Sizin reklam burada
Sizin reklam burada
  • ALTERNATİV XIDMƏT NƏDİR?

    Eldar Əsgərov (Şəkibəyov),
    hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

    3-CÜ HİSSƏ

    Qeyd etmək lazımdır ki, Almaniyada alternativ xidmət keçənlərin dörddə üçü birbaşa insanlarla işləyir - xəstəxanalarda, evsizlər üçün sığınacaqlarda, qocalar evlərində və əlillərə qulluq edirdilər.
    İkinci Dünya Müharibəsi illərində nasist Almaniyasında on minlərlə hərbi xidmətdən imtina edənlər güllələnməyə məhkum edilmişlər. 1997-ci il mayın 15-də Almaniya Parlamenti əqidəsinə görə hərbi xidmətdən boyun qaçırmağa və fərariliyə görə Üçüncü Reyx tərəfindən vaxtı ilə məhkum edilmiş və təqib olunan şəxslərin reabilitasiyası haqqında qərar qəbul etmişdir. Hal-hazırda bu tarix Hərbi Xidmətdən boyun qaçıranların (imtina edənlərin) Beynəlxalq Günü kimi qeyd olunur.
    Almaniya parlamentinin - Bundestaqın qəbul etdiyi qanuna əsasən, 2011-ci il iyulun 1-dən Almaniya Federativ Respublikasında hərbi xidmətə çağırış ləğv edilmişdir. Əvəzində çağırış yaşlı bütün sağlam kişi cinsli vətəndaşlar və qadınlar könüllü olaraq alman ordusuna xidmətə qəbul oluna bilərlər. Bu vaxta qədər hərbi xidmətə çağırılmalı olan, silahla nizami hissələrdə xidmət etmək istəməyənlər tərəfindən həyata keçirilən alternativ xidmət mövcud idi.
    Ehtimal olunur ki, bu qərar uzun müddət hərbi xidmətə deyil, alternativ xidmətə “işə qəbul edilənlərin” cəlb edilməsi zərurəti ilə əlaqədardır. Bu dövlətdə sosial xidmətin yüksək keyfiyyətlə təmin edilməsi məhz çağırışçıların hesabına mümkün olmuşdur. Gənclər xəstəxanalarda, qocalar evlərində, xilasetmə xidmətlərində və ətraf mühit təşkilatlarında çalışırdılar.
    Almaniyada alternativ xidmət xüsusi qanunla tənzimlənirdi. Hərbi xidmət bu ölkədə 12 ay, alternativ xidmətin müddəti isə 15 ay müəyyən edilmişdir. Bu xidmət federal dövlət qulluğu departamentinin nəzarəti altında həyata keçirilirdi. Qanun vicdanlı etirazı yalnız dini inanclarla əlaqələndirmir. Alternativ xidmət keçmə barədə qərarı yerli çağırış komissiyalarının nəzdində fəaliyyət göstərən xüsusi komissiyalar qəbul edirdi.
    Hazırda bu xidmət könüllü federal dövlət qulluğu adlanır, yəni arzusunda olanlar Bundesverdə silahsız xidmət edə bilər. Hər il könüllülük əsasında 35 min nəfərin hərbi xidmətə götürülməsi nəzərdə tutulmuşdur. Hazırda Almaniyada 3 milyona yaxın işsiz və müxtəlif ixtisasartırma kurslarında iştirak edən və işsiz sayılmayan çoxlu sayda yarımştat işçi var, ona görə də Bundesverdə müqavilə əsasında xidmət etmək istəyənlərin sayı kifayət qədərdir.
    Alman ordusunda layiqli maaş və sosial təminat almaq istəyən könüllülərin xüsusiyyətlərindən biri də onların nisbətən aşağı ixtisas səviyyəsidir. İşsizliyin mövcud olduğu ölkədə ixtisaslı işçi qüvvəsinin kəskin çatışmazlığı var. İxtisaslı kadrlar üçün Almaniyada bir neçə yüz min pulsuz iş yeri mövcuddur və mülki sahədə işə götürülməyənlər Bundesverə axışırlar.
    Hərbi çağırış ləğv edildikdən sonra bu sahədə işçi çatışmazlığını doldurmaq zərurəti yaranmışdır, çünki tam ştatlı işçilər ölkə üçün çox baha başa gəlir. Yeganə ümid yeri könüllülərədir. “Deutsche Welle”nin məlumatına görə hər il 30 mindən çox alman on iki aylıq mülki xidmətə və ya sosial sektorda könüllü işləməyə yazılır.
