biz postpandemiya dövrünü də uğurlu göstəricilərlə başa vuracağıq.
