[1:26, 11.03.2020] Bu gün müasir Azərbaycan tarixinin ən önəmli hadisələrindən birinə şahidlik etdik. 6-cı çağırış Milli Məclisin ilk iclası keçirildi. İclas, format və məzmun baxımından əvvəlkilərdən kəskin şəkildə fərqlənirdi. Bu sətirləri qeydə alanda, artıq ictimaiyyət televiziya vasitəsilə ətraflı bilgi almışdır və təbii olaraq yaxın günlərdə ən çox müzakirə olunan,gündəmi zəbt edən mövzu da məhz parlament islahatlarıdır. Hər bir ictimai siyasi fəal vətəndaşımızın,prosesləri dərindən təhlil edərək öz baxışlarını xalqa çatdırması günümüzün reallığıdır və mən də öz müşahidələrimi Sizlərlə bölüşməyi özümə borc bildim.
-İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi çıxış etdi.
- Cənab Prezident çıxışının əvvəlində 5- ci çağırış Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirdi, bu da Ali Rəhbərin öz komandasının üzvlərinin keçmiş fəaliyyətinə verdiyi xeyirxahlıq jesti kimi qəbul olunmalıdır.
- Prezidentin çıxışları , müxtəlif sahələr üzrə xalqa verdiyi tezis xarakterli mesajlarla, zamana və mövcud şərtlərə görə biri digərindən fərqlənir.Ancaq bu günki tarixi çıxışında Prezident, Azərbaycanın gələcək inkişafını təmin etmək, cəmiyyətin bütün təbəqələrini birləşdirmək,əhalini narahat edən problemləri operativ həll etmək,vətəndaş məmnunluğunu təmin etmək,qanunverici və icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi üçün strateji yol xəritəsini cızdı. Etiraf etmək lazımdır ki, əvvəlki çağırış deputatların qaldırdıqları bir çox məsələlərə ayrı ayrı məmurlar tərəfindən qanuna uyğun reaksiya verilmir və yaxud yumşaq desək, qulaq ardına vurulurdu. Bu da nəticə etibarilə deputatların, bütövlükdə parlamentin nüfuzuna xələl gətirir, inamsızlıq yaradırdı. Cənab Prezident bu və digər çoxsaylı problemlərin operativ həll olunması üçün ayrı ayrı nazirliklərə, məmurlara parlamentlə sıx təmasda olmağı, millət vəkillərinin qaldırdıqlara məsələlərə ciddi yanaşmağl tapşırdı. Qəbul olunan qanunların icrasına nəzarət etmək mexanizmi, dünya parlamentarizmində geniş yayılmış, eyni zamanda ən effektiv praktika hesab olunur və düşünürəm ki, Prezidentin apardığı islahatlarda məhz bu müddəanın tətbiqi olduqca əhəmiyyətlidir.
- Son günlər dünya bazarında neftin qiymətlərinin kəskin düşməsi ilə bağlı yaranmış narahatlıqlar və ajiotajla bağlı Prezidentin verdiyi iqtisadi təhlil, xalqın eşitmək istədiyi fikirlər olmaqla bərabər, Azərbaycanın iqtisadi cəhətdən sabit ölkə olduğunu bir daha göstərdi.
- Fevral ayında keçirilən seçkilərdən sonra müəyyən siyasi qüvvələr, heç bir parlament islahatlarının aparılmayacağı haqqında əhali arasında müxtəlif şayiələr yayırdılar.Ancaq cənab Prezident hər zaman olduğu kimi, bu dəfə də necə uzaq görən,peşəkar bir dövlət xadimi olduğunu sübut etdi.Parlamentin rəhbərliyi tamamilə dəyişdi. İlk dəfə olaraq,müxalifət partiyalarının nümayəndələri həm parlament, həm də komitə rəhbərliklərində təmsil olundular. Parlamentə düşən və ya düşməyən müxalifət partiyaları ilə prezident administrasiyası arasında dialoq mühiti yaradıldı. Hörmətli Sahibə xanım Qafarovanın spiker seçilməsi isə, müasir dünyada gedən proseslərlə ayaqlaşmaq və Azərbaycanın dünyəvi dövlət olmasının göstəricisidir.
- Xarici ölkələrdən və daxildən gələn müsbət reaksiyalar əminlik yaradır ki, Azərbaycan Prezidenti İlham Əliyevin digər sahələrdə olduğu kimi,qanunverici orqanda da öz müsbət nəticələrini verəcək, ölkəmiz daha da sürətlə inkişaf edərək dünya birliyində mövqelərini gücləndirəcəkdir.
Uğurlar Azərbaycan!!!
