Alqışlayıb sonaların kamalını,
Sən diriltdin Mir Cəlalın nidasında
“İtə atar, yada satmaz!” amalını.
Tüğyanların ümman-ümman, Azərbaycan!
Dünya bir yan, sən bir yansan, Azərbaycan!
Akif Azalp
Şah Xətai yurdunda dünyaya göz açan, saçayrımına bənzəyən Xan Arazı keçib gələn, gəncliyinin təravətli illərini dahi Nizami yurdunda keçirən görkəmli ədib Mir Cəlal Paşayev (Cəlal Əli oğlu Paşayev) zəngin ədəbi irsi ilə xalqımızın qəlbində əbədiyyətə qovuşmuşdur. Görkəmli ədib həyatımızın və məişətimizin müxtəlif sahələrini özünəməxsus məharətlə təsvir etmiş, əsərlərində vətənpərvərlik, beynəlmiləlçilik motivləri başlıca rol oynamışdır.
Mir Cəlal gənclik illərində ədəbi yaradıcılığa başlamışdır. O, “Dirilən adam”, “Təzə şəhər”, “Yolumuz hayanadır”, “Bir gəncin manifesti”, “Açıq kitab və s. irihəcmli roman və povestlər, bu günümüzlə səsləşən maraqlı hekayələr yazmışdır.
Onun hətta hekayələri də vətənpərvərlik ruhunda qələmə alınmışdır.
Mir Cəlal Paşayev hüquqşünas olmamasına baxmayaraq öz yazılarında rüşvətxorluğun mahiyyətini açmağa cəhd edirdi. Məsələn, “Ay İsmayıl, başa sal” hekayəsində müəllif yazır: “Deyirlər, rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər, rüşvət.
Bir də var ki, mənim nazir rəisi-filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi adamlar güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni, nə?”.
Mir Cəlal müəllim sadə dillə oxucusuna rüşvətin mahiyyətini açmağa çalışır, tam məsuliyyətimlə deyə bilərəm ki, bir çox “hüquqşünaslardan” fərqli olaraq bu çirkin əmələ bir növ sadə, anlaşılan dildə şərh verir, yazıda Rütubət xanımın özbaşınalıqlarından bəhs edir.
Mir Cəlal müəllim öz yazılarında dövlət qurumlarında çalışan bürokrat, hissiyatsız və heysiyyətsiz məmurları da hədəfə almışdır. Onun “İclas qurusu” yumoristik hekayəsindəki personaj və bu kimi fərdlər bu gün də bizim aramızdadırlar və bəzi dövlət strukturlarında çalışmaqdadırlar.
“Əncil qurusu, ərik qurusu, zoğal qurusu – bunlar çox olur, iclas qurusu isə tək-tək olur.
Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu çəkən, həyat hisslərini itirən.
İclas qurusunu siz tanıyırsınız. Adını bilməsəniz də, özünü yaxşı tanıyırsınız. Arıq bədənini qabağa əyib dizini bükərək, sürətli addımlarla gedən adamı siz küçədə, idarə qapılarında, pilləkənlərdə çox görürsünüz.
O haraya tələsir. İclasa!
Qoltuğundakı boz, sürtülmüz qovluq, səliqəsiz yığılmış kağız-kuğuzla doludur.
Bunlar nədir. Protokol! O bütün ömrü boyu başıaşağı, dünyadan bixəbər, qaşqabaqlı, sifəti bulud kimi tutulmuş, fikirli gəzir.
Nəyi düşünür. Qərarı!”.
Yazıda hətta bu personajın qızına elçi gələnlərdən anket doldurmalarını, evlilik təklif edən sürücü Əsgərdən ərizəsini, şəxsi işini, şəklini təqdim etməsini tələb edir.
Necə də düzgün təsvir edilmişdir. Belə personajlarla bu gün də addımbaşı rastlaşırıq, üz-üzə gəlirik. Deyilmi?
Öz dərin məzmunu ilə oxucularını düşündürən əsərləri, böyük rus ədibi N.V.Qoqolun əsərləri ilə oxşarlıq yaratsa da psixoloji aləmi və milli koloriti ilə fərqlənmişdir. Onun 1942-ci ildə qələmə aldığı “Çupçik” adlı hekayəsi buna misal ola bilər.
