Sizin reklam burada
Sizin reklam burada
  • İNZİBATİ CƏRİMƏNİN YENİ MODELİ: GƏLİRƏ UYĞUN, SOSİAL ƏDALƏTLİ VƏ DAVRANIŞYÖNÜMLÜ YANAŞMA


    Eldar İsmayıl oğlu Əsgərov (Şəkibəyov),

    hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

     

     

    3-CÜ HİSSƏ

     

     

    Bu mənada gəlir nəzərə alınmaqla cərimə mexanizmi inzibati cəriməni yalnız pozuntu faktına verilən maliyyə reaksiyası olmaqdan çıxararaq, müəyyən hallarda risklərin azaldılmasına və davranışın dəyişdirilməsinə xidmət edən əlavə tənzimləmə alətinə çevrilə bilər.

    Azərbaycan üzrə yol hərəkəti cərimə sisteminin miqyası bu məsələnin ayrıca nəzərdən keçirilməsini əsaslandıran amillərdən biridir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş inzibati cərimələrin məbləği 2017-ci ildə təxminən 73,7 milyon manat, 2018-ci ildə 85,6 milyon manat, 2019-cu ildə 119,0 milyon manat, 2020-ci ildə isə 118,2 milyon manat təşkil etmişdir. Bu göstəricilər cərimə mexanizminin geniş miqyasda tətbiq olunduğunu göstərir. Lakin cərimələrin ümumi məbləğinin yüksək olması öz-özlüyündə onların preventiv səmərəliliyini müəyyən etməyə imkan vermir.

    Bu baxımdan əsas sual cərimə sisteminin nə qədər maliyyə vəsaiti yaratması deyil, tətbiq edilən sanksiyaların sürücü davranışına və xüsusilə təkrar pozuntuların dinamikasına necə təsir etməsidir. Cərimə mexanizminin preventiv effektivliyinin qiymətləndirilməsi zamanı maliyyə göstəriciləri ilə yanaşı, davranış və yol təhlükəsizliyi göstəricilərinin də nəzərə alınması zəruridir.

    Yuxarıda aparılan müqayisəli və normativ təhlil göstərir ki, gəlir nəzərə alınmaqla cərimənin hesablanması Azərbaycan hüquq sistemində ümumi və bütün inzibati xətalara şamil edilən mexanizm kimi deyil, seçilmiş, xüsusilə yüksək riskli və ya təkrar xarakter daşıyan pozuntular üzrə tətbiq oluna biləcək əlavə hüquqi vasitə kimi nəzərdən keçirilə bilər. Onun konkret hüquqi konstruksiyası aşağıda təqdim olunan İnzibati Xətalar Məcəlləsinin 25-1-ci maddə layihəsində ifadə edilir.

     

    Maddə 25-1. Gəlir nəzərə alınmaqla inzibati cərimənin hesablanması

     

    25-1.1. Gəlir nəzərə alınmaqla inzibati cərimə yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində belə cərimənin tətbiqi nəzərdə tutulduqda tətbiq edilir və gün vahidləri əsasında hesablanır. Sabit məbləğlə müəyyən edilmiş inzibati cərimə ümumi qayda olaraq qalır.

    25-1.2. Gəlir nəzərə alınmaqla tətbiq edilən inzibati cərimənin gün vahidləri ilə ifadə olunan sayı bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilir. Gün vahidlərinin sayı müəyyən edilərkən inzibati xətanın xarakteri və ağırlıq dərəcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər normativ göstəricilər nəzərə alınır. Cərimə balları gün vahidlərinin sayına avtomatik bərabər tutulmur.

    25-1.3. Bir gün vahidinin pul ifadəsi şəxsin cərimənin tətbiq edildiyi tarixdən əvvəlki 12 ay ərzində əldə etdiyi rəsmi gəlirlərdən vergilər və qanunla nəzərdə tutulmuş məcburi tutulmalar çıxıldıqdan sonra qalan məbləğin 365-ə bölünməsi yolu ilə müəyyən edilir. Hesablanmış bir gün vahidinin pul ifadəsi gün vahidlərinin sayına vurulmaqla inzibati cərimənin məbləği müəyyən edilir.

