Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclis yas sessiyasının son iclasını keçirdi

    Milli Məclis yas sessiyasının son iclasını keçirdi

    2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarıldı


    “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması ilə bağlı 20-ci maddəsinə əlavəylə əlaqədar fikrimi bildirmək istərdim”. Bu sözləri millət vəkili Əflatun Amaşov Milli Məclisin 30 və 31-də keçirilən yaz sessiyasının son iclasında bildirdi. Xatırladaq ki, sessiyanın gündəliyinə daxil edilən 26 məsələdən biri də sözügedən 20-ci məsələ idi.
    Qanun layihəsinin 20.3-cü maddəsinə edilən əlavəylə bağlı irad və təklifini bildirən millət vəkili Ə.Amaşov dedi: - …Konkret olaraq söhbət əlavəsi təklif edilən 20.3-cü maddədən gedir. Açığı, məsələnin bu sayaq olması mənim üçün bir qədər anlaşılmaz oldu. Maddə Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin və ya dövlətlərin vətəndaşlığını daşıyan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdəki bir növ qalma müddətini tənzimləyir. Qanunlar, aydındır ki, ikili vətəndaşlığa yol vermir. Əgər hansısa azərbaycanlı digər bir ölkənin, yaxud ölkələrin vətəndaşlığını daşıyırsa və bu şəxs Azərbaycana gəlirsə, avtomatik olaraq xarici ölkə vətəndaşı statusunda gəlir. O, faktiki şəkildə vətəndaşlıqdan çıxır. Bəli, olur. Bir şəxs xarici ölkənin vətəndaşıdır, ancaq Azərbaycan vətəndaşlığını da saxlayıb. Belə başa düşdüm ki, əlavə məhz bununla bağlıdır. Əgər belədirsə, hesab edirəm ki, məsələni daha açıq formada qoymaq olardı. “Azərbaycan Respublikasının vətəndaşı ilə yanaşı, digər dövlətlərin vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə” kimi yazılış, yenə deyirəm, qarışıqlıq yaradır. Sual olunur: nəyə görə vətəndaşlığa xitam Azərbaycanda olduğu dövrdə verilməlidir və ya hansısa azərbaycanlı başqa ölkənin vətəndaşı olursa, nəyə görə o ölkəmizə Azərbaycan vətəndaşı kimi də gələ bilir? Yəni, nə üçün sistemimiz onu əcnəbi kimi tanımır?
    Digər tərəfdən, əgər həmin şəxs Azərbaycandadırsa, onun başqa ölkənin də vətəndaşı olması necə müəyyənləşdiriləcək və ona əcnəbi ölkənin vətəndaşı olması barədə necə məlumat veriləcək? İstərdim ki, məsələyə aydınlıq gətirilsin. Buna görə də əlavənin yenidən, daha uyğun variantda işlənməsini təklif edərdim.
    Daha sonra millət vəkili ikili vətəndaşlığın sual doğuran məqamlarına toxundu: - Məlumdur ki, qanunun əsasən, geriyə qüvvəsi yoxdur. Qüvvəyə mindiyi dövrdən sonrakı məsələləri tənzimləyir. Qanunumuzda ikili vətəndaşlığın yolverilməzliyi göstərilməzdən əvvəl bizim bəzi vətəndaşlarımızda ikili vətəndaşlıq olub. Deyək ki, bu əlavəni qəbul etdik. Maraqlıdır, qəbul edilən əlavə ikili vətəndaşlığı olan həmin soydaşlarımıza şamil ediləcəkmi? Yeri gəlmişkən, bununla bağlı bir məsələni də qeyd etmək istərdim. Əvvəllər də bu barədə söz açmışam. Azərbaycan xaricdə yaşayan hər bir azərbaycanlının vətənidir. Biz elə mexanizm tətbiq etməliyik ki, hansısa ölkənin vətəndaşı olmasından asılı olmayaraq öz vətəninə gəlmiş azərbaycanlı digər əcnəbilərdən fərqlənsin. Onlar qanunlarımızdakı bu sayaq dəyişikliklərdən əziyyət çəkməsinlər.
