hüquqşünas, Dövlət qulluğunun baş müşaviri
4-CÜ HİSSƏ
Danimarkada belə xidmət sadəcə mülki ixtisas üzrə işdir. Belə işlərdən əldə edilən bütün gəlirlər hərbi büdcəyə yönəldilir. İtaliyada bu məsələ daha da sadələşdirilib. İdeoloji səbəblərdən orduya çağırılmayanlar hərbi ehtiyaclar üçün xeyli vergi ödəyirlər.
Hazırda Danimarkada orduya çağırış mövcuddur (hərbi xidmətə çağırış yaşı 18-dən 30-a qədərdir). Əslində bu, sırf könüllüdür. Kral alayında xidmət etmək istəyənlər hətta iki ilə qədər növbə gözləməli olurlar.
Hərbi xidmət zamanı hərbi qulluqçular harada xidmət etmək istədiklərini özləri seçirlər. Onlar yaşadıqları yerdən uzaqda və ya yaxında yerləşən alayı seçə bilərlər.
Danimarka vətəndaşların hərbi xidmətdən imtina etmək hüququ dövlət tərəfindən tanınır.
1981-ci il mayın 15-də Danimarkanın paytaxtı Kopenhagendə vaxtı ilə alternativ xidmət keçmiş vətəndaşlar ilk beynəlxalq toplantıya toplaşaraq bu tarixi əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin günü kimi qəbul etmişdilər.
Danimarkada alternativ xidmət 6 ay davam edir.
Birinci Dünya müharibəsi dövründə Birləşmiş Krallıqda 16.000-dən çox insan əqidəsinə görə hərbi xidmətdən imtina etmişdir, ABŞ-da isə bu cür imtina edənlərin sayı 40008-ə yaxın olmuşdur. Müharibənin sona çatması ilə səfərbərlik sistemi və hərbi xidmətdən imtina haqqında müvafiq qanunvericilik normaları ləğv edilmiş, əqidəsinə görə hərbi xidmətdən imtina etdiklərinə görə həbsxanaya yerləşdirilən şəxslər cəza çəkməkdən azad edilmişdilər.
Böyük Britaniyada (1960-cı ildən), Belçikada (1995), Niderlandda (1996), İspaniyada (2001), Macarıstanda (2004), Portuqaliyada (2004), İtaliyada (2005), Çexiyada hərbi xidmət könüllüdür. (2005), Polşa (2009), İsveç (2010), Albaniya, Bolqarıstan, Rumıniya, Sloveniya, Xorvatiyada hərbi xidmətə çağırış yoxdur. İslandiyada isə hətta Silahlı Qüvvələr belə mövcud deyil.
Fransa və İspaniyada alternativ xidmət o qədər populyar olmuşdur ki, hərbi xidmətin ləğvinin səbəblərindən birinə çevrilmişdir. Həddən artıq çox kişi cinsli vətəndaşlar hərbi xidmət əvəzinə mülki xidmətlə məşğul olmağa üstünlük verirdi.
Cənubi Koreyada hərbi çağırış 21 aydan 24 aya qədər davam edir. Sağlamlıq səbəbi ilə alternativ xidmət keçmək də mümkündür. Bu xidmət iki il davam edir və dövlət orqanlarında və sosial təminat təşkilatlarında keçirilir. Əgər insan yüksək peşəkar keyfiyyətlərə malikdirsə, o zaman seçdiyi yerdə 34 ay müddətinə alternativ xidmət keçə bilər.
2009-cu ildə pasifist və ya dini inanclarla (məsələn, dindar Buddistlər üçün) alternativ xidmətə icazə verilməsinin mümkünlüyü barədə sual qaldırıldı. Lakin Cənubi Koreyanın konstitusiya və ali məhkəmələri belə qənaətə gəlmişlər ki, hərbi xidmətdən imtina insan hüququ deyil və istənilən halda milli təhlükəsizlik fərdi vətəndaşın seçimindən üstündür.
2020-ci il iyunun 30-da Cənubi Koreyada rəsmən alternativ xidmət üçün müraciətlərin qəbuluna başlanılmışdır. 2020-ci ilin oktyabr ayında alternativ xidmət keçən ilk partiya 36 aylıq xidmətə başlamışdır. Artıq alternativ xidməti seçən vətəndaşlar təqribən iki il hərbi xidmət keçmək əvəzinə üç il həbsxana və təcridxanalarda işləməli olurdular.
