
Nəriman Əliyev,
millət vəkili
Regionların inkişafına dair 3 dövlət proqramının uğurlu icrası ölkəmizin bütün bölgələrinin sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırıb, yerlərdə iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb.
Dövlət başçısının mütəmadi olaraq ölkənin bütün şəhər və rayonlarına səfərlər etməsi və görülən işlərlə şəxsən maraqlanması, tapşırıqlar verməsi, əhali ilə səmimi söhbətlər etməsi deyilənləri bir daha təsdiqləyir.
Ötən ilin statistikasına nəzər yetirsək görərik ki, il ərzində dövlət başçısı respublikanın bir çox şəhər və rayonuna səfərlər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcə də mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib, eləcə də aqrar sektorun inkişafına dair müşavirələr keçirib.
Beləliklə, ötən il dövlət başçısı Qusar (30 yanvar), Mingəçevir (27 fevral), Bərdə (25 mart), Xaçmaz (4 may), Xızı (4 may, 11 oktyabr), Naxçıvan Muxtar Respublikası (16 may), Goranboy və Naftalan (5 iyun), Sumqayıt (18 iyul, 16 noyabr, 27 dekabr), Şamaxı, İsmayıllı (25 avqust), Biləsuvar, Masallı (18 sentyabr), Quba (11 oktyabr), Lənkəran, Astara, Lerik (15 oktyabr), İmişli (22 oktyabr), Qax, Şəki (28-29 oktyabr), Ağdam, Ağcabədi (5 noyabr) və Abşerona (24 dekabr), ümumilikdə 23 rayon və şəhərə 26 dəfə səfər edib, 94 yeni sosial-iqtisadi infrastrukturun açılışını edib.
Hər il olduüu kimi, 2018-ci ildə də regionların sosial-iqtisadi inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasını təmin edən müəssisələr, zavodlar, fabriklər və digər obyektlər fəaliyyətə başlayıb.
Dövlət başçısı yeni müəssisələrin işə düşməsi, istismara verilməsi mərasimlərində iştirak edərək öz xeyir-duasını verib.
Ötən il Prezidentin iştirakı ilə Masallı Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Şamaxıda “Şirvan şərabları” MMC-nin şərab zavodu, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, həmçinin İnşaat Kimyəviləri Zavodu, “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodu və “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun və “Azərxalça” ASC-nin Ağdam, Xaçmaz, İsmayıllı, Lənkəran filiallarının açılış mərasimləri keçirilib.
Göründüyü kimi, ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabət qabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri, zavod və fabriklərin yaradılması prosesi uğurla davam etdirilir. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var.
Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasət və Prezident İlham Əliyevin çevik iqtisadi islahatları nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Bunun nəticəsidir ki, Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin daha da yüksəldilməsini təmin etməkdədir.
Prezident keçən il Mingəçevir, İmişli və Şəkidə “ASAN Həyat” komplekslərinin açılışlarını edib. Həmçinin “ABAD” public hüquqi şəxsin Qubadakı “ABAD Factory” İstehsalat Kompleksinin, Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılış mərasimlərində olub.
Dövlət başçısının iştirakı ilə ötən il həmçinin Naftalan və Quba şəhər mərkəzi xəstəxanaları, Lənkərandakı İstisu Sağlamlıq Mərkəzi, Sumqayıt Dəmir Yolu Vağçalı Kompleksi, Qaxda “Yurd Hotel” mehmanxanası, Lənkəran Olimpiya İdman Kompleksi və Naxçıvan Müəllimlər İnstitutunun açılışları olub.
Bundan başqa, İlham Əliyev Şəki Heydər Əliyev Mərkəzinin, Goranboyda, Lerikdə, İmişlidə, Şəkidə bayraq muzeylərinin açılışlarında iştirak edib.
Ölkəmizdə bütün sahələrdə, o cümlədən sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Son illər yüz minlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır.
Mən bu dediklərimə bu ilin üç ayı ərzində dövlət başçısının əhalinin sosial rifahı ilə əlaqədar imzaladığı mühüm sərəncam və fərmanları da əlavə etsəm, onda qarşımızdakı mənzərə daha dolğun təəssürat yaradar.
İlham Əliyev öz əməli fəaliyyəti ilə bir daha hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayır.