    25-1.4. Şəxsin əvvəlki 12 ay üzrə orta aylıq rəsmi gəliri qanunla müəyyən edilmiş minimum əməkhaqqından aşağı olduqda, əmək pensiyasının məbləği minimum əməkhaqqından aşağı olan və ya həmin şəxs ünvanlı dövlət sosial yardımı aldıqda, gəlir nəzərə alınmaqla hesablanan cərimə əvəzinə müvafiq inzibati xəta üçün müəyyən edilmiş sabit cərimə tətbiq edilir. Gəlir barədə etibarlı məlumat olmadıqda və ya bu maddə üzrə hesablanan cərimənin məbləği müvafiq sabit cərimədən aşağı olduqda da sabit cərimə tətbiq edilir.

    25-1.5. Bu maddə üzrə hesablanan inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü maddəsində müvafiq şəxs kateqoriyası üçün müəyyən edilmiş yuxarı həddi aşa bilməz.

    Qeyd:

    1. Bu maddənin müddəaları bu Məcəllənin 327.2, 327.3, 327.4, 327.5, 327.6, 327.8, 328.3 və 328.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə, həmin maddələrdə müəyyən edilmiş hallarda tətbiq edilir.

    2. Bu maddənin məqsədləri üçün rəsmi gəlir dedikdə, dövlət informasiya sistemlərində əks olunan əməkhaqqı, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər və qanunvericiliklə müəyyən edilmiş digər rəsmi gəlir mənbələri nəzərdə tutulur.

    Təklif olunan mexanizmdə əsas məsələlərdən biri gün vahidlərinin sayının hansı meyar əsasında müəyyən edilməsidir. Bu məsələ həll edilmədən gün vahidi sisteminin tətbiqi hüquqi baxımdan natamam qala bilər. Buna görə əvvəlcə beynəlxalq təcrübədə gün vahidlərinin sayının müəyyən edilməsinə yanaşmaya, daha sonra isə Azərbaycan qanunvericiliyində artıq mövcud olan normativ göstəricilərə nəzər salmaq lazımdır.

    Azərbaycan üçün təklif olunan model də məhz bu fərqləndirməyə əsaslanır. Burada məqsəd ayrı-ayrı ölkələrdə müəyyən edilmiş rəqəmləri olduğu kimi Azərbaycan qanunvericiliyinə gətirmək deyil. Əsas məsələ həmin rəqəmlərin arxasında dayanan hüquqi prinsipi və mexanizmi müəyyən etməkdir. Müxtəlif ölkələrdə gün vahidlərinin sayı fərqli hədlərdə müəyyən edilsə də, Azərbaycan üçün təklif olunan yanaşmada bu göstəricinin xətanın ağırlıq dərəcəsinə uyğun müəyyən edilməsi əsas götürülür.

    Deməli, Azərbaycan üçün əsas məsələ İsveçin 30-150, Finlandiyanın 1-120 və ya Danimarkanın 1-60 diapazonlarından birini seçmək deyil. Əsas məsələ konkret inzibati xətanın ağırlıq dərəcəsinə uyğun gün vahidlərinin sayının müəyyən edilməsini əsaslandıran hüquqi meyarların formalaşdırılmasıdır.

    Azərbaycanın mövcud İnzibati Xətalar Məcəlləsində gəlir nəzərə alınmaqla cərimənin hesablanmasına dair gün vahidləri sistemi mövcud deyil. Buna görə belə mexanizm yaradılarkən ilk növbədə gün vahidlərinin sayının hansı normativ meyar əsasında müəyyən ediləcəyi məsələsi qarşıya çıxır.

    Burada iki əsas yanaşma mümkündür.

    Birinci yanaşma yeni və ayrıca gün vahidləri şkalasının yaradılmasıdır. Lakin belə halda hər bir rəqəmin ayrıca əsaslandırılması tələb olunur: nə üçün bir inzibati xətaya 3, digərinə 4, başqa bir xətaya isə 5 gün vahidi müəyyən edilməlidir? Bu rəqəmlərin seçilməsi üçün müstəqil hüquqi və metodoloji meyar olmadığına görə belə bir şkalanın normativ əsaslandırılması çətinləşir.

    İkinci yanaşma isə artıq mövcud qanunvericilikdə formalaşmış normativ göstəricidən ilkin meyar kimi istifadə edilməsidir.

    Məhz bu baxımdan İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin Qeydində müəyyən edilmiş cərimə balları diqqəti cəlb edir. Qüvvədə olan sistemdə ayrı-ayrı yol hərəkəti qaydalarının pozulması müxtəlif sayda cərimə balları ilə qiymətləndirilir. Bununla qanunverici həmin xətalar arasında hüquqi əhəmiyyət və ağırlıq baxımından fərqləndirmə aparan mövcud normativ təsnifat formalaşdırmışdır.

    Gün vahidlərinin sayının müəyyən edilməsində mövcud cərimə balları ilkin normativ göstəricilərdən biri kimi nəzərə alına bilər. Lakin cərimə balları gün vahidlərinə avtomatik çevrilmir və onların sayı ilə gün vahidlərinin sayı arasında məcburi uyğunluq yaranmır. Cərimə balları öz hüquqi mahiyyətini və mövcud hüquqi nəticələrini saxlayır, gün vahidlərinin konkret sayı isə inzibati xətanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla qanunverici tərəfindən ayrıca müəyyən edilir. Bu yanaşma mövcud normativ göstəricilərdən istifadə etməyə imkan verir, eyni zamanda gün vahidlərinin sayının müstəqil hüquqi əsaslandırılmasını təmin edir.

    Bu yanaşmada, məsələn, 2, 3, 4 və ya 5 cərim balı ilə qiymətləndirilən inzibati xətalar üzrə eyni sayda gün vahidlərinin müəyyən edilməsi mümkün ola bilər. Lakin burada hüquqi prinsip “4 cərim balı 4 gün vahidinə bərabərdir” şəklində ifadə edilmir. Hüquqi məntiq ondan ibarətdir ki, mövcud ballandırma həmin xətanın ağırlıq dərəcəsini müəyyən etmək üçün artıq formalaşmış normativ göstəricilərdən biri kimi nəzərə alınır, gün vahidlərinin konkret sayı isə qanunverici tərəfindən ayrıca müəyyən edilir.

    Gün vahidi sistemi bu fərqi cərimənin hüquqi əsasını dəyişdirməklə deyil, onun pul ifadəsini şəxsin iqtisadi imkanlarına uyğunlaşdırmaqla nəzərə alır. Xətanın hüquqi qiymətləndirilməsi və ona uyğun müəyyən edilmiş gün vahidlərinin sayı bütün şəxslər üçün eyni qalır. Dəyişən yalnız həmin gün vahidlərinin konkret şəxs üçün pul ifadəsidir.

    Bu səbəbdən mexanizmin əsas fəlsəfəsi “yüksək gəlirli şəxsə daha çox cərimə tətbiq etmək” deyil. Məqsəd eyni inzibati xətaya görə nəzərdə tutulan cərimənin müxtəlif iqtisadi imkanlara malik şəxslər üçün daha oxşar və real preventiv təsir yaratmasını təmin etməkdir.

    Bu fərq 327.4-cü maddə baxımından xüsusilə əhəmiyyətlidir. Həmin maddədə nəzərdə tutulmuş inzibati xəta mövcud sistemdə 4 cərimə balı ilə qiymətləndirilir. Təklif olunan modeldə bu 4 bal avtomatik olaraq 4 gün vahidinə çevrilmir. Qanunverici həmin xətanın mövcud normativ qiymətləndirilməsini nəzərə alaraq, 25-1-ci maddənin tətbiqi məqsədilə onun üçün ayrıca 4 gün vahidi müəyyən edə bilər. Burada 4 gün vahidinin seçilməsi cərimə ballarının gün vahidlərinə çevrilməsi deyil, mövcud 4 ballıq qiymətləndirmənin həmin xətanın ağırlıq dərəcəsinə dair normativ göstərici kimi nəzərə alınması əsasında qanunvericinin ayrıca müəyyən etdiyi hüquqi nəticədir. Beləliklə, 4 cərimə balı ilə 4 gün vahidi eyni hüquqi institut kimi deyil, biri inzibati xətanın mövcud hüquqi qiymətləndirilməsini əks etdirən göstərici, digəri isə cərimənin hesablanması üçün qanunla müəyyən edilən meyar kimi çıxış edir.

    Bu yanaşma son və dəyişməz model kimi deyil, ilkin hüquqi mexanizm kimi nəzərdən keçirilməlidir. Azərbaycan üçün gün vahidlərinin sayının müəyyən edilməsinə dair ayrıca və müstəqil metodologiya formalaşmadığı şəraitdə mövcud normativ ballandırma sistemindən istifadə yeni və əsaslandırılması çətin rəqəmlərin qanunvericiliyə daxil edilməsinin qarşısını ala və mexanizmin mövcud hüquqi sistemə inteqrasiyasını asanlaşdıra bilər. Gələcəkdə tətbiq təcrübəsi, inzibati xətaların xarakteri, cərimələrin preventiv təsiri və digər hüquqi-praktik göstəricilər əsasında ayrıca metodologiya formalaşdırıldıqda, mövcud mexanizm həmin metodologiya ilə əvəz edilə və ya təkmilləşdirilə bilər.

    Beləliklə, məqsəd 2, 3, 4 və ya 5 rəqəmini mütləq və dəyişməz gün vahidi standartına çevirmək deyil. Məqsəd yeni mexanizmin ilkin mərhələsində gün vahidlərinin sayını müəyyən etmək üçün qanunvericilikdə artıq mövcud olan, obyektiv və yoxlanıla bilən normativ göstəricidən istifadə etməkdir. Bu baxımdan təklif olunan model nə xarici ölkələrin hazırkı sistemlərinin mexaniki surətdə köçürülməsi, nə də yeni rəqəmlərin subyektiv seçilməsi deməkdir. Bu, beynəlxalq təcrübədə fərqləndirilən iki hüquqi elementi - əməlin ağırlığının gün vahidlərinin sayı, şəxsin iqtisadi vəziyyətinin isə bir gün vahidinin pul dəyəri vasitəsilə ifadə olunmasını - Azərbaycan inzibati hüquq sisteminə ilkin və məhdud tətbiq mexanizmi kimi uyğunlaşdırmaq cəhdidir.

    İnzibati cərimənin məbləğinin şəxsin rəsmi gəliri nəzərə alınmaqla müəyyən edilməsi təklifinin əsasını cərimənin hüquqi təbiətinin dəyişdirilməsi deyil, eyni inzibati xətaya görə cərimənin şəxslər üzərində yaratdığı faktiki təsirin daha proporsional qurulması təşkil edir.

    Təklif olunan mexanizmdə iki ayrı məsələ bir-birindən fərqləndirilir. Birincisi, törədilmiş inzibati xətanın hüquqi qiymətləndirilməsi və onun ağırlıq dərəcəsidir. İkincisi isə həmin xəta üzrə cərimənin konkret şəxs üçün pul ifadəsində müəyyən edilməsidir. Bu yanaşmada gün vahidlərinin sayı xətanın ağırlıq dərəcəsinə uyğun olaraq müəyyən edilir, bir gün vahidinin pul dəyəri isə şəxsin rəsmi gəliri əsasında hesablanır. Nəticədə eyni xəta üzrə gün vahidlərinin sayı sabit qala bildiyi halda, cərimənin yekun məbləği şəxsin iqtisadi imkanlarına uyğun olaraq fərqlənir.

    Bu yanaşma cərimənin fərdiləşdirilməsini əlavə inzibati mülahizədən deyil, əvvəlcədən qanunla müəyyən edilmiş obyektiv meyardan asılı edir. Gün vahidlərinin sayı Xüsusi hissənin müvafiq normasına daxil edilir, şəxsin gündəlik gəliri isə dövlət informasiya sistemlərində əks olunan rəsmi gəlir məlumatları əsasında hesablanır. Nəticədə qərar qəbul edən vəzifəli şəxsin gün vahidlərinin sayını və ya şəxsin gəlirinə uyğun cərimə məbləğini öz mülahizəsinə əsasən müəyyən etməsinə ehtiyac yaranmır.

    Gün vahidlərinin tətbiqində əsas məsələ onların sayının necə müəyyən edilməsidir. Bu rəqəm təsadüfi seçilməməli və yalnız cərimənin arzu olunan məbləğindən çıxış etməklə müəyyən edilməməlidir. Gün vahidlərinin sayı inzibati xətanın xarakterini və ağırlığını ifadə edən mövcud normativ göstəricilərlə əlaqələndirilməlidir.

    Davamı var

     


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