Cənubi Koreyada Yaponiyanın işğalı zamanı, 38 nəfərdən ibarət olan bir qrup Yehova Şahidlərinin Yaponiya ordusunda xidmət etməkdən imtina etmələrinə görə həbs edilmələri narahatlıq doğurmuşdu. Koreya Müharibəsi başa çatdıqdan sonra, əksəriyyəti Yehovanın Şahidləri olan təxminən 19 min Koreya vətəndaşı hərbi xidmətdən yayındıqları üçün həbs cəzasına məhkum olmuşdular.
Alternativ xidmətlə bağlı arqumentlər uzun müddət qızğın mübahisələrə səbəb olsa da, 2018-ci ildə Cənubi Koreyada Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin mühüm qərarları vətəndaşların əqidələrinə görə hərbi xidmətdən imtina etmək hüquqlarını faktiki olaraq tanımışdır. Konstitusiya Məhkəməsi hökumətdən 2019-cu ilin sonunadək alternativ xidmətin tətbiqini tələb etmişdir. Hökmdən keçən təxminən bir il ərzində Cənubi Koreya əvvəllər hərbi xidmətdən boyun qaçırdığına görə məhkum olunmuş yüzlərlə vətəndaşını əfv etmiş və həbsdə olanları azad etmişdir.
Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, Cənubi Koreyanın 36 aylıq alternativ xidməti müddətinə görə dünyada ən uzun xidmətdir. Qeyri-hökumət təşkilatları hətta bunu “alternativ cəza” adlandırır, digərləri isə alternativ xidmətin idarə edilməsinin bundan sonra da Silahlı qüvvələrin tərkibində qalacağından narahat olduqlarını bildiriblər. Bu, hərbi xidmətə etiraz edənlərin pasifist niyyətləri ilə də ziddiyyət təşkil edə bilər.
MDB-yə daxil olan bir sıra ölkələrdə də bu xidmətə aid qanunlar mövcuddur. MDB-də alternativ xidmətin iki modeli mövcuddur: Avropa və Asiya modelləri. Ukrayna və Moldova Avropa modelinə daxildir. Niderland, Portuqaliya, Danimarka və başqa ölkələrdə də bu xidmətə aid qanunlar mövcuddur. Bəzi ölkələrdə qeydiyyatdan keçmiş dini təşkilatlar alternativ xidmətdən yararlanırlar. Asiya modelinə daxil olan Qırğızıstan və Özbəkistanda isə ailə vəziyyətinə görə bu xidmət növü seçilir.
Çoxuşaqlı ailələr, məhkumluğu olanlar alternativ xidməti seçirlər. Bir sıra ölkələrdə isə alternativ xidmət keçənlər əmək haqlarının bir hissəsini dövlət büdcəsinə keçirirlər. Bu xidmət növünü seçənlər seçimlərini əsaslandırmalı, tutarlı faktlar göstərməlidirlər. Almaniyada belə bir qayda var idi. Şagirdlərə “mən nə üçün əlimə silah ala bilmirəm?” mövzusunda inşa yazdırırdılar. Bununla da alternativ xidmət keçənlər müəyyənləşdirilirdi. Aparılmız tədqiqatlardan belə nəticəyə gəlmək olardı ki, bu ölkədə alternativ xidmətə meyl göstərənlərin sayı çox azdır.
Azərbaycan Respublikasında isə Konstitusiyanın verdiyi hüquqdan istifadə edərək öz əqidəsinə görə həqiqi hərbi xidmət keçmək istəməyən vətəndaşlar alternativ xidməti seçə bilərlər.
Öz əqidəsinə görə həqiqi hərbi xidmət keçə bilməyənlər dedikdə, kimlər başa düşülməlidir? Burada ayrı-ayrı şəxslər, kimlərinsə qohum-əqrabası, uşaqları, özlərini toxunulmaz hesab edənlər başa düşülməməlidir. Uşaqlara gəldikdə, qeyd edilməlidir ki, elə uşaqlar var ki, qapalı şəkildə böyüyürlər. Belələri silahdan qorxur, Konstitusiyanın verdiyi hüquqdan istifadə edərək alternativ xidməti seçirlər. Alternativ xidmət həqiqi hərbi xidmətdən boyun qaçırmaq anlamına gəlməməlidir. Bu xidmət növünün də ciddi qayda-qanunları, özünəməxsus spesifik xüsusiyyətləri olmalıdır. Alternativ xidmət idarələrdə, müəssisələrdə və təşkilatlarda (Silahlı Qüvvələrdən və başqa silahlı birləşmələrindən kənarda) azixtisaslı və ya vətəndaşların istisasına uyğun işlərin görülməsi ilə bağlı xüsusi xidmətdir. Qanun qəbul edildiyi təqdirdə bu xidmət növünün yerlərini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. Alternativ xidmət qulluqçuları fikirləşməməlidirlər ki, onlar müəyyən olunmuş idarə və müəssisələrdə işlərini başa vurduqdan sonra axşam evlərinə qaydıb, sabah yenə də istədikləri vaxt xidmət yerinə gedəcəklər. Bu əsla belə deyil. Həqiqi hərbi xidmət keçənlərə şamil edilən nizam-intizam qaydaları onlara da aid olacaqdir. Xidmət müddəti ərzində hər bir alternativ xidmət keçmək arzusunda olan vətəndaşlar axşamlar da xidmət etdikləri ərazidə qalmalı olacaqlar.
2001-ci ilin yanvar ayında Avropa Şurasına qoşulmamışdan əvvəl Avropa Şurasının standartlarına riayət etmək üçün Azərbaycan bu təşkilat qarşısında öhdəliklər götürmüşdür. Bu öhdəliklərdən biri də məhz “qoşulduğu 2 il ərzində 2003-cü ilin yanvarına kimi Avropa standartlarına uyğun gələn alternativ xidmət haqqında qanun qəbul etməkdən ibarətdir.
2002-ci ildə Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaya görə, əgər şəxsin əqidəsi və ya dini hərbi xidmət keçməyə ziddirsə, onun alternativ xidmət keçmək hüququ var. Həmin ildə ölkə Konstitusiyasına dəyişikliklər edilərkən Əsas Qanuna alternativ xidmət anlayışı daxil edilmişdir.
2007-ci ilin aprelində AŞPA yenidən Azərbaycan hakimiyyətini alternativ xidmət haqqında qanunu qəbul etməyə çağıran qətnamə qəbul etmişdir.
Qeyd edilən məsələ bir neçə dəfə Ali qanunverici orqanın gündəliyinə daxil edilmişdir, lakin ölkəmizin müharibə şəraitində olması səbəbindən onun hələlik qəbul olunmasına zərurət olmaması qənaətinə gəlinmişdir. Bu, həqiqətən də vaxtı ilə düzgün qəbul edilmiş qərar idi.
Hələ 1992-ci il 31 iyul tarixdə Azərbaycanın müstəqillik əldə etdiyii kövrək dönəmində qəbul edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında” Əsasnamədə də xüsusi qeyd yer almışdır ki, Azərbaycan Respublikasının vətəndaşları alternativ xidməti (əmək mükəlləfiyyətini) dinc dövrdə keçirlər.
Milli Məclisin İnsan hüquqları komitəsinin 2024-cü il 29 fevral tarixdə keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində “Alternativ xidmət haqqında” Azərbaycan Respublikası Qanununun hazırlanaraq qəbul olunması təklif edilmişdir.
Bir həqiqət vardır ki, əgər hər hansı bir qanun ən azı bir ölkə vətəndaşının hüquqlarını qoruyursa, onda bu sənədin qəbul edilməsinə böyük ehtiyac duyulur. Belə normativ hüquqi aktlardan biri də məhz “Alternativ xidmət haqqında” Azərbaycan Respublikası Qanunu olmalıdır.
Fikrimizcə, qanunun qəbul edilməsi cəmiyyətdə birmənalı qarşılanmayacaqdır. Belə ki, bir qrup insanlar o fikirdə olacaqdır ki, bu Qanunun qəbul edilməsi Silahlı qüvvələrin sayına və tərkibinə təsir edəcəkdir. Digər qrup o fikirdə olacaqdır ki, çağırış yaşlı gənclər daha çox alternativ xidmətə üstünlük verəcəklər, bu sahəyə axın başlayacaqdır, başqa bir dini qrup isə öz sıralarına daha çox gəncin cəlb olunmasına çalışacaqlar.
Bununla bağlı bir sıra ölkələrin təcrübəsi maraq doğurur.
(Davamı var)
