Bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva deyib.
O, körpələrdə diş çıxarmasının ümumi əlamətləri barədə məlumat verib: “Dişlər çıxdıqda diş ətlərinin həssas olması normaldır. Kəsici dişlər və azı dişləri, adətən, daha çox narahatlıq (diskomfort) törədir. Dişçıxarma ağız suyunun artmasına və bu da ağız ətrafında dəridə səpgilərə səbəb ola bilər. Belə hallarda ağız ətrafını təmiz və quru saxlamaq, qoruyucu kremlərdən istifadə etmək tövsiyə olunur. Bəzən isə ağız suyunun artması öskürəklə müşahidə edilir. Əgər öskürək davam edərsə və ya qızdırma olarsa, pediatra müraciət etmək lazımdır. Dişçıxarma zamanı hərarət, əsasən 37-37,8 dərəcəyə qədər yüksələ bilər. Körpələr dişçıxarma müddətində diş ətlərinə təzyiqi azaltmaq üçün dişləyir və çeynəyirlər. Soyuq dişçıxarma oyuncaqlarından istifadə edilməsi tövsiyə olunur. Diş əti ağrısı isə yanaqlara və qulaqlara yayıla bilər. Körpəyə yardım kimi diş ətlərini təmiz barmaqla yumşaq bir şəkildə ovuşdurmaq (masaj etmək) və pediatrın tövsiyə etdiyi yaşa uyğun ağrıkəsicilərdən istifadə olunmalıdır”.
Gülnaz Ağayeva qeyd edib ki, əgər müəyyən bir dişin çıxması 6 ay gecikirsə (yəni çənə mərkəzi kəsici dişlər 16 aya qədər çıxmayıbsa) və ya asimmetrik diş çıxması varsa, normal variasiyadan başqa səbəblərin qiymətləndirilməsi tələb oluna bilər. Dişçıxma vaxtında dəyişikliklərin çoxsaylı səbəbləri var, o cümlədən qlobal populyasiyalar arasında fərqlər də mövcuddur: “Dişin çıxmasında gecikmələr ailəvi, genetik, endokrin, raxit, mübadilə pozuntuları xəstəlikləri səbəbindən baş verə bilər. Dişin tamamilə çıxmaması müxtəlif səbəblərdən də olur. Ən çox müşahidə edilən səbəb isə yod çatışmazlığıdır. Həmçinin müxtəlif vəziyyətlər, sindromlar və genetik variasiyalarla əlaqələndirilir. Rentgenoloji qiymətləndirmə isə dişin çıxmasında anormallıqların səbəbini müəyyən etməkdə faydalıdır”.