Məmməd Arif isə qeyd edirdi ki, onun (Mir Cəlal Paşayev nəzərdə tutulur) satirik qələmində bəzən C Məmmədquluzadənin, bəzən də, Ə. Haqverdiyevin cizgilərinə rast gəlirik. Lakin Mir Cəlalın yumor və satirası özünəməxsusdur. “Bostan oğrusu”, “Möhür”, “Qoltuq radiosu”, “Mərd və namərd” və s. bu səpkidə qələmə alınmış hekayələrdəndir.
Mir Cəlal Paşayevin 1938-ci ildə yazdığı “Müalicə” hekayəsində incə yumorla verilmiş bir epizod xüsusilə diqqət çəkir. Yaşlı ana həkimin qəbuluna gələndə qarşısında uca, uzun pilləkənləri görür və tərəddüd edir. Həkim isə onu sakitləşdirərək pilləkənləri piyada çıxmayacağını deyir. Ana öz təbii sadəliyi ilə “zəhmət çəkmə, özüm çıxaram” deyə cavab verir və vəziyyətə öz məntiqi ilə yanaşır.
Hadisənin yumorlu məqamı isə həkim düyməni basıb liftin qapısını açanda başlayır. Onlar yuxarı qalxdıqca, mərtəbələri bir-bir geridə qoyduqca, bu hərəkət anaya elə təsir edir ki, sanki adi bir qalxma yox, qeyri-adi bir yüksəliş baş verir. Mir Cəlal bu anı elə bir incəliklə təqdim edir ki, oxucuda belə bir təəssürat yaranır: elə bil ana həmin an “Həzrət İsa kimi qeyb olmağa” doğru gedirmiş kimi hiss edir.
Bu səhnənin gücü ondadır ki, ədib texnologiyanı yox, insanın ona verdiyi reaksiyanı yumorla göstərir - sadə, təbii və təbəssüm doğuran bir müşahidə kimi.
Onun “Göz”, “Peşmançılıq”, “Kərpic məsələsi”, “Gözün aydın”, “Badamın ləzzəti”, “Anket Anketov”, “Əməli saleh”, “Vətən oğlu” kimi hekayələri bu gün də sevilə-sevilə oxunur.
Vətən oğlu hekayəsində əsl vətənpərvərlik ideyası böyük ilhamla qələmə alınmışdır. Yaxın və uzaq ellərdə vuruşan hər bir azərbaycanlının obrazını canlı yaratmışdır.
Vətənə, anaya əvəzolunmaz sevgi onun yaratdığı əsərlərdə xüsusilə qabarıq şəkildə diqqəti çəkir. Məsələn, “Vətən yaraları” hekayəsində ədib qeyd edirdi ki, bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya başdan-başa bir cənnət olardı.
Bu gün ərköyün övladlarla bağlı həyatımızda baş verən reallıqlar ötən əsrin 60-cı illərində də mövcud olmuşdur. Belə ki, atalarının vəzifəsinə arxalanan bəzi analarının gül balaları özlərini toxunulmaz sayaraq cəmiyyətə qarşı hörmətsizlik nümayiş edərək iki nəfər ağxalatlı zirək qıza qarşı xuliqanlıq hərəkətlərinə yol vermiş və törətdikləri əmələ görə heç bir məsuliyyət daşımamışlar. Lakin Mir Cəlal müəllim belə hallara biganə qalmamış, əqrabaları vəzifə başında olan övladların qanunsuz hərəkətlərini, vəzifələrini itirdikdən sonra da onların öz başlarına nələr gəldiyini öz yazısında açıqlamış, Dünyamalıyev, Aşumov kimi vəzifə sahiblərinin əməllərini geniş oxucu kütləsinin müzakirəsinə çıxarmış və belə hərəkətlərə öz etirazını bildirmiş, öz vətəndaşlıq mövqeyini ortaya qoymuşdur.
Mir Cəlal müəllim ömrünün gənc çağlarında başı ərşə dayanan Şah dağının qoynunda, haylı-haraylı Şəmkir çayının sahilində yerləşən Gədəbəydə 1928-1930-cu illərdə müəllimlik etmiş, hətta yaşlı adamlara da yazıb-oxumaq öyrətmişdir. Həmin adamların deməsinə görə Gədəbəydə ilk yeddi illik məktəbin yaranmasında Mir Cəlal Paşayevin böyük rolu olmuşdur.