    Bununla belə, gözlənilən ömür uzunluğu və əhalinin sayı artdıqca, qocalara qulluq edən sosial işçilərə ehtiyac daha da artır.
    Fransada Sosial Müdafiə Nazirliyi tərəfindən idarə olunan alternativ hərbi xidmət, hərbi xidmətdən iki dəfə çox davam edir. Bunun üçün heç bir pul ödənilmir, yalnız kiçik miqdarda cib pulu verilir. Çox vaxt “alternativ işçilər” Fransanı tərk edib, məsələn, Afrikada işləməli olurdular. Onlar təhsillərindən asılı olaraq orada müəllim və ya texniki işlərlə məşğul ola bilərdilər.
    Fransada alternativ xidmətin təşkilinə unikal yanaşma mövcud idi. Məsələn, digər ölkələrdən fərqli olaraq alternativ xidmət keçənlər üçün yalnız az miqdarda cib xərcliyi verilirdi. Çox vaxt məsələn, Afrikada, keçmiş Fransa koloniyalarında işləmək üçün onlar Fransanı tərk etməli olurdular.
    1954-cü ildən 1962-ci ilə qədər Əlcəzairdə “ictimai asayişi bərpa etmək” üçün əməliyyat keçirən Fransa 20-ci əsrin ikinci yarısında qismən səfərbərlik elan etmişdir. Dördüncü Respublika hakimiyyətinin açdığı döyüşlər Fransa Milli Assambleyası tərəfindən yalnız 1999-cu ildə rəsmən müharibə kimi tanınmışdır.
    Əlcəzairdəki fransız müstəmləkə administrasiyası ilə Afrika dövlətinin müstəqilliyini müdafiə edən yerli qruplar arasında baş verən hərbi münaqişə üsyançıların hərbi məğlubiyyətinə səbəb olmuşdur. Eyni zamanda, siyasi baxımdan sonda Əlcəzair Fransanın buxovundan çıxmağı bacardı.
    Əlcəzair müharibəsi zamanı Fransada səfərbərlik elan edilmişdir. 1954-1962-ci illərdə 1,5 milyondan çox insan müharibəyə səfərbər edilmişdir. Həmin vaxt Fransada universal hərbi çağırış qüvvədə idi. Vətəndaşlar 18 ay orduda xidmət etməli idilər. Müharibəyə səfərbər olunanların bir qismi 18 aylıq xidmətdən sonra yenidən hərbi xidmətə çağırılırdı və 28 ay xidmət etməli olurdular
    O zaman Fransada hərbi xidmətdən imtina etmək və müharibəyə getməmək praktiki olaraq mümkün deyildi. Bu fərarilik hesab olunurdu. İki və ya daha çox usagı olanlar, qardaşı müharibə vaxtı Əlcəzairdə döyüşmüşlər və İkinci Dünya Müharibəsində valideynlərini itirmişlər müharibəyə aparılmırdılar.
    Məhz Əlcəzair Müharibəsi 1963-cü ildə Fransada əqidəsinə görə döyüşməkdən imtina etməyə icazə verən qanunun qəbul edilməsinə səbəb oldu.
    Eyni zamanda, müvafiq qanun qəbul edilsə də, o, hərbi xidmət keçməkdən imtina edənlərin xeyrinə deyildi. Prezident Şarl de Qoll sənədi belə şərh etmişdir: “Hərbi xidmətdən imtina haqqında qanun yaxşıdır, lakin əqidəsinə görə hərbi xidmət keçmək istəməyənlər mümkün qədər az olmalıdır”. Hər kəsə xidmətdən imtina etməyə icazə verilmirdi və bu, hərbçilərin iradəsindən asılı idi.
    Yalnız 20 il sonra, 1983-cü ildə yeni qanun qəbul edilmişdir. Bu qanun əqidəsinə görə döyüşməkdən imtina etməyə icazə verdi.
    İtaliya da hərbi xidmətin ləğvindən sonra oxşar problemlə üzləşmişdi. Bu gün də fəaliyyət göstərən Milli Dövlət Qulluğu Təşkilatı gəncləri “həyatlarının bir ilini başqalarına kömək etməyə həsr etməyə” çağırır. İtaliyada onlar qədim dövrlərdə tualetlərin təmizliyinə cavabdeh idilər.
    Bir sözlə, ordunun ümumi çağırış əsasında aparıldığı bütün ölkələrdə hər bir vətəndaş bu və ya digər şəkildə müdafiə işinə töhfə verməyə borcludur.
    Hərbi xidmətdən şüurlu şəkildə imtina edilməsi bir əsrdən az bir müddət əvvəl ən sərt şəkildə cəzalandırılırdısa, bu gün BMT səviyyəsində fikir və vicdan azadlığı hüququnun qanuni təzahürü kimi qiymətləndirilir.
    1988-ci ilin martında BMT-nin İnsan Hüquqları Komissiyası hərbi xidmətdən imtina hüququnu qanuni, hamı tərəfindən tanınmış fikir, vicdan və din azadlığı hüququ kimi tanıyan qətnamə qəbul etdi.
    Qanun qəbul etmək və əqidəsinə görə hərbi xidmətdən azad etmək üzrə tədbirlər həyata keçirmək barədə BMT 1995-ci ildə üzv dövlətlərə müraciət etmişdir.
    1995-ci ildə BMT əqidəsinə görə hərbi xidmət keçə bilməyən vətəndaşların alternativ xidmət keçmələri barədə bütün üzv ölkələri qanunvericilik aktlarını qəbul etmələrini və tədbirlər həyata keçirmələrini töfsiyə etmişdir.
    Lakin bu ana qədər əqidəsinə görə dövlətlər tərəfindən hərbi xidmətdən imtina edənləri cəzaya, o cümlədən həbsdən tutmuş ölüm cəzasına qədər cəzaya məruz qoyduğu bir çox hallar məlum idi.
    Əxlaqi, fəlsəfi, dini və ya digər əqidələrinə görə hərbi xidmət keçmələrini qeyri-mümkün hesab edən vətəndaşlar şüurlu şəkildə hərbi xidmətdən imtina edənlərdir. BMT-nin İnsan Hüquqları Komissiyası hərbi xidmətdən imtinanı “fikir, vicdan və din azadlığının qanuni şəkildə həyata keçirilməsi” kimi müəyyən edir.
    Alternativ xidmətlə bağlı İsveçrənin də təcrübəsi maraq doğurur. Bu ölkədə 19 yaşdan yuxarı bütün kişi cinsli vəətəndaşlar məcburi hərbi xidmətə cəlb olunurlar, hərbi xidmət müddəti isə 260 gündür. Ordudan azad olmaq üçün praktiki olaraq heç bir tutarlı səbəb yoxdur. Sağlamlığına görə xidmət etməyənlər cərimə ödəyirlər. Eyni zamanda, hərbi xidmətə çağırışdan azad olan bəzi kateqoriyadan olan vətəndaşlar üçün parlamentarilər hazırda hərbi xidmətin tətbiqinə nail olmağa çalışırlar.
    2009-cu ilə qədər alternativ xidmətə qəbul olmaq üçün xüsusi imtahandan keçmək lazım idi ki, bu da çağırışçının həqiqətən də onun silah götürməsinə imkan verməyən dini və ya pasifist inanclarının olub-olmadığını üzə çıxarmışdı. İndi belə hesab olunur ki, 390 gün xidmət etməyə hazır olmaq, inancın möhkəmliyinə kifayət qədər təsirli sübutdur.
    İsveçrəlilər əsasən xəstəxanalarda, yaşlılar və əlillər üçün sosial müəssisələrdə alternativ xidmət keçirlər. Bundan əlavə, onlar ətraf mühitin mühafizəsi proqramlarında və xarici missiyalarda iştirak edirlər.
    2012-ci ildə İsveçrədə hərbi xidmətə yararlı olan 15 minə yaxın gənc alternativ xidmət növünü seçmişdir. Onlardan iki yüzə yaxın insan alternativ xidməti xarici ölkələrdə keçirib. Hələlik bu seçim bir çoxlarına məlum deyil. Ərizəçiyə olan tələblər isə çox yüksəkdir.
    Xaricdə alternativ xidmət? Niyə də yox? Məsələn, İsveçrə Tropik İnstitutunda laborant və ya Afrikanın hər hansı bir yerində, Sərhədsiz Həkimlərin xidmətində olan yük maşını sürücüsü?
    Digər variantlar da var, məsələn, Braziliyada riyaziyyat müəllimi, günəş işığı ilə içməli suyun zərərsizləşdirilməsi üzrə mütəxəssis və ya nəhayət inkişaf etməkdə olan ölkələrdən birində quyu dizaynı sahəsində mütəxəssis kimi xidmət.
    Qeyd edilməlidir ki, ərizəçi üçün tələblər çox yüksəkdir. Hər şeydən əvvəl, tam peşə təhsili almaq və ya ən azı universitetdə iki kurs bitirmək lazımdır. Əlaqədar şəxs gələcək xidmət ölkəsinin dövlət dilini bilməli və xaricdə mükəmməl iş təcrübəsinə sahib olmalıdır.
    “Xaricdə iş təcrübəsi” dedikdə Braziliyaya karnavala və ya Baham adalarına getmək nəzərdə tutulmur. Ərizəçi ən azından dili və yerli reallıqları bilməlidir. Əgər gənc xidmətinin əlaqəli ola biləcəyi riskləri dərk etmirsə və oradakı həyatı düzgün qiymətləndirə bilmirsə, xaricdə hər hansı alternativ bir xidmətə razılıq verilmir, bu barədə söhbət də ola bilməz.
    2009-cu ildən etibarən isə çağırışçıların pasifist və ya dini baxışlarının həqiqiliyini sübut etmələrinə ehtiyac yoxdur.
    Avstriyanın da təcrübəsi xeyli maraq doğurur. Bu ölkədə alternativ xidmət 1955-ci ildən mövcuddur, o, sosial xidmətlərdə, o cümlədən qeyri-kommersiya xidmətlərində tamamlana bilər. Onun müddəti doqquz, hərbi qulluqçular üçün isə altı aydır.
    İsrail təcrübəsi xeyli maraq doğurur. Təxminən 10 milyon əhalisi olan İsrailin Silahlı qüvvələri dünyanın ən döyüşə hazır 10 ordusu arasındadır. 1947-ci ildə yaranmış yəhudi dövləti yarandığı ilk günlərdən onların döyüşə hazırlığının yüksək səviyyədə təmin edilməsi, o cümlədən səmərəli hərbi xidmət sisteminin yaradılması vəzifəsini ciddi qəbul etmişdir. O vaxtdan bəri orada çox az şey dəyişmişdir.
    Belə ki, İsrail qanunlarına görə kişilər 36 aylıq, qadınlar isə 24 aylıq hərbi xidmətə cəlb olunurlar. Onlarda hərbi xidmətə çağırış yaşı 18-27-dir. Ölkə vətəndaşları 17 yaşında ilk çağırış vərəqəsini alırlar. Onlar tibbi komissiyadan keçməlidirlər ki, ekspertlər onların hərbi xidmətə yararlılığını müəyyən edə bilsinlər. Xaricdə olan və möhlət hüququna malik olan çağırışçılardan müvafiq baş konsulluqlar vasitəsilə bunu əldə etmələri tələb olunur. Hərbi çağırışdan yayınmaq, İsrail qanunlarına görə ağır cinayət hesab olunur - buna görə 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur. Bundan əlavə, hərbi xidmət və ya hərbi xidmətdən yayınma halları məlumatlar bazasına daxil edilir və hərbi xidmətdən yayınanların gələcəyinə ciddi təsir göstərə bilər.
    İsraildə alternativ mülki xidmət də tətbiq olunur. O, dini inanc və ya sağlamlıq səbəbi ilə orduda xidmət edə bilməyənlər üçün hərbi xidməti əvəz edir. Alternativ mülki xidmətin standart müddəti 12 aydır, arzu edildiyi təqdirdə bu müddət uzadıla bilər. Maraqlıdır ki, güzəştlər baxımından “alternativçilər” səfərbər edilmiş vətəndaşlarla eyni hüquqa malikdirlər və hər ay qrant, həmçinin müəyyən məbləğin köçürüldüyü şəxsi depozit əldə edir. Xidmət bitdikdən sonra həmin depozit təhsil, ev almaq və ya biznes qurmaq üçün istifadə oluna bilər.
    Bəs orduda xidmət edə bilməyən və getmək istəməyənlər nə etməlidir?

    (Davamı var)

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