    Çıxışlar nəzərə alınmaqla, qanun layihəsi birinci oxunuşda konseptual olaraq qəbul edildi. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (birinci oxunuş-red.) qanun layihəsi barədə iclasa dəvətli olan hökumət üzvləri və deputat həmkarları qarşısında ətraflı məlumatı komitə sədri Ziyad Səmənzadə verdi.
    Müzakirə zamanı çoxsaylı çıxışlardan millət vəkili Aydın Hüseynovun çıxışı daha çox diqqət çəkdiyindən onu olduğu kimi təqdim edirik. A.Hüseynov vaxtın azlığını nəzərə alıb çıxışına ixtisarla başlasa da, zərurət üzündən kifayət qədər əhatəli və rəqəmlərin dili ilə danışdı.
    Odur ki, lakonikliyini, konkretliyini nəzərə alıb çıxışı olduğu kimi dərc edirik: - Mən çalışacağam ki, çıxışımı konkret rəqəmlərlə, qısa məzmunda nəzərinizə çatdırım. Əlbəttə, 2018-ci ilin dövlət büdcəsi əlamətdar büdcədi. Qeyd etməliyəm ki, həm Sənaye, Sahibkarlıq və İqtisadi Siyasət komitəsinin sədri, hörmətli Ziyad Səmədzadənin, həm də Hesablama Palatasının sədri, hörmətli Vüqar Gülməmmədovun çıxışında büdcəmizlə bağlı çox dolğun, geniş məlumatları dinlədik, eyni zamanda Maliyyə Nazirliyinin və Hesablama Palatasının təqdim etdiyi hesabatlarda da bu, öz əksini tapmışdır. Bütövlükdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi strategiyanın nəticəsində biz 2018-ci ildə çox yüksək büdcə ilini yola salmış olduq. Ümumi baxımdan ölkədə gedən bütün iqtisadi prosesləri özündə əks etdirən büdcə gəlirləridir. Əgər büdcə gəlirləri əhəmiyyətli dərəcədə artıbsa, deməli bu, ölkədə iqtisadi artımın, iqtisadi proseslərin dinamik inkişafı deməkdir. Digər tərəfdən, onu da qeyd etməliyik ki, əgər büdcə gəlirləri proqnoz üzrə və ya proqnozdan da artıq icra olunursa, bu, onun düzgün proqnozlaşdırılmasının bir göstəricisidir.
    Burada başlıca məsələ valyuta ehtiyatlarımızın artmasıdır. Qürur hissi ilə deyə bilərəm ki, valyuta ehtiyatlarımız 2,9 milyard dollar artmışdır ki, bu ümumi daxili məhsulun 94,9 faizi deməkdir, xarici dövlət borcumuzu 5 dəfə üstələməsi deməkdir və eyni zamanda 4 ildən artıq dövr üzrə mal və xidmətlərin idxalı deməkdir.
    Təqdim olunan hesabatda ən müsbət tərəflərdən mənbəə olaraq statistika komitəsi və “AzərTAc”a istinad olunmasını çox müsbət hal hesab edirəm. Çünki ölkənin bütün statistik məlumatları və bütövlükdə ayrı-ayrı mənbələr üzrə yox, statistika komitəsi tərəfindən təqdim olunan hesabatlara istinad edilməsi daha məqsədəmüvafiqdir ki, Maliyyə Nazirliyinin təqdim etdiyi hesabatda da bu qaydadadır.
    Yerli gəlir və xərclər üzrə aparılan siyasət və nəticələr, çox düzgün hal hesab edirəm. Müqayisə üçün deyə bilərəm ki, əgər 2018-ci il üzrə yerli gəlirlər 653,4 milyard manat proqnoza qarşı 718,4 milyard manat və yaxud da 109 faiz yerinə yetirilibsə, bu elə nailiyyət deməkdir. Eyni zamanda, ötən illə müqayisədə 10,1 faiz artımdısa, bu isə nailiyyətimizin real göstəricisinin nümunəsidir. Digər tərəfdən, 33 rayon öz xərclərini gəlirləri hesabına bağlayır. O cümlədən, işğal altında olan 7 rayonumuzu da nəzərə alsaq, bu say daha çox artar. Əgər regionumuzun Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran və digər ən çox büdcə tutumlu rayonlar özünü maliyyələşdirirsə, bu müsbət hal və keyfiyyətin göstəricisi deməkdir. Bütövlükdə 2018-ci ilin büdcəsinin icrası ilə bağlı təqdim olunan qanun layihəsini yüksək dəyərləndirir, növbəti büdcə ilimizə uğurlar arzulayıram.

    Bəradər

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