Hazırda həmin məktəbdə ədibin xatirəsinə həsr olunmuş, adına layiq bir guşə yaradılmışdır.
Xalqın maariflənməsi yolunda daim əbədi nur saçan Mir Cəlal müəllim xalqına sədaqətlə xidmət etmişdir. Həmişə xalqını gözüaçıq, alnıaçıq, zehniaçıq görmək ədibin məslək və amalı olmuşdur.
Hazırda sağ olan, Gədəbəyin yaşlı nəslinin nümayəndələri Mir Cəlal müəllimi çox sadə, təvazökar və nəcib insan kimi xatırlayırlar. Tanınmış şair İlyas Tapdıq hələ ötən əsrin 90-cı illərində Mir Cəlal müəllimin sadəliyini, insani keyfiyyətlərini belə xarakterizə etmişdir:
Mir Cəlal müəllim sahili gəzər,
Neçə müsahibə qulaq asardı;
İnsanın dərdini gözündən sezər,
Xoş sözlər söyləyib, könül açardı.
Şair Dəmir Gədəbəyli isə Mir Cəlal müəllimi belə təsvir etmişdir:
Müqəddəs bir adı daşıdı, getdi,
Düzlüyün bir məhək daşıydı, getdi.
O, elmin, sənətin pərvanəsiydi,
Özü düz, sözü düz yaşadı, getdi.
Əslən Gədəbəydə doğulub boya-başa çatan, ixtisasca müəllim olan, hazırda Siyəzən rayonunun Məşrif kəndində yaşayan Çingiz Dalğın Mir Cəlal Paşayevin sadəliyini, insani keyfiyyətlərini belə xarakterizə etmişdir:
Gədəbəydən düşdü həyat yolların,
Bilmədin nə qismət, bu necə işdi
Ömrünün ən şirin, gözəl çağları,
Bu gözəl mahalın payına düşdü.
Elmin yollarına nur, işıq saçdın,
Qayğın, əziyyətin bir ümman oldu.
Dağlarda yaşayan dağ oğulları
Neçə əsərinə qəhrəman oldu.
Alimlər diyarı oldu bu Vətən
Əmək, zəhmətiniz getmədi hədər.
Adınız-sanınız, təbiətiniz
Qalıb yaddaşlarda indiyə qədər.
Könlümüzdə hər an yeriniz bəlli
Dillərdə dolaşan adın-sanın var
Gədəbəy mahalı unutqan deyil
Sizi heç bir zaman unutmadılar.
Nənələrinin, babalarının xoş xatirələrini eşidən gənc nəslin nümayəndələri, məktəblilər bu maarifpərvər insanın xatirəsini böyük ehtiramla yad edirlər.
Mir Cəlal müəllim Gədəbəydə olan günlərini belə xatırlayırdı: “...Heç xəyalıma da gətirməzdim ki, bir vaxt güzarım bu yerlərə - Gədəbəyə düşəcək. İlk dəfə sinif jurnalını qoltuğuma vurub, müqəddəs sandığım müəllimliyə burada başlayacağam. Bu, mənim əmək fəaliyyətimin, yaradıcılıq bioqrafiyamın başlanğıcı olacaq.
...Gədəbəyin təbiəti də, insanları da bir-birinə çox oxşayır - saf, duru, əsrarəngiz... Gədəbəy halal, mərdanə insanları ilə fəxr edib, edəcək də. Bu yerlərlə bağlı işıqlı xatirələrim ömürlük yaddaşıma yazılıb, yaddaşımda qalıb. O yerləri, ülfət bağladığım, hər addımda səmimiyyət gördüyüm, o dağ vüqarlı insanları heç vaxt unutmaram...
Gədəbəydə işlədiyim üç il həyatımın gözəl, unudulmaz illəri olub. Gədəbəyin ab-havası, rəngarəng, füsunkar təbiəti, gözəl, mərd insanları, onların mənə göstərdiyi qayğı, hörmət indi də yadıma düşəndə, kövrəlirəm, ürəyim riqqətə gəlir...”
Yazıçı-publisist Nahid Hacızadə isə Mir Cəlal müəllimin öz dilindən eşitdiyi xatirələrini belə ifadə edir: “Dağ adamları düz olur, halal olur. Mərd-mərdanə camaatı var Gədəbəyin. Orada çox hörmət-izzət görmüşəm. Ömrüm boyu o yerləri, o insanları unutmaram”.
Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal Paşayevi peyğəmbər təbiətli insan kimi dəyərləndirir. Daha sonra o, qeyd edir ki, xeyirxahlıq Mir Cəlal müəllimin canında, qanindaydı. Mir Cəlal müəllim insanpərvər idi, istedadlı adamların qədrini bilirdi.
O, Gədəbəydə müəllimlik etdiyi illərdə vaxtını boş-boşuna keçirməmişdi, bu yerlərlə bağlı bir sıra hekayələr də yazmışdır. Bu gün də “Kartoşka məsələsi”adlı hekayəsi, “Zavodun tərcümeyi-halı” (söhbət Gədəbəyin misəritmə zavodundan gedir) oçerki gədəbəylilərin dillər əzbəri olmuşdur.
Bildiyiniz kimi, Gədəbəy öz füsunkar təbiəti ilə yanaşı zəngin təbii ehtiyatlara malikdir. Hələ 19-cu əsrin 50-ci illərində Simens qardaşları Gədəbəyin bu ehtiyatlarına diqqət yetirmiş və bu ucqar rayonda nəinki Zaqafqaziyada, keçmiş Rusiya imperiyasında böyük mis zavodu tikib istifadəyə vermişlər. Düzdür, müasir texnologiyanı Gədəbəyə gətirməklə statistik məlumatları heç bir yerdə açıqlamadan rayonun təbii sərvətlərini talayıb aparmışlar. Əslən yəhudi olan Lev Polonski “Simens Qafqazda” yazısında alman qardaşların Gədəbəydəki fəaliyyətindən ağız dolusu yazır, lakin orada əslində nələr baş verdiyini o qədər də açıqlamır.
Lev Polonskidən fərqli olaraq, Mir Cəlal müəllim, artıq deyərdim bir Gədəbəyli kimi bu mədənin nə kimi fəsadlar törətdiyini, Sovet quruluşundan qabaq 31 il bu zavodda işləmiş Hüseyn əminin dili ilə ürək ağrısı ilə qələmə almışdır.
1931-ci ildə işıq üzü görmüş “Zavodun tərcümeyi-halı” oçerkində Mir Cəlal müəllimin Gədəbəy mis zavodu ilə bağlı kiçik qeydlərini oxucuların diqqətinə çatdırmaq istərdim.
“Uzun illər bundan qabaq qırmızı və xam misin qazanclı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur.
Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis “kraliçasının” malikanəsindən çıxandır.
Kraliça qapalı və yumşaq vaqonunda ixtiyarındakı 5000 işçinin tövşüyərək, işlədiyini seyr etməkdən xüsusi bir həzz duyardı.”.
Daha sonra, Mir Cəlal müəllim Hüseyn əminin dili ilə mis zavodunun tarixçəsini belə davam edir: “Mədənin omuzunda yatan qəbiristanlıq, illərboyu davam edən açıq və örtülü işçi qırğınlarının bir şahidi kimi durur. Bu məzarlığın daşlarında sinif mübarizəsinin dəhşətləri oxunur. Zavod sahiblərinin biyarından qorxaraq qaçan Düzyurd, Qumlu kəndliləri sakit dərələrə, quldurlu meşələrə, xaraba kazarmalara yığışardılar.”.
Əgər saatda 142 qəlib xalis mis çıxdığı nəzərə alınsa, Simens qardaşlarının işlədikləri dövr ərzində nə qədər varidat əldə etdiklərini hesablamaq o qədər də çətin deyil.
Ədib fikirlərini Hüseyn əminin dili ilə davam edir: “Bu dərələrin acı bir keçmişi vardır. Oturduğumuz yer Naltökən deyilən bir çökək, İsrafil ağanın qoyun yatağı idi.”.
Daha sonra oçerkdə mis mədənində təhlükəsizlik texnikasına əməl edilmədiyinə görə 17 külfətin həlak olması ürək ağrısı ilə qeyd edilir.
Mir Cəlal müəllim fikirlərini Hüseyn əminin dili ilə belə yekunlaşdırır: “Yaz, başdan yaz ki, bu göyləri döyüşə çağıran mis zavodunun hər kərpici bir igidin qanı ilə yoğrulub, sümüyü ilə bərkimişdir”.
Mir Cəlal müəllim bu qeydlərini kağıza köçürəndə artıq ədəbiyyatşünas kimi deyil, bir tarixçi, tədqiqatçı kimi mis mədəninin qısa tarixini kiçik oçerkində ürək ağrısı ilə oxucusunun diqqətinə çatdırmışdır.
Onun yaradıcılığında Vətən sevgisi, xalqına bağlılıq kimi bəşəri duyğular dərin təsir qüvvəsinə malik realist lövhələrlə verilmişdir.
Doğma Vətənimizə yadellilərin müdaxiləsi, görkəmli ədibi daima hiddətləndirmiş, bir an belə rahat buraxmamışdır. Onu düşündürən Azərbaycanın müstəqilliyi və bütövlüyü olmuşdur. Bu nisgillə yaşayan ədib qeyrət qalasına bənzəyən təkrarolunmaz - “Bir gəncin manifesti” əsərini araya-ərsəyə gətirmişdir.
Xalq yazıçısı Mehdi Hüseyn qeyd etmişdir ki, Mir Cəlalın “Bir gəncin manifesti” əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının ən yüksək mərhələsi idi.
Professor Firudin Hüseynov isə öz xatirələrində Mir Cəlal müəllimlə bağlı qeyd edirdi ki, bədii əsərlərindən ən çox istədiyi, övladları qədər sevdiyi “Bir gəncin manifesti” romanından tez-tez söhbət açsa da, bunu da yazıçılığını gözə soxmaq üçün eləmirdi, roman janrında yığcamlığa əməl etmək baxımından nümunə göstərirdi...
Ədib əsərində dünyanı bir yumru top gözündə görən ingilislərin azğın niyyətlərini böyük ustalıqla təsvir etmişdir.
Əsərdə maddi zənginliyi hər şeydən uca tutan, özümüzə qənim kəsilən tacir obrazını müəllif məharətlə yaratmış, xalqımızı milli birliyə çağırmışdır. Xalqının ağır güzəranını, haqsızlığı, rüşvətxorluğu, özbaşınalığı, ümumiyyətlə bu məşəqqətli qəm bazarında bütün insanların həyat tərzi məharətlə oxucusuna çatdırılmışdır.
Milli sərvətimiz olan “Yusif-Züleyxa” xalçasını bazara satmağa aparan Sona obrazı əsl vətənpərvərlik nümunəsidir. Oğlu Mərdanı həbsdən qurtarmaq naminə iyirmi ildən artıq evində saxladığı “Yusif-Züleyxa”sını satmağa gətirən Sonanın ingilisi görəndə ürəyində bir ikrah hissi baş qaldırır. Tacir nə qədər çalışırsa Sona böyük qürur hissi ilə:
- İtə ataram, yada satmaram! – deyir.
Bu qəti rədd cavabı Sona obrazında milli oyanış idi.
Namuslu, qeyrətli ananın qətiyyəti yüzlərlə vətəndaşın sevinci Azərbaycan xalqının yadellilər üzərində qələbə təntənəsi idi.
Müəllif bu əsəri ilə ədəbiyyatımızda milli birlik ideyası ilə səsləşən, təməli möhkəm olan möhtəşəm bir abidə ucaltmışdır.
Bəli, bu gün fəxrlə deyə bilərik ki, görkəmli ədibin istək və arzuları çin olmuş, müstəqil Azərbaycanın üçrəngli bayrağı ucalmışdır.
Beləliklə, Mir Cəlal yaradıcılığında Vətən sevgisi möhkəm təməli olan sütunlar üzərində dayanmışdır.
O, tutduğu yolun doğruluğuna qəti şəkildə inanırdı və bundan ötrü hər bir məşəqqətə dözməyə hazır idi, çünki o, öz yolunu birdəfəlik seçmişdir: xalqa, Vətənə xidmət.
Sənətkarın doğum günü ərəfəsində inamla deyirik: Mir Cəlal yaşayır, Mir Cəlal öyrədir!
Məqaləni xalq şairi Balaş Azəroğlunun fikirləri ilə yekunlaşdırmaq istərdim: “Mir Cəlal müəllim dünyasını çox tez dəyişdi. Ancaq o. bir ömürdə neçə ömür yaşadı: gözəl bir alim, qüdrətli sənətkar və ən başlıcası, ləyaqətli və heç zaman unudulmayan bir insan ömrü...”
ELDAR ƏSGƏROV (ŞƏKİBƏYOV)
hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
